8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Göyçay çayını və rayonun böyük bir hissəsini viran qoyanlar məsuliyyətə cəlb edilir; Yuxarı Şirvan kanalı ilə bağlı da ciddi təhlükə var; rayon mərkəzini, onlarla kəndi məmur-oliqarxların yaratdığı süni fəlakətdən xilas etmək üçün hansı işlər görülməlidir...
Göyçay sakinləri arasında artıq ironik bir zarafat formalaşıb: "Sən o taylısan, yoxsa bu taylı”... Səbəb hər kəsə bəllidir: İyunun 2-də Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonu ərazisindən keçən hissəsindəki körpü uçub. Bununla da rayon faktiki olaraq ikiyə bölünüb. Rayon əhalisi hələ aylarla, bəlkə illərlə - yeni körpü inşa edilənədək belə acınacaqlı vəziyyətdə qalacaq.
Rayon mərkəzindən keçən körpünün alternativi olmadığından Göyçayın 30 kəndinin mərkəzlə, habelə rayon mərkəzinin bir hissəsi arasında birbaşa əlaqəsi kəsilib. Çayda yaz fəslinə uyğun olaraq suyun səviyyəsinin artması ilə - yəni heç də böyük sel fəlakəti olmadığı halda körpünün niyə uçmasının, habelə çay sahilindəki əkin sahələrinin, evlərin yuyulmasının, 40 rayon sakininə ümumilikdə milyonlarla manat ziyan vurulmasının səbəbləri barədə ötən saylarımızda yazmışdıq. Qısaca qeyd edək ki, burada fəlakətli vəziyyətin yaranmasının səbəbi Göyçay çayının yatağında çınqıl-beton, qum karxanalarının kortəbii şəkildə çalışması, çayın təbii axarını məhv etmələridir. Buna dair ətraflı yazını müsavat.com saytından bu linkdən (http://musavat.com/news/goycaydaki-dehsetin-baiskarlari-ziya-memmedov-selim-muslumov-ve-atf-sirketi-videolar-fotolar_531378.html)oxuya bilərsiniz.
Əlbəttə, körpünün tamamilə keyfiyyətli olmasını da qətiyyən iddia etmək mümkün deyil. Amma burada problem təkcə körpü ilə bağlı deyil. Körpü əslində çox da keyfiyyətsiz olmayıb. Sadəcə, 2002-ci ildə bu körpü inşa edilərkən orada çayın məcrasının dərinliyi 3-4 metr idisə, 2018-ci ildə bu göstərici həmin ərazidə 25-27 metrədək süni şəkildə artırılıb. Körpünün istinad layları, dirəkləri çöldə qaldığından, həmçinin o dərinlikdə bərkitmə işləri aparılması tikinti aparılan zamankı ölçüyə müvafiq olaraq cəmi 6-7 metr dərinliyi əhatə etdiyindən su körpünü avtomatik olaraq yuyub dağıdıb.
Ancaq bu, fəlakətin birinci mərhələsidir və bu günlər ərzində apardığımız araşdırmalarımız zamanı bəlli oldu ki, əslində Göyçay rayonu daha böyük fəlakətlə üz-üzədir. Necə ki, hələ 3 il öncədən deyilirdi Göyçay çayında həyata keçirilən qanunsuz işlər dayandırılmasa fəlakət olacaq və oldu, eləcə də bundan sonra aşağıda qeyd edilən ağır fəsadlar, hətta faciələr gözlənilir. Çünki Göyçaydakı fəlakətin baiskarı təbiət hadisəsi deyil, məmur-oliqarxların qanunsuzluğudur! Yəni "sel gəldi rayonu yudu apardı” iddiası gülüncdür.
(Fotolardan 1-cisi Göyçay çayının eyni yerində 2002-ci, digəri 2018-ci ildə çəkilib. Dərinliyin fərqi azı 20 metrdir)
Sadəcə, Göyçay çayındakı çınqıl karxanalarından milyonlar qazanmaq üçün rayonu viran qoyan məmur-oliqarxlara aid şirkətlər bu fəlakəti ərsəyə gətiriblər. Əslində bu adamlar dövlətə, xalqa ziyanı ödəməkdən yaxa qurtarmaq üçün ən müxtəlif vasitələrlə belə rəy yaratmağa çalışırlar ki, guya sel gəlibmiş Göyçaya. Bəli, çayda su artıb. Amma bu qətiyyən sel deyildi və Göyçay çayı bundan 2 qat artıq suyu ötürüb. İndi, sadəcə, onun məcrası, yatağı karxanalarına görə süni şəkildə dərəyə çevrilib deyə, fəlakətlər baş verir.
Əgər çayın son 15 ildə məhv edilmiş, talanmış məcrası qaydaya salınmasa, karxanaların fəaliyyəti bir neçə illik tam dayandırılmasa, sonrakı illərdə isə çınqıl üçün xammal götürülməsində limit məsələsinə ciddi əməl edilməsə, çox keçmədən daha böyük faciələr baş verə bilər: onlarla kənd su altına qala, rayon mərkəzinin bir hissəsi tam yuyulub məhv ola bilər. Habelə, Göyçay çayı ilə Yuxarı Şirvan kanalının kəsişməsindəki düker (tunel) də çay suyunun altında qalıb. Əgər su bir müddət də onun üstü ilə axıb yuyarsa, bu tunel də partlayacaq. Bu zaman isə kanalın suyu Göyçay çayına qarışmaqla, azı 10 kəndi məhv edəcək, su altında qoyacaq. Həmin düker sovetlər dönəmində təxminən 6 ilə inşa edilib. İndiki müasir texnologiya ilə onun analoqunu bəlkə 2 ilə tikmək olar. Amma ora uçandan sonra bir neçə rayon - Ağsu, Kürdəmir rayonları, habelə Göyçay və Ucar rayonunun bir hissəsi su üzünə həsrət qalacaq. İki il ərzində bu rayonlarda səhralaşma baş verməsi mümkünsüz olacaq.
Və ən əsası, əgər çayın məcrası tənzimlənməsə, hazırda uçmuş körpünün yerində nə qədər möhkəm yeni bir körpü inşa edilsə də, Göyçay çayının yatağının mövcud vəziyyətində 3-5 il sonra bu körpü də uçacaq.
Göyçay çayında çayın məcrasının tənzimlənməsi çox sürətli şəkildə baş verməsə, müstəqil ekspertlərin verdiyi rəsmi rəyə görə, qısa müddətdə bu proses baş verəcək. Özü də müstəqil ekspertlər bu rəyi nə mediaya verib, nə də hansısa sakinin müraciətinə cavab olaraq. Bu, 2017-ci ilin noyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 40-dan çox zərərçəkmiş rayon sakininin etdiyi rəsmi müraciətin əsasında müstəntiqin aldığı rəsmi rəydir. Nəzərə çatdıraq ki, 2017-ci ilin sonunda rayon sakinləri çınqıl karxanalarının Göyçayı viran qoymasına, qarşıda fəlakətlər gözlənilməsinə, evlərinə ziyan dəyməsinə dair prokurorluğa müraciət ediblər. Həmin müraciət üzrə araşdırma aparılıb, deyilənlər təsdiqini tapıb və fakt üzrə cinayət işi başlanıb! Hazırda həmin işin istintaqı davam etdirilir. Araşdırmalar zamanı bəlli olub ki, 10 ildən artıqdır Göyçay çayının məcrasında qanunsuz olaraq fəaliyyət göstərən çınqıl karxanaları (onlardan 2-si sabiq nazir Ziya Məmmədova, 1-i sabiq nazir Səlim Müslümova, yatağı əsasən məhv edən bir neçəsi isə ATF adlı bir şirkətə məxsusdur) çayın yatağını bərbad hala salıblar, talayıblar, nəticədə körpüyə, çay sahilindəki evlərə təhlükə yaranıb. Hətta rəsmi orqanların vurduqları ziyana görə ATF şirkətindən təmir-bərpa işlərinə 6 milyon manat vəsait tələbi də var.
Məsələ ondadır ki, 2013-2014-cü illərdə bu təhlükədən müxtəlif dövlət orqanları məlumatlı olub və onların müraciəti əsasında Nazirlər Kabinetinin göstərişinə müvafiq olaraq Göyçaydakı qum-çınqıl yatağında vəziyyət araşdırılıb və orada istismar işlərinin dayandırılması qərarı verilib. Lakin buna baxmayaraq, sabiq nazirlərə, ATF MMC-yə məxsus karxanalar qanunsuz olaraq fəaliyyətini davam etdiriblər! Nəhayət, 2017-ci ildə bu təhlükə daha da artdığından evlərinə təhlükə yaranan şəxslər və rayon ziyalıları müvafiq strukturlara, o cümlədən Korrupsiyaya qarşı Mübarizə İdarəsinə növbəti dəfə müraciət edirlər. 2017-ci ilin may ayında Göyçay rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İ.Vəliyevin imzası ilə sakinlərə göndərilən cavabda yazılıb: "Bildiririk ki, Göyçay rayon icra başçısının 14 may 2014-cü il tarixli müvafiq sərəncamına əsasən, Göyçay çayı hövzəsində yerləşən qum-çınqıl karxanalarının fəaliyyətinin dayandılması istiqamətində onlara ayrılmış sahələrə görə bağlanmış torpaq icarə müqavilələri ləğv edilmişdir”.
Məktubda həmçinin yazılıb ki, sərəncamdan çıxarışlar da müvafiq şəxs və qurumlara göndərilib.
Belə çıxır ki, 2014-cü ildən sonra bu karxanalar tamamilə qanunsuz, özbaşına fəaliyyət göstəriblər. Məhz son 3 ildə isə onlar fəaliyyət sahələrini genişləndirərək, çayın yatağını varvarcasına talan ediblər. Hətta icra hakimiyyəti müqavilələri ləğv etdiyi halda, ATF şirkəti 2018-ci ilin yanvarında daha bir karxananın fəaliyyətinə başlayıb!
Çayın yatağını daha çox məhz ATF şirkəti sümürüb. Çünki bu şirkət həm də yol çəkilişləri ilə məşğuldur. Qaranlıq məqamlarla dolu tenderlərdə qalib edilən ATF ikiqat pul silmək üçün Göyçay çayını illər ərzində kortəbii şəkildə qazıb-dağıdıb, beton, çınqıl, qum ehtiyaclarını buradan ödəyib, müxtəlif regionlarda yol çəkilişlərində istifadə edib.
Karxanaların talanının miqyasını təsəvvür etmək üçün iki şəkil üzrə bir fakta diqqət yetirək: 2002-ci ildə Göyçay çayı üzərində körpü tikilən ərəfədə körpüdən şimala doğru hissəsində çəkilmiş fotodan (yazıya əlavə edilib-red.) da aydın olur ki, həmin vaxt burada çayın dərinliyi cəmi 2,5-3 metr civarındadır. Tarixən də həmin ərazidə çayın dərinliyi o qədər olub. Çünki çay təbii axınına mane olmadıqda, təbiət nizami ilə özünü tənzimləyə bilir. Uzun əsrlər boyu çayın dərinliyi maksimum 3 metrə çatıb.
Burada bir haşiyə çıxaq. Göyçay çayı məcrasında qum-çınqıl yatağının olması 1979-cu ildə aşkarlanıb. Sovetlər dönəmindən burada çınqıl zavodu fəaliyyət göstərib. Lakin buradan çınqıl istismarının bəlli qaydaları və limiti var, buna son 15 ilədək əməl edilib. Bu səbəbdən çayda hansısa dəyişiklik baş verməyib, təhlükə yaranmayıb. Lakin 2005-2006-cı illərdən sonra Göyçay çayı üzərində qurulan çınqıl karxanaları limit gözləmədən, habelə çayın məcrasını özlərinin gəlirlərini artırmaq üçün necə gəldi dəyişdirdiklərindən çayda qobulaşma, dərələşmə başlayıb.
Müstəqil ekspertlərin apardığı araşdırmadan sonra belə nəticə hasil olub ki, əslində hələ 2004-cü ildə Göyçay çayında "dağın dibi” deyilən ərazidə vurulan suötürücü bənd düzgün nizamlanmayıb! Belə ki, həmin bənd su axınının gətirdiyi qum-çınqılı tutub saxladığından çayın yatağına mütəmadi olaraq çınqıl-qum axını olmayıb. Karxanalar isə buna əhəmiyyət vermədən, çayda qum-çınqıl axınını təmin etmədən, 100 illərdən bəri toplanmış çınqıl-daş ehtiyatlarını xüsusilə 640 metr ərazidə yataqdan qazaraq daşıyıblar, dərinlik 2-3 metrdən 30, hətta bəzi yerlərdə 40 metrə çatıb.
Belədə, çay sahilindəki torpaqlar uçmağa başlayıb, habelə körpünün ətrafında dərinlik 25-27 metrədək artdığından bugünkü nəticə ortaya çıxıb.
Son olaylarda ATF şirkəti, Ziya Məmmədovun, Səlim Müslümovun şirkətləri prokurorluqda hazırda istintaq edilən cinayət işi üzrə məsuliyyətə cəlb ediliblər. Rayondakı mənbələr bildirir ki, bu məsələnin ciddi araşdırılmasına yüksək səviyyədə göstəriş verilib və obyektiv araşdırmaların sonunda həbslər də qaçılmaz olub. Artıq iyinin 2-də Göyçay çayı üzərində körpünün uçması ilə bağlı cinayət işi başlanıb.
APA-nın xəbərinə görə, faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.
Müəyyən edilib ki, "Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş "Real İnşaat” MMC tərəfindən 191 440 manat, "Elnicat” MMC tərəfindən 356 400 manat, "Azpod” MMC tərəfindən 950 400 manat, "Attinak” MMC tərəfindən 1 372 800 manat, "ATF” MMC tərəfindən 316 800 manat, "Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495 000 manat, "Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314 160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184 800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110 880 manat təbiətə ziyan vurulub.
Və bu həbslərin ardınca daha böyük fiqurların həbsi qaçılmazdır.
Qanunvericiliyin tələbləri, habelə reallıqlar da onu tələb edir ki, bu şirkətlər rayona, dövlətə, vətəndaşlara vurduqları 10 milyonlarla manat ziyanı ödəməlidirlər. Bu ziyanı dövlət onlara ödətdirməlidir, qanun belə deyir...
Müstəqil ekspert araşdırmasının nəticəsinə görə, bu gün baş verənlər əslində fəlakətin birinci mərhələsidir. Əgər çayın məcrası nizama salınmasa, yuxarıda qeyd edilən ağır fəsadlar qaçılmazdır.
Müstəqil ekspertlər bununla bağlı artıq təkliflər də hazırlanaraq müvafiq strukturlara təqdim ediblər. Bu məsələlər üzrə ciddi araşdırma aparan və təkliflər verən ekspert Samir İsayev də bildirir ki, birinci mərhələdə karxanaların fəaliyyəti dayandırılmalı, dərhal isə çayın su yuma təhlükəsi olan hissələrində bütün mümkün bərkitmə işlərinin aparılması gərəkir. Yeri gəlmişkən, Avropa ölkələrində yaşayış məntəqələrindən keçən çayların sahillərini, məcrasını, yatağını bəlli qayda üzrə tənzimləyirlər və həmin təcrübəni tətbiq etmək lazımdır.
Bundan sonra çayın məcrasının bu gün süni şəkildə endirilmiş 27-30 metrdən təbii axın vəziyyətinə - 3-4 metrə qaytarılması mütləqdir. Əlbəttə, bu tezliklə baş tutan məsələ deyil. Buna bir neçə il lazımdır. Belə ki, Göyçay çayının rayon ərazisində başlayan hissəsindəki - hazırda mövcud olan bənddən sonra mərhələli şəkildə və həndəsi silsilə üzrə suaşırıcı bəndlər vurulmalıdır. Məsələn, bir bənd vurulur və onun əhatələndiyi tutaq ki, 500 metrlik ərazi bir-iki il ərzində gələn qum-çınqılla dolur, həmin hissədə çayın məcrası - yatağı qalxır. Göyçay çayı həddən artıq qum-çınqıl gətirən dağ çayı olduğundan, sadəcə, onun pozulmuş təbii məcrasına bənd vurmaq və 2004-cü ildə kor-təbii vurulmuş bənddən qum-çınqılın keçməsinə imkan yaratmaq kifayətdir ki, çay özünü bərpa etsin.
Həmin ərazi dolduqdan sonra növbəti bənd daha aşağıda vurulmalıdır. Bu qaydada çayın məcrasını Göyçay ərazisində bir neçə ilə 2002-ci ildəki təbii səviyyəsinə qaytarmaqdan başqa çıxış yolu yoxdur. Bu edilməsə, rayonda fəlakətləri önləmək mümkün olmayacaq.
Ekspert Samir İsayev deyir ki, əslində Göyçayda çaydan su götürmək üçün inşa edilən bəndi tamamilə başqa formada qurmaq olar: "Bunun üçün Qəbələdəki Nohurgöl variantını təklif edirəm. Göyçayda da dağların arasında süni göl yaratmaq üçün ideal şərait var. Suvarma üçün sular çaydan ora vurulmalı və sonra ötürülməlidir. Bu, gələcəkdə turizm üçün də geniş imkanlar açır Göyçayda. İkincisi, Göyçay çayı min illərin çayıdır və onun 1-2 kilometrlik kənarlarının hamısı qum-çınqıl yatağıdır. Bu səbəbdən qum-çınqıl karxanaları xammal götürmək üçün asan varianta qaçıb çayın məcrasını dağıtmamalıdır. Göyçay çayının 1 kilometrlik sahillərində haranı qazsan qum-çınqıl çıxacaq”./musavat.com/