8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
EurasiaNet (ABŞ), 08.10.2018
Altıyaşlı Rəhimət Çubanova bu il anlamadığı dildə dərs keçilən məktəbə gedib. Anası rus, atası ləzgidir və ailədə rusca danışırlar. Hamının "Rima” çağırdığı Rəhimət "azərbaycanca danışmır və onu, demək olar, anlamır” – anası Marina Çubvanova deyir.
Amma Marina Rimanı öz şəhəri Sumqayıtda rusdilli məktəbə yazdırmağa çalışanda, orada boş yer olmayıb. Təhsil nazirliyinin yerli bölməsi qızı azərbaycanca tədris gedən sinifə yazmağı təklif edib və əlavə edib ki, oktyabrda rusdilli məktəbdə yer boşala bilər.
"O, azərbaycanca dərs oxuya bilmir, – Marina Çubanova deyib. – Ümid edirəm ki, onu rus sektoruna qaytaracaqlar” – Azərbaycanda rusdilli məktəbləri belə adlandırırlar.
Rimanın düşdüyü durum bu il nadir hal deyil. Ölkədə təhsilin əsas dili Azərbaycan dili olsa da, Təhsil Nazirliyinin məlumatına görə, indiyə qədər ölkənin bütün məktəblilərinin 10%-nin təhsil aldığı 300-ə yaxın rusca dərs keçilən ibtidai və orta məktəb var. Lakin bu il rusdilli məktəblərdə yer çatışmazlığı rusdilli ailələrdə güclü narahatlıq doğurub. Belə çatışmazlığın miqyas və səbəbləri aydın deyil. Ancaq yer qıtlığı haqda hekayətlər sosial şəbəkələri və xüsusən də Təhsil Nazirliyinin şagirdlərin məktəblərə götürülməsinə sorumlu olan Bakı Təhsil Mərkəzində uzun növbələri başına alıb.
Rusiya dövlət "Sputnik” İnformasiya Agentliyinin Azərbaycan xidməti bildirib ki, indiki problemlər Azərbaycanda çoxdan var olan tendensiyanın davamıdır: "Vakant yerlərə imtahan verən (rus dilində dərs deyən) müəllimlər yüksək ixtisasıyla parlamır. Nəticədə, təhsil sistemindəki məmurlar dilemmayla üzləşirlər: ya ixtisassız kadrları işə qəbul etmək və nəsli intellektcə məhv etmək, ya da kəmsavadlardan imtina etmək və acıqlı valideyn ordusuyla üzləşmək”.
Təhsil Nazirliyi məktəblərdə yer çatışmazlığı haqda ictimai açıqlama verməyib. Nazirlik təmsilçiləri "Eurasianet.org”-un durumu şərh etmək xahişini cavablandırmayıblar.
Bu problem SSRİ-nin dağılmasından iyirmi beş ildən artıq bir vaxtda Azərbaycanın ölkədə əvvəlki kimi rus dilində təhsili təmin etməli olub-olmadığı haqda mübahisələrin təzələnməsinə səbəb olub. Parlamentin deputatlarından biri Kamilə Əliyeva rus dilində təhsilə görə ödəniş almağı təklif edib ki, bu da genişmiqyaslı ictimai müzakirə doğurub. Bu ideyanın opponentləri qeyd ediblər ki, bütün şagirdlərin pulsuz təhsil almaq hüququ var.
Başqaları isə daha uzağa getməyi təklif ediblər: "Rus sektorunu bağlamaq, rus dilini isə xarici dil kimi tədris etmək gərəkdir” – təhsil məsələləri üzrə üzrə ekspert Nadir İsrafilov yerli "Oxu.az” xəbərlər saytına müsahibədə deyib.
1989-da, SSRİ-nin dağılmasına bir az qalmış Azərbaycanda 392 min etnik rus var idi. Bu rəqəm 2009-a doğru 120 minədək düşüb. Rus dili qeyri-rus mənşəli bir çox ailə üçün əsas dil olsa da, ölkədə onun yayılması azalır. 1994-də azərbaycanlılaırn 38%-i iddia edirdi ki, rusca sərbəst danışırlar; xeyli sonrakı dövrdə keçirilmiş ayrı-ayrı sorğuların məlumatına görə, onların payı azalıb və indi 10%-i aşmır. Rusiya hökumətinin məlumatına əsasən, 1990-1991-ci illərdə rusdilli məktəblərdə təhsil alan 250 min şagirdin sayı iki onillikdə 100 mindən aşağı düşüb.
Bununla belə, rusca təhsil hətta rusca danışmayan ailələrdə də nüfuzlu olaraq qalır: hesab olunur ki, rusdilli məktəblər daha keyfiyyətli təhsil verir, məzunlarının isə işə düzəlməyi asandır.
Azərbaycanca danışmaqla öz uşağını rusdilli məktəbə göndərən bir ana deyib ki, əmək bazarında rus dilinə tələbatla bağlı belə hərəkət edib. "Azərbaycanda hər yerdə rus dili Azərbaycan dilindən daha çox tələb olunur, – o deyib. – Hər yerdə işdə rus dilini tələb edirlər, rusca danışmırsansa, bu, bir növ qüsurdur. Sənə daha aşağı maaş, ya da daha aşağı vəzifə təklif edərlər”.
"Rus sektorlarında təhsilin keyfiyyəti aşağı düşür, – Azərbaycanda təhsil məsələlərini araşdıran berlinli sosioloq Sergey Rumyantsev deyir. – Amma azərbaycanca da keyfiyyətli təhsil almaq mümkün deyil. Keyfiyyətli dərsliklər çatışmır və təkcə Azərbaycan dilini bilmək informasiya və dünyaya çıxışı məhdudlaşdırır… Belə ki, valideynlərin niyə narahat olduqları aydındır”.
Adının çəkilməməsini xahiş edən məktəb psixoloqu deyib ki, onun rusdilli məktəblərində oxuyan uşaqların 12%-i rusca, ümumiyyətlə, başa düşmür, hələ 20 %-i isə dili yalnız olduqca baza səviyyəsində bilir. Psixoloq deyib – uşaq belə bir şəraitdə təhsil almağa başlayanda, təhsil almağı xeyli çətinləşir: "Birinci sinif uşaqlar üçün onsuz da çətin bir dövrdür, burada dil maneəsi də əlavə olunur. Belə uşaqlar dərslərdə fəallıq göstərmir, heç vaxt lövhəyə çıxmır, başqa uşaqlarla heç vaxt ünsiyyətdə olmur və fikirərini çətinliklə izah edirlər”.
Dil problemi qaçılmaz şəkildə Bakı və Moskva arasında münasibət elementinə çevrilir. Rusiya hesab edir ki, post-sovet ölkələrində rusca təhsil onun milli maraqları dairəsinə aiddir və bölgədə rusdilli əhalinin hüquqları məsələsi tez-tez Kremllə münasibətlərdə gərginliyə səbəb olur.
Məktəb təhsili problemi Moskva və Bakı arasında hələlik özəl ixtilaf doğurmasa da, Moskva durumun inkişafını açıqca izləyir. "Sputnik”agentliyi bu məsələni geniş işıqlandırır və onun müəllif köşələrindən birində Rusiyadan Azərbaycana müəllimlər göndərmək təklif olunub – Rusiyanın bu yaxınlarda Tacikistana münasibətdə etdiyi kimi.
İki ölkənin prezidenti son bir neçə həftədə iki dəfə görüşüb. Rusiya prezidenti Vladimir Putin sentyabrın sonunda Bakıya gəlib və öz çıxışında rus dilinin statusunu xatırladıb. O deyib: "Biz bunu – rus dilinə marağı görür və yüksək dəyərləndiririk. (Rus dilinə dəstəkdə) ən əsas bazainsanların qəlbində və beynindədir”.
Tərcümə Strateq.az-ındır.