Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov da Vidadi Zeynalovun yolu ilə gedir

Büdcə vəsaitlərinin mənimsənilməsi texnologiyası dəyişmir

Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində sabiq nazir Eldar Mahmudovun rəhbərliyi ilə baş verən cinayətlər aşkara çıxandan və bu cinayət işinin izləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gedib çıxdıqdan sonra bu nazirlikdə bir sıra cinayətlərin üstü açıldı. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq -əməliyyat işlərindən sonra məlum oldu ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədi ilə rollar bölüşdürülməklə korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib.Bu zaman korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına və yaxud saxta şirkətlərə rəsmiləşdirilməklə görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilmişdi.

Redaksiyamızı məlumatlandıran mənbə büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı oxşar korrupsiya şəbəkəsinin demək olar ki, eyni mexanizmlə Hacıqabul rayonunda da həyata keçirildiyini iddia edir. Bununla bağlı bizi bilgiləndirən mənbə bildirir ki, Vidadi Zeynalovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qurduğu korrupsiya şəbəkəsinin demək olar eynisi Hacıqabul rayonunda fəaliyyət göstərir.İddia edilir ki, bu korrupsiya şəbəkəsinin başında da Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov özü dayanır. Bununla bağlı redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, sovet dövrünün komsomolçularından, təsərrüfat fəallarından olan Əhməd Muxtarov indi də Hacıqabul rayonuna ayrılan büdcə vəsaitlərinin mənimsənilməsi ilə məşğuldur. Bu işdə isə onun əsas ortaqlarından biri İlham Əzizli adlı şəxs olduğu iddia edilir. İddialar həm də dəqiq məlumatlarla irəli sürülür. Belə ki, ötən il dövlət büdcəsindən Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait həmin İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib. Məlumatlı mənbə bildirir ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Ötən il icra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsaitini şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirib. Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. Mənbə bildirir ki, ötən il ən ilginc korrupsiya əməliyyatı 40 min manata yaxın büdcə vəsaiti hesabına guya Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması əməliyyatıdır. Bu əməliyyatı həyata keçirmək üçün Əhməd Muxtarov Hacıqabul rayonunda şirkət tapa bilməyib, üz tutub Şirvan şəhərinə. Beləliklə Şirvan şəhərində qeydiyyatda olan Səbuhi Rüstəmovun direktoru olduğu "Arsenal-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilginc korrupsiya əməliyyatı üçün uyğun hesab edilib. Mənbəmiz bildirir ki, əgər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hacıqabul rayonuna yönələn büdcə vəsaitlərinin taleyinə aydınlıq gətirmək istəsə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən korrupsiya mexanizminin eynisini bu rayonda da üzə çıxa bilər. Biz isə öz araşdırmalarımızı davam etdirəcəyik. Bu arada Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun, eləcə də korrupsiyanın ifşası ilə məşğul olan qurumların mövqeyini öyrənməyə çalışacağıq.

P.S.Bütün bu deyilənlərə aydınlıq gətirmək üçün   Hacıqabul Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa cəhd göstərdik. Hacıqabul Rayon İcra Hakimiyyətində Sektor müdiri-baş mühasib Güləli Əhmədovla telofon bağlantısı qura bildik. Sektor müdiri yazıya münasibət bildirmək əvəzinə mətbuatın belə məsələlərlə nədən işıq salmağını təəccüblə qarşıladığını bildirdi. Qeyd etdi ki, bu məsələlərə Maliyyə nazirliyi nəzarət etməlidir. Kimsə bu barədə mətbuata yazı verirsə "cəhnnəmə" versin. Bu da İcra hakimiyətində məsul vəzifə sahibinin verdiyi cavab.

 

sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti