Eldar Mahmudovun adamları hələ də iş başındadır

Ləğv olunmuş "MTN”-dəki banda üzvülərinin hamısı həbs olunmayıb

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun zamanında MTN-də kök salmış cinayətkar dəstənin çox dərinlərə kök atması ehtimal edilsə də, bu qədər dərinə işləyə biləcəyi guman olunmurdu. Eyni zamanda elə bir həftə olmur ki, sabiq milli təhlükəsizlik naziri       Eldar Mahmudov və dəstəsinin yeni cinayətləri ifşa olunmasın. Son belə ifşalardan biri də hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan iş adamı, "Texnikabank”dan saxta sənədlərlə iri məbləğdə kredit götürüb mənimsəməkdə ittiham edilənlərdən biri Kərimov Rauf Faiq oğlundan gəlirdi. Mətbuata göndərdiyi müraciətdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və komandasının onu necə taladıqlarını açıqlayıb. F.Kərimov 2014-cü ilin martında "saxta ittihamlarla” həbs olunduğunu, "Bakı Mehmanxanası” ASC-nin səhmlərinə nəzarət edən MMC-nin sahibi olub. Həmin mehmanxana girov qoymaqla Texnikabank” ASC-dən "Faktum”, "Sağlam Rəqabət”, "Transalyans”, "İnter Alyans LTD” MMC-lərin adına 25 milyon manat, 20 dekabr 2008-ci il müqavilələri əsasında isə "Bəzz” və "Faktum” MMC-lərin adına 5.1 milyon manat, ümumilikdə isə 30.1 milyon manat pul vəsaitini götürüb. İndi o, bu pulları mənimsəməkdə ittiham olunur. İş adamı isə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin və qruplaşmasının sifarişi ilə həbs edildiyini iddia edir. Rauf  Kərimov yazır: " Bu adam (Cahangir Hacıyev-red.)  illərlə mənə təzyiqlər etdirdi, şər-böhtanla dəfələrlə məni hədələdi. İş o yerə çatdı ki, məni keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar, hədə-qorxu gəldilər, şantaj etdilər. Keçmiş MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev məni şantaj etdi, hədə-qorxu gəldi və həmin idarənin şöbə rəisi, polkovnik Vüsal Ələkbərov məndən 1 milyon manat pul aldı. Keçmiş MTN şefi Eldar Mahmudov mənə məxsus "Çinar” kafesini qanunsuz şəkildə hədə-qorxu gələrək şəxsən özü əlimdən alıb…” Həbsxanadan göndərdiyi müraciətdə Rauf Kərimov prezident İlham Əliyevdən kömək istəyir və işinin obyektiv araşdırılmasını xahiş edir.

"Yeni Sözçü” qəzetinə daxil olan məlumatda isə qeyd olunur ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun zamanında MTN-də kök salmış cinayətkar dəstəsinin heç də bütün cinayətləri ifşa olunmayıb. Məlumatı verən mənbə iddia edir ki, bunun əsas səbəbi zərərçəkənlərin hələ də onları bu günə salanlardan qorxması ilə bağlıdır. Onların bu qorxusu isə əsassız deyil. Çünki, Eldar Mahmudovun zamanında MTN-də həyata keçirilən cinayətlərin iştirakçılarının bəzilərinin hələ də vəzifə başında olması zərərçəkənləri qorxudur. Eyni zamanda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun da bu günə kimi həbs olunmaması cinayətkar dəstənin qurbanı olmuş şəxsləri şikayət eləməkdən çəkindirən başqa bir amildir. Buna görə də Eldar Mahmudovun nazir olduğu zaman MTN əməkdaşları tərəfindən törədilən bütün cinayətlər üzə çıxmayıb. Təsdiqi çox müşkül olan bir məlumata görə, imkanlı şəxslərin var-dövlətlərinin əlindən alınması prosesi zamanı pul yığılması ilə bağlı işlərə baxan MTN- əməkdaşlarından bəziləri hələ də iş başındadır. İstisna deyil ki, onlar hələ bir müddət öz mövqelərini qoruya biləcəklər. Bu hal isə MTN-dəki cinayətkar dəstədən zərərgörənləri şikayət etməkdən çəkindirir.Ancaq bu məqam cinayətkar şəbəkənin üzvülərinin də tam ifşa olunmasının qarşısını alır. Bu hal isə MTN-nin ləğv olunaraq Dövlət Təhlükəsilik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinə də mənfi təsir edir. Çünki, cinayətkar şəbəkənin bütün üzvülərinin ifşa olunmaması bu qurumlarda kadr seçiminin və təyinatına problemlər yaradır. Məlumatlı şəxsin sözlərinə görə, Mədət Quliyev bəzi vəzifələrə təyinatı məhz bu səbəbdən ləngidir. İddialara görə, Mədət Quliyev kadr təyinatında səhv etmək istəmir və buna görə kadrları diqqətlə seçir. İddialara görə, gec-tez ifşa olunacaqlarını bilən cinayətkar dəstə ilə bağlı məmurlar da vəziyyəti gərginləşdirməklə özlərini qorumağa çalışırlar. Belə ehtimallar var ki, 25 nəfər Qəbələ sakininincəbhə xəttinə gedib ermənilər tərəfinə keçmək istəməsi kimi çox qorxunc olayın arxasında da Eldar Mahmudovun dövlət aparatında, xüsusilə xüsusi xidmət orqanlarında hələ də mövcudluqlarını qoruyan tərəfdarlarının da təsiri var. Ən azından 25 nəfərin Qəbələdən ermənilərin tərəfinə keçmək niyyəti ilə cəbhə xəttinə kimi getməsindən Dövlət Təhlükəsilik Xidmətinin xəbər tuta bilməməsi, bu qorxunc olayın qarşısının polislər tərəfindən alınmasının özü belə Mədət Quliyevi zərbə altına qoymağa hesablanmış ola bilər. Bəllidir ki, prezident məmurlardan bunun hesabını soracaq. Prezident İlham Əliyev bu qorxunc hadisənin Azərbaycan dövlətinin imicinə kölgə salacağını, bundan düşmənlərimizin istifadə etməyə çalışacaqlarının da fərqindədir. Bunun cavabı məmurlardan sorulacaq. Ona görə də görünür bəzi qüvvələrin marağında olub ki, 25 nəfər Qəbələ sakini heç bir maneə ilə rastlaşmadan cəbhə xəttinə kimi gedib çıxa bilir. Bu sualı Mədət Quliyev də özü-özünə verməlidir. O zaman bir çox qaranlıq məqamların üstü açıla, Eldar Mahmudovun Dövlət Təhlükəsizlik Xidmətinə sızan adamları ilə bağlı məqamlar da aşkara çıxa bilər. Bu isə Azərbaycan dövlətçiliyi, onun təhlükəsizliyi ilə bağlı məsələ olduğundan bütün cəmiyyəti hərəkətə gətirməli, Eldar Mahmudovun cinayətkar dəstəsinin hələ də azadlıqda olan üzvülərinin ifşasına səbəb olmalıdır.

 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti