Həbsdəki MTN generalları prezidentə müraciət edib? - “Əfv oluna bilməzlər”

 

Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamından sonra ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin hazırda həbsdə olan generallarının da bağışlanmaları üçün ölkə rəhbərinə müraciət etdiklərinə dair məlumatlar yayılıb.

İddia olunur ki, müraciəti keçmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev, Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digər məhkum olunmuş zabitlər imzalayıblar.

Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, belə məsələ gündəmdə deyil:

"Hazırda MTN-çilərin bəziləri apellyasiya, bəziləri kassasiya şikayəti verib. Ona görə də məhkəmədə işlər yekunlaşmadığından, son qərar verilmədiyindən, həmin şəxslərin əfv üçün müraciət etmək hüququna baxıla bilməz. Əfv üçün yalnız o şəxslər müraciət edə bilər ki, onlar barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxarılıb. Barəsində qanuni qüvvəyə minmiş hökmü olanların nəzəri baxımdan bu hüququ yaranır”.

Hüquq müdafiəçisi həmin şəxslərin əfv üçün müraciət etmələri barədə məlumatsız olduğunu bildirib:

"Ola bilər kütləvi informasiya vasitələrində bu cür məlumatlar getsin. Amma mən belə bir məlumatla tanış olmamışam. Digər tərəfdən, hazırda Əfv Komissiyasının iclasları yoxdur. Prokurorluq, Daxili İşlər Nazirliyinin açıqladığı məlumatlardan məlum olduğu kimi, həmin şəxslərin cinayətlərinin ictimai münasibətlərə, dövlətin imicinin zədələnməsi prosesinə ciddi təsiri olub. Ona görə də bunlar diqqətə alınmalı məsələlərdir. Komissiyanın iclaslarında əfv müraciətlərinə baxılan zaman dövlətin maraqları, fərdi müarciətlərdə balans qorunub saxlanmalıdır. Əfv mərhəmət aktı olmaqla yanaşı, həm də ədalətli olmalıdır”.

Ə.Nuriyev həmçinin bildirib ki, əfvetmə haqqında əsasnamənin tələblərinə görə, ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər yalnız cəza müddətinin yarısını çəkdikdən sonra əfv üçün müraciət edə bilərlər:

"Bu, müraciət etmək hüququnun yaranması üçün ilkin şərtdir. Yalnız bundan sonra həmin şəxsin əfv olunması müzakirə edilə bilər. Konsititusiyaya görə, əfv prezidentin müstəsna səlahiyyətlərinə daxil olan hüquqlarından biridir. Prezident istənilən şəxsi əfv etmək hüququna malikdir. Ölkə rəhbəri əfvetmə zamanı şəxsin cəza müddətinin yarısını çəkib-çəkməməsini nəzərə almaya bilər. Praktikada da bunun şahidi olmuşuq”.



Oxşar Xəbərlər

Xəbər lenti