Ceyhun Bayramovun fəaliyyətinə niyə qiymət verilmir?

Ceyhun Bayramovun fəaliyyətinə niyə qiymət verilmir?

 


 

Paytaxtın mərkəzində şagird intiharı təhsil sisteminin uçuruma yuvarlandığını göstərir

 

 

Ötən həftə 162 saylı məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın təhsil ocağının 3-cü mərtəbəsindən özünü atması və aprelin 6-da yerləşdirildiyi 1 saylı Şəhər Klinik Xəstəxanasında keçinməsi cəmiyyətin diqqətini ölkənin təhsil sisteminin acınacaqlı vəziyyətinə yönəltdi. Bu faciənin baş verdiyi məktəbin direktoru Sevinc Abbasovanın olaya münasibəti isə daha böyük faciədən xəbər verir. Məsələ ondan ibarətdir ki, 162 saylı məktəbin direktoru Abbasova Sevinc Kamil qızı hadisə ilə bağlı daha ətraflı məlumat almaq üçün ona zəng vurmuş jurnalistə belə deyir: "Yazın ki, pozğun ailənin, uğursuz ailənin qızı olub. Anası yenidən ərə gedib, uşaqları var, ona görə də onunla maraqlanmayıb”. Bu rüsvayçı münasibəti özünə rəva görən qadının üstəlik məktəb direktoru olması təhsil sisteminin uçuruma yuvarlandığını göstərir. Bu olayın paytaxtın elitar məktəblərindən sayılan bir təhsil müəssisəsində baş verməsi isə olayla bağlı daha ciddi suallar yaradır. Bu olay zamanı müşahidə olunan ən böyük rüsvayçılıq məktəb direktorunun münasibətidir.

Hadisə ilə bağlı ekspertlərin rəyindən çıxan yekun rəy ondan ibarətdir ki, təhsil müəssisələrinin idarəçiliyi çox bərbad haldadır. Çox maraqlıdır ki, Bakı Şəhər Prokurorluğu ilə birgə məlumat yayan Bakı Şəhər Baş Təhsil İdarəsi faktın araşdırıldığını, istintaq aparıldığını qeyd edir. Birgə müraciətdə bu işin daha mükəmməl formada araşdırılmalı olduğu qeyd olunur. Bu yanaşmanın özü də çox qüsurludur. Görəsən elə bir cinayət işi varmı ki, onun mükəmməl formada araşdırılmasına ehtiyac olmasın?  Məktəb direktorunun məsuliyyəti də hələlik müzakirə mövzusu deyil.

Cəmiyyətdə tanınmış bir çox ziyalıların Azərbayan Təhsil Nazirliyinin tarixində ən uğursuz nazir kimi xarakterizə etdikləri Ceyhun Bayramov vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslardan hesab olunur. Əgər bu şəxs vergilər naziri, Dövlət Gömrük Komitəsinin sədri təyin edilsəydi, bəlkə də çox uğurlu kadr olardı. Ancaq vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünas kimi qiymətləndirilən bir şəxsi ötən ilin aprelində təhsil naziri təyin etdilər. Həmin dövrdən sonra isə Misir Mərdanovun şikəst etdiyi, Mikayıl Cabbarovun cərrahiyə stoluna uzatdığı təhsil sistemini Ceyhun Bayramov komaya saldı. Bir çox ekspertlər Azərbaycan təhsil sisteminin düşdüyü durumdan qurtarmağı mümkün hesab etmir, onu yenidən formalaşdırmağı təklif edirlər.

Bu gün Azərbaycanda çox az sayda insan tapmaq olar ki, təhsil sisteminə etibar etsin. Etibar olmayan yerdə hansısa uğurdan danışmaq mümkün deyil. Vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünas olan Ceyhun Bayramovun isə bu etmadı yarada biləcəyi qeyri-mümkün görünür. Redaksiyamıza daxil olan bir məlumatda qeyd edilir ki martın 11-də təhsil naziri Ceyhun Bayramov Ağcabədi şəhərindəki Bayraq Muzeyində Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Xocavənd və Laçın rayon sakinlərini qəbulu zamanı vətəndaşların çətin sualları qarşısında çıxılmaz qalıb. Doğrudur, Təhsil Nazirliyinin yaydığı rəsmi məlumatda nazir Ceyhun Bayramovun qəbula yazılmış vətəndaşların müraciətlərinin əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, təhsil sənədlərinin tanınması və digər məsələləri əhatə etdiyi qeyd olunur. Ancaq Ağdam rayonundan redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, nazirin qəbulu zamanı bir neçə vətəndaş Ceyhun Bayramovdan özünün imzaladığı K-251 saylı, 19 mart 2018-ci il tarixli əmrin bu günə kimi icra olunmaması səbəbinə aydınlıq gətirməsini tələb ediblər. Vətəndaşların israrlı tələbi qarşısında cavab tapa bilməyən, vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünas olan təhsil naziri Ceyhun Bayramov onları nazirliyə görüşə dəvət edib. Qeyd edək ki, Ceyhun Bayramov 19 mart 2018-ci ildə Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən nazir müavini olaraq imzaladığı "İntizam Tənbehinin tətbiqi haqqında” K-251 saylı əmrdə Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq əmr edib ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində Mətanət Misirxanova ilə bağlanmış əmək müqaviləsinə yenidən baxılması üçün yerli icra hakimiyyəti qarşısında məsələ qaldırılsın. Ancaq həmin əmrin imzalanmasından bir ildən artıq vaxt keçməsinə baxmayaraq bu günə kimi icra olunmayıb. Halbuki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində Mətanət Misirxanova ilə bağlanmış əmək müqaviləsinə yenidən baxılması zərurətini doğuran çox ciddi qanun pozuntuları aşkar edilmişdi.

Məsələn, Ağdam rayon bir neçə məktəbində seçmə üsulu ilə yoxlama aprılmış, bu zaman bir neçə məktəbdə, xüsusilə də Xındırıstan, Əhmədağalı və Əfətli məktəblərində ümumilikdə 19 sinif komplektinin artıq saxlandığı, bunun nəticəsində dövlət büdcəsindən xeyli vəsaitin xərcləndiyi aşkar edilmişdi. Əlbətdə hər kəsə, o cümlədən də vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünas olan Ceyhun Bayramova burada söhbətin korrupsiyadan getdiyi bəlli olmalıdır. Qeyd edək ki, Ağdam rayon Təhsil Şöbəsində aparılmış yoxlama zamanı 2015/2016 və 2016/2017-ci tədris illərində müəllimlərin işə qəbulu və yerdəyişməsində Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova tərəfindən kobud pozuntulara yol verildiyi də aşkar olunmuşdu. Eyni zamanda yoxlama nəticəsində Ağdam rayonunun bəzi təhsil müəssisələrində buraxılış siniflərində şagirdlərin dərsə gəlmədiyi, 10-cu siniflərdə isə cəmi 46 faiz şagirdin dərsə gəldiyi müəyyən edilmişdir. Bütün bunlar ortada ola-ola Mətanət Misirxanova hələ də Ağdam rayon Təhsil Şöbəsinin müdirəsidir. Nazir Ceyhun Bayramov isə onunla bağlı əmrinin icrasını təmin edə bilmir. Belə bir hal ortada olduğu halda 162 saylı məktəbin direktoru Abbasova Sevinc Kamil qızının intihar etmiş şagirdinin ailəsini qınaq obyektinə çevirmək cəhdi də təbii görünməlidir. Axı öz əmrinin icrasını təmin etdirə bilməyən bir nazirin başında durduğu təhsil sistemində belə halar kimə və niyə təəccüblü görünməlidir?

Bütün təhsil müəssiələrində "Təhsil millətin gələcəyidir” sözləri yazılmış lövhəyə rast gəlmək olar. Bu sözlərin mərhum prezident Heydər Əliyevə aid olduğu da göstərilir. İndi isə millətin gələcəyi məhv olmaqdadır. Azərbaycan ictimaiyyəti toparlanaraq təhsil sisteminin tamamilə məhvinin qarşısını almalıdır, yoxsa sonra gec olacaq.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti

 

 



Oxşar Xəbərlər

Xəbər lenti