"Tutaq ki, Gürcüstan qazı Azərbaycandan aldı, sonra onu Ermənistana satdı..." - YEREVAN "QAZPROM"DAN UCUZ QAZ İSTƏYİR

"Tutaq ki, Gürcüstan qazı Azərbaycandan aldı, sonra onu Ermənistana satdı..." - YEREVAN "QAZPROM"DAN UCUZ QAZ İSTƏYİR

 

Ermənistan hakimiyyəti Rusiyadan alınan təbii qazın qiymətində "Qazprom”dan güzəşt əldə etmək cəhdlərindən əl çəkmir. Bu problemin müzakirələri artıq uzun müddətdir ki, aparılır və Rusiyada iyulun 1-dən qazın qiymətinin indeksləşdirilməsindən sonra daha da fəallaşıb.

Ermənistan əhalisi üçün qaz tariflərinin sabit saxlanması məqsədilə ölkə hökuməti subsidiyalaşdırma siyasətinə getmək istəmir və daha rahat yolu Rusiya tərəfinə təzyiq etməkdə görür.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, RF hökuməti yanında Maliyyə universitetinin və Milli energetika təhlükəsizliyi fondunun aparıcı eksperti Stanislav Mitraxoviçin sözlərinə görə, əslində Ermənistanın daha ucuz qaz tələb etmək üçün heç bir əsası yoxdur, çünki onsuz da təbii qazı ən güzəştli şərtlərlə alır.

"Hazırda Ermənistan üçün qazın qiyməti tərəfdaşlarımızın böyük əksəriyyəti ilə müqayisədə kifayət qədər ucuzdur. Ermənistanın qazı daha ucuz qiymətə almaq istəyi özü özlüyündə başa düşüləndir, lakin gileylənmək yersizdir, başqaları daha çox pul ödəyir”, - ekspert deyir.

Həqiqətən də, hazırda Rusiya qazını Ermənistandan daha ucuz qiymətlə yalnız Belarus alır.

Stanislav Mitraxoviçin fikrincə, məsələnin kökü əslində iqtisadi deyil, siyasidir. Qaz təchizatı və alışı məsələlərində hər zaman bir ölkənin digəri üzərində nüfuzu amili vacib rol oynayıb. Hazırda Yerevan bu nisbətdə öz çəkisini artırmağa çalışır və gücünü qazın qiyməti məsələsində sınayır.

"Nikol Paşinyan Moskva ilə münasibətləri korlamasa da, qərbyönümlü siyasətçi kimi tanınır. Onun hakimiyyətə gəlişi də əsas etibarilə Qərb siyasi strukturlarına arxalanmasına görə baş verib. ABŞ-ın dünyada ən böyük səfirliyinin Yerevanda yerləşməsi təsadüf deyil”, - eskpert qeyd edir.

Mitraxoviçin fikrincə, Rusiya ilə danışıqlarda Yerevan bu amildən istifadə edir və Moskvanı Qərblə daha da yaxınlaşacağı ilə hədələyir. Əlbəttə ki, bu, vəziyyətə xeyli sadə baxışdır, lakin ümumi cizgilərdə vəziyyət məhz belədir. "Düşünmürəm ki, Rusiya çəkinəcək və Ermənistana əsaslı güzəştlər ediləcək. Rusiyanın bu ölkəyə təsir etmək üçün öz vasitələri var ki, bura hipotetik hərbi qarşıdurmada hərbi əməkdaşlıq da daxildir. Qərb bunu Ermənistana təqdim edə bilməz”.

Ekspert vurğulayır ki, Rusiya qazının Ermənistan üçün alternativsiz olduğunu da unutmaq olmaz. "Azərbaycan və Türkiyə Ermənistanı faktiki olaraq blokada şəraitində saxlayırlar. Nəzəri olaraq Ermənistan bu ölkələrin ərazisi ilə qaz ala bilər, lakin real vəziyyətdə bu mümkünsüzdür. Düşünmürəm ki, bu münaqişələr həllini tapacaq”, - rusiyalı ekspert bildirir.

Faktiki olaraq, təsəvvür etsək ki, Ermənistan Rusiya qazından imtina edir, bütün digər variantlar ona qat-qat baha başa gələcək.

"Belə deyək ki, Rusiya qazı Ermənistana Gürcüstan ərazisi ilə gedir. Bu səbəbdən də, belə bir variant mümkündür ki, Tbilisi qazı Azərbaycandan alıb sonradan Yerevana satacaq. Misal üçün, Ukrayna Rusiya qazını Avropadakı tərəfdaşlarından almaqla məhz bu cür hərəkət edir. Lakin Gürcüstan bunu xeyriyyəçilik məqsədləri ilə etməyəcək və son nəticədə, Ertmənistan qaza görə indikindən daha çox pul ödəməli olacaq”, - Stanislav Mitraxoviç deyib.



Oxşar Xəbərlər

Xəbər lenti