27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Fəxrəddin Mirzəyev: "Elşad adlı briqadir 1000 manat əməkaqqımı vermir”
Briqadir Elşad : "Ona 600 manat pul verməliyik”
Azərbaycanda bəzən insanlar günlərlə işləyir, ancaq əməkhaqqını ala bilmirlər. Lakin əməkhaqqını vermək istəməyən hansısa qurum və yaxud sahibkar unudur ki, bu, qul haqqına girməkdir. Qul haqqına girmək isə böyük günahdır. İnsan əməyinin haqqı son qəpiyinədək ödənilməlidir.
Təəssüf ki, son vaxtlar bu cür qanunsuzluğa tez-tez rast gəlmək olur. Şamaxıda baş verən zəlzələ nəticəsində dağılan evlərdə işləyən Salyan rayon, İkinci Varlı kənd sakini Fəxrəddin Ağavəli oğlu Mirzəyev də belə vəziyyətlə üzləşib.
"420 kvadratmetrlik iş görmüşəm”
F. Mirzəyev "Hürriyyət”ə müraciətində dedi ki, Şamaxıda tikintini Fövqalədə Hallar Nazirliyi icra edir: "Biz də orada işləyirik. Mən orada Elşad adlı bir fırıldaqçı briqadirə rast gəldim. Nazirlik onu bura nəzarətçi qoyub, işçi tapır, işlədir. Onunla danışdım, burada bir ev işlədim. 420 kvadratmetrlik iş görmüşəm. Bu ev Məlikçobanlı kəndində yerləşir. Pul istəyirəm, deyir, "dövlət bizə pul vermir, dövlət mənə pul verəndə verəcəm”. Halbuki, Leyla Əliyeva bura 2 milyon pul ayırıb. Mənim işim 1000 manat edir. Mənim xəstəm var, onu xəstəxanaya aparmalıyam, amma pulumu vermir. Nazirliyin qaynar xəttinə-112-yə də zəng edirəm, deyir, "biz pul işinə baxmırıq”.
"Bu dəqiqə evə getməyə 1 manat pulum yoxdur”
F.Mirzəyev qeyd etdi ki, əvvəl o, Şamaxıda başqa briqadirlərlə işləyib: "Onlarda iş qurtardı. Elşad dediyim şəxs mənə zəng elədi ki, gəl, mənimlə işlə, dedim problem yoxdur. Gəldim işlədim. Bu həftə ərzində cəmi 150 manat çörək pulu almışam. Mənim bu dəqiqə evə getməyə 1 manat pulum yoxdur. Gördüyüm iş "şkatur” işidir, bir də zəlzələdə çartlayan yerlərə armatur atmışam. 112-yə zəng edirəm, deyir "icraya get”.
Bu gün Şamaxı İcra Hakimiyyətinə getmişəm, növbədə 140-cı adam idim, 1 saatdan bir qəbul edirlər. O da sabaha qaldı. Siyahıda 113-cü adam mənəm. Hələ 10-cu adamı qəbul ediblər, mən nə vaxt qəbula düşəcəm? İndi icradan kirayə qaldğım evə gəldim, pulunu verə bilmirəm, ev yiyəsi də deyir, pulunu ver, qal. Mən indi axşam küçədə yatım? Xahiş edirəm, bunu işıqlandırasınız. Qoy, görsünlər ki, bura ayrılan 2 milyon heç kimə verilmir, özləri ciblərinə yığırlar, yeyirlər.
Bundan əvvəl, Gündüz və Mehdi müəllimin yanında işləmişəm, heç bir problemim olmayıb. Dayım da burada işləyirdi, o da pulunu ala bilmədiyinə görə çıxdı, getdi. Kimdən soruşursan, deyir bu, fırıldaqçıdır”.
"Bəs, bunlar bu pulları niyə yeyirlər?”
"Mənə maraqlıdır ki, İlham Əliyev cənabları, Mehriban xanım, Leyla Əliyeva bura pul ayırıb, bu pulları bunlar niyə "yeyirlər”, işçilərin pulunu niyə vermirlər? Camaatın evini niyə yarımçıq qoyurlar? Mən işimi təmiz qurtarmışam. Evin malyar işi qalıb. Deyirəm, pulumu ver. Deyir ki, dövlət vermir. Dövlət daima televiziyada göstərir ki, bu qədər pul ayırdıq. Bəs, bunlar bu pulları niyə "yeyirlər”? Pulumuzu vermirləsə, işləməyə çağırmasınlar, başqa işdə, yaxud gedib həyət-bacamızda işləyək. Mən gəlib burada bu qədər əziyyət çəkmişəm, işləmişəm, indi bizə baxan yoxdur”,- deyə şikayətçi vurğuladı.
"Normal işçidirsə, müqavilə bağlayıram”
Soyadını təqdim etmək istəməyən briqadir Elşad isə dedi ki, həmin adamın (red - Fəxrəddin Mirzəyev) bura gəldiyi bir həftədir: "Onlar işi 3 gün öncə qurtarıblar. Bir həftənin içində ona 300 manat vermişəm. Mən bunlarla müqavilə bağlamıram. Görürəm normal işçidirsə, müqavilə bağlayıram, normal işçi deyilsə, müqavilə bağlamıram”.
"300 manatdan çox pul vermişəm”
"Amma Fəxrəddin Mirzəyev 150 manat aldığını qeyd etdi” dedikdə briqadir "yalan deyir, 300 manatdan çox pul vermişəm, sabah axşamüstü də onların qalan pulunu verəcəm”, - deyə vurğuladı.
"Bazar deyil ki, həmin dəqiqə pulunu ala”
"Şamaxı İcra Hakimiyyəti ona pul verəcək? Deyəcəklər, suvağı pis vurmusan, gəl təzədən vur. Onun xoşuna gəlir? Dünən axşam hesablayıblar, ona 600 manat pul verməliyik. Bu, bazar deyil, hökumətin işidir. İşləri təhvil verdikcə pul alırlar. O, işini qurtarsa da, burada tək işləmir, 150 adam işləyir, bazar deyil ki, həmin dəqiqə pulunu ala. Amma imkanımız da azdır, borc tapıb, sabah onun pulunu verəcəyik”,- deyə briqadir əlavə etdi.
"Mən burada kiməm ki!”
Briqadirin sözlərinə görə, o, kimsənin haqqını yemir: "Mən boyda ağsaqqal kişi səhv deyir? Qoy, düzdən ötrü adamın başını kəssinlər, amma bil ki, düz olduğuna görə kəsdilər. Düzü heç kim əyə bilmir, amma əyri heç vaxt düzəlmir. Mən burada kiməm ki! Briqadirəm. Dedim ki, o adam bir həftədir işləyir, 300 manatdan çox pul alıb”.