Prezidentin Davosda xarici təhlükə mesajına reaksiyalar

 

Yanvarın 22-də Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib. Dövlət başçısı panelin moderatorunun suallarını cavablandırıb və diqqətçəkən məsələlərə toxunub.

İ.Əliyevin günü-gündən gərginləşən Amerika-İran münasibətləri fonunda səsləndirdiyi fikirlər geniş müzakirələr doğurub.

Ölkə başçısı moderatorun "Sizin region üçün ən parlaq ümidiniz və ən pis kabusunuz nədir” sualına belə cavab verib: "Düşünürəm ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Ölkədə bizim daxili risklərimiz yoxdur, istər siyasi risklər olsun, istər iqtisadi. Ölkə sabitdir, inkişaf davamlıdır. Bizim həyata keçirilməkdə olan və xalqımız üçün böyük imkanlar yaradan çox geniş islahatlar gündəliyimiz var. Ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Bunun üçün biz məsuliyyət daşımırıq. Təəssüf ki, biz bu prosesə tam olaraq təsir edə bilmərik. Məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, super güclər daşıyacaq”.

"Baş qaldırmasından daha çox narahat olduğunuz gərginliklər hansılardır” sualının cavabı isə belə olub: "Bilirsiniz, biz bu gərginlikləri sərhədlərimizin yaxınlığında görürük. Biz Əfqanıstanda gərginlikləri görürük, biz orada həll edilməmiş vəziyyəti görürük. Biz özümüz Ermənistan tərəfindən işğala məruz qalmışıq və bu, daimi təhdid mənbəyidir. Ərazilərimizin demək olar ki, 20 faizi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq Ermənistanın işğalı altındadır. Biz ABŞ-İran münasibətlərində gərginliyin kəskinləşməsinin şahidi oluruq. Regionda artıq baş qaldırmaqda olan bir çox qaynar nöqtələr potensial təhdidlərdir. Ona görə də biz sərhədlərimizin xaricində təhlükəsizliyin və müəyyənliyin olmasında çox maraqlıyıq. Çünki hətta Azərbaycandan kənarda olan iqtisadi çətinliklər bizim iqtisadi və sosial vəziyyətimizə təsir edə bilər. Buna görə də düşünürəm ki, regionda sabitliklə bağlı vəziyyət bizi narahat edən əsas məsələdir və belə deyə bilərəmsə, regionda qeyri-sabitlik əsas kabusdur”.

Картинки по запросу Elman Nəsirov:

Elman Nəsirov: "Xarici risklərin olmasına cənab Prezident xüsusi diqqət ayırdı”

V çağırış Milli Məclisin YAP-çı deputatı, politoloq Elman Nəsirov dövlət başçısının dediklərinə bu cür şərh verdi: "Azərbaycan prezidenti Davos Dünya İqtisadi Forumu çərçivəsində bu müsahibədə bir sıra sualları cavablandırdı. Bu suallar içərisində ilk növbədə, qaldırılan məsələ regionda formalaşmış geosiyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ilə bağlı oldu. Cənab prezident qeyd etdi ki, Azərbaycana daxildən heç bir təhdid yoxdur, daxili risklər mövcud deyil, Azərbaycan güclü dövlətdir. Ölkəmizdə daxili risklər üçün heç bir münbit şəraitin olmadığını da ölkə başçısı vurğuladı. Xarici risklərin olmasına cənab Prezident xüsusi diqqət ayırdı. Xüsusilə Azərbaycan sərhədlərindən kənarda belə risklərin formalaşmasının nəticə etibarı ilə bizi narahat etdiyini söylədi. Dövlət başçısı onu da vurğuladı ki, sərhədlərimizdən kənarda yaranmış hər hansı bir iqtisadi problemlər, iqtisadi böhran bizə də təsirsiz qalmır. Bizi narahat edən əsas məsələlərin xarici risklər olduğu qeyd edildi. Bu kontekstdə ölkə Prezidenti, cənab İlham Əliyev regional təhlükəsizlikdən bəhs edərkən Əfqanıstanda yaranmış gərgin vəziyyət, orada formalaşmış durum haqqında öz fikirlərini səsləndirdi. Eyni zamanda qeyd etdi ki, bizi narahat edən məsələ Amerika ilə İran arasında yaranmış gərginliklə bağlıdır. Bu gərginliyin artmasının İranla qonşu dövlət olan Azərbaycan üçün arzuolunmaz olduğu bildirildi. Cənab prezident söylədi ki, yaranmış gərginliyin dinc yolla həllində maraqlıyıq. Bütövlükdə ölkə başçısı diqqəti daha çox ona cəlb etdi ki, region üçün əsas kabus əslində regionda qeyri-sabitlikdir. Qeyri-sabitliyin regionda mövcudluğu əslində regionun təhlükəsizliyi üçün ən ciddi təhdiddir. Ona görə də biz ilk növbədə, bu qeyri-sabitlik mühitinin yaranmasının əleyhinəyik. Azərbaycanın özü regionda sabitlik adasıdır. Bu səbəbdən də biz olduqca maraqlıyıq ki, region üçün əsas kabus ola biləcək bu qeyri-sabitlik aradan qalxsın. Bu, Azərbaycan üçün olduqca mühüm məsələdir. Ölkəmizin yürütdüyü siyasət, ilk növbədə, sabitliyin qorunması mənafeyinə xidmət göstərir. Azərbaycan regionda təhlükəsizliyin olmasına mühüm töhfələrini verir. Eyni zamanda cənab Prezident diqqəti ona cəlb etdi ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-i zəbt edilib. Bu da heç şübhəsiz ki, təkcə Azərbaycan üçün təhdid mənbəyi deyil, bütövlükdə Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizlik üçün çox ciddi təhlükə, təhdid mənbəyidir. Bu, eyni zamanda regionda sabitliyin pozulması mənafeyinə xidmət göstərir. Bütün bunların region üçün təhlükə mənbəyi olduğu barədə fikirləri ilə cənab Prezident beynəlxalq aləmin diqqətini cəlb etdi”.

Картинки по запросу Elxan Şahinoğlu:

Elxan Şahinoğlu: "Regional sabitlik Azərbaycan üçün həyati əhəmiyyət daşıyır”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: "Prezident haqlıdır. Regional sabitlik Azərbaycan üçün həyati əhəmiyyət daşıyır. Torpaqlarımızı işğal edən Ermənistanı çıxmaq şərti ilə digər qonşularımızla münasibətlərimiz çox yaxşıdır. İqtisadi zəmində yaxın münasibətlərimiz mövcuddur. İranla Amerika arasında münasibətlərin gərgin olmasını istəmirik. Çünki bu bizim əlaqələrin əleyhinədir. İranla iqtisadi, ticari əlaqələrimiz var. Amerika da bizim tərəfdaşdır. Sabitliyin olmasında çox maraqlıyıq. Bizdən asılı olmayaraq, regionda gərginliklər mövcuddur. Biz elə etməliyik ki, bunların ölkəmizə təsiri olmasın. İqtisadi sabitlikdən istifadə edərək, iqtisadi inkişafımızı sürətləndirə bilərik”.



Oxşar Xəbərlər

Xəbər lenti