8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Penitensiar Xidmət əməkdaşları və məhkumlar arasında koronavirusa heç bir yoluxma halı yoxdur” - bu sözləri "Yeni Müsavat”a Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.
İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə "Yeni Müsavat”a deyib ki, hökumətə koronavirusa yoluxma təhlükəsi qarşısında İranın 54 min dustağı evinə buraxması, Azərbaycanda da eyni addım atılması ilə bağlı müraciətlərinə cavab verilib: "Bu ancaq cəzaçəkmə yerlərində virusun mümkün yayılma ehtimalı zamanı daha az şəxsin yoluxması demək olar. Məhkumlar var ki, onların cəzalarının bitməsinə 3 ay, 9 ay qalıb. Təklif verdik ki, heç olmasa, həmin şəxslərin vaxtından əvvəl azad olunması təmin edilsin. Cavab verildi ki, məhkumların azad edilməsi məhkəmə yolu ilə mümkündür. Yaxın vaxtlarda əfv gözlənilmir deyə məqbul variant kimi məhkəmələrə müraciət etmək tövsiyə olunur”.
Novella Cəfəroğlu deyib ki, onlara Ədliyyə Nazirliyindən rəsmi qaydada məktub da göndərilib. Həmin məktubun məzmunu isə belə olub: "KİV-dən daxil olan sorğulara əsasən Ədliyyə Nazirlinin Tibb Baş İdarəsi bildirir ki, bütün dünyada geniş vüsət alan koronavirus təhlükəsi ilə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir. Bununla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində zəruri profilaktik və maarifləndirmə işləri aparılır. Tibbi heyət təlumatlandırılır.
Eyni zamanda dezinfeksiya işləri, mövsümi olaraq hava-damcı infeksiyalarına qarşı proflaktik tədbirlər həyata keçilir. Sanitar epidimioloji vəziyyət xüsusi nəzarətə götürülür. Müəssisəyə yeni daxil olan şəxslər bütün tibbi müayinələrdən keçirilir. Bütün cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında yeni növ koronavirus epidemiyasına qarşı nazirliyin tibb xidməti tam hazırlıqlıdır. Belə xəstəliyə heç bir yoluxma halı və virusun daşıyıcısı olan şübhəli şəxs yoxdur”.
Milli QHT Forumunun rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai komitənin üzvü Rauf Zeyni "Yeni Müsavat”a deyib ki, koronavirusla əlaqəli onlara da müraciətlər olub: "Bizə müraciət edirlər ki, cəzaçəkmə yerlərində durumla bağlı, görülən işlərlə bağlı addımlar atılsın. Biz də öz növbəmizdə Nazirlər Kabineti yanında operativ qərargaha məlumat vermişik. Bütün məsələlər nəzarətə götürülüb”.
"Yeni Müsavat” xəbər verir ki, ötən ilin dekabrında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi 2020-ci ildə Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin tabeliyindəki qurumlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib. "Yeni Müsavat”ın araşdırmasından bəlli olub ki, tenderin qalibi "Monolit-Eco” MMC olub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin tabeliyindəki qurumlarda dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin gerçəkləşdirilməsi üçün "Monolit-Eco” MMC-yə dövlət büdcəsindən 252 min 756 manat pul ödənib.
Xatırladaq ki, Azərbaycanda Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Qərargahın son məlumatına əsasən Azərbaycanda yoluxma hallarının ümumi sayı 6-ya çatıb. Nazirlər Kabinetinin qərarı ilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədris martın 3-dən 9-na qədər dayandırılıb. Nazirlər Kabineti yanında operativ qərargahdan bildirib ki, koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə ölkənin bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.