Prezidentin dediyi qədim xəritələrimiz -Rusiya və Avropada saxlanılır

 

Dilavər Əzimli: "Səfəvi dövlətinin kitabxanası Sankt-Peterburqa oğurluq aparılıb"

Prezident İlham Əliyevin son günlərdə xəritələrimizə xüsusi diqqət ayırması nəzərdən qaçmır. Son iki faktı göstərmək kifayət edir ki, dövlət başçısının bu məsələyə necə həssaslıqla yanaşdığının şahidi olaq.

Martın 4-də ölkənin qərb rayonlarına etdiyi səfər zamanı bir çox müəssisə və xidməti obyektlərlə yanaşı, Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin açılışında da iştirak edib. Muzeydəki eksponatlarla tanış olan dövlət başçısı buradakı siyasi xəritələrdə tarixin qeyd olunmamasına görə ciddi irad bildirib. Prezidentin "Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz” sualına Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov xəritələri Mədəniyyət Nazirliyindən aldıqlarını bildirib.

Prezident isə bu cür xəritələrin gələcək nəslə səhv məlumatlar ötürdüyünü söyləyib: "Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir. Uşaqlar gəlib bu xəritədən bu tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu, nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Daha sonra martın 10-da Milli Məclisin iclasında çıxış edən ölkə rəhbəri ile ilgili görsel sonucu

Daha sonra martın 10-da Milli Məclisin iclasında çıxış edən ölkə rəhbəri bu məsələnin üzərinə bir daha qayıtdı.

Sitat: "XX əsrin əvvəllərində rus imperiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir görəsən ki, orada indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Bunu demək lazımdır, o xəritələri gətirmək lazımdır. İşğal edilmiş indiki torpaqlarımızın xəritələrini gətirmək lazımdır. Bütün beynəlxalq təşkilatları, orada fəaliyyət göstərən nümayəndələri tanış etmək lazımdır. Eyni zamanda müsəlman ölkələrinin parlamentlərinin nümayəndələri ilə görüşlər əsnasında mütləq ermənilər tərəfindən dağıdılmış məscidlərimizin şəkilləri göstərilməlidir. Mən bunu edirəm. Bir çox müsəlman ölkələrinin liderlərinə bu şəkilləri göstərirəm. Əgər bunu geniş siyasi elita görsə, onda əlbəttə ki, o ölkələrin rəhbərləri üçün Ermənistan rəhbərləri ilə ağız-ağıza öpüşmək ayıb olar”.

Dilavər Əzimli

Tarixçi alim Dilavər Əzimli "Yeni Müsavat”a açıqlamasında ölkə başçısının çox ciddi məsələni gündəmə gətirdiyini qeyd etdi: "Bu xəritələr Milli Elmlər Akademiyasının Tarix İnstitutunda işlənilib. Hətta atlas da buraxılıb. Bunlar Azərbaycanın bütün dövrlərinə aid xəritələrdir. O xəritələrdə qədim dövrlərdən bu günə qədər olan şəhərlər, kəndlər əks olunub. O xəritə Urartu dövrünə aid xəritədir. Əlbəttə, xəritə vurulanda qeyd olunmalıdır ki, hansı dövrə aiddir. Prezident iradlarında tam haqlıdır. Çünki dövrə uyğun xəritə olmalıdır. Məsələn, xəritənin  üzərində yazılmalıdır ki, eramızdan əvvəl filan dövrə aiddir, yaxud eradan sonrakı filan dövrdür. Ümumiyyətlə, xəritə məsələsində biz son dərəcə həssas olmalıyıq. Xəritələr bir mərkəzin təlimatı, göstərişi əsasında tərtib olunmalı, yayılmalıdır. Hesab edirəm ki, bu mərkəz də Milli Elmlər Akademiyasının Tarix İnstitutudur. Burada hər dövrə aid mütəxəssislər çalışır. Bu institutun buraxdığı xəritələr əsasında hər şey təşkil olunmalıdır. Cənab Prezidentin iradlarını qəbul edirəm. Xəritə hər şeyi göstərir, əks etdirir. Ona baxanda tarixi dövrlər haqqında insanda fikir formalaşır. Son dövrlərdə xəritələrə görə ölkəmizdə nələrin baş verdiyi göz önündədir. Kimlərsə tərəfindən hazırlanan xəritələrə inananlar oldu. Hətta qondarma, yalançı Ermənistanın əks olunduğu xəritə belə Azərbaycan dərsliyinə salınmışdı ki, onun yaratdığı qalmaqalı hələ unutmamışıq. Rus sektorunun dərsliyi idi. Bunlar çox ciddi məsələlərdir. Belə məsələlərdə yanaşmamız çox ciddi olmalıdır. Bura Tarix Diyarşünaslıq Muzeyidir, şagirdlər, insanlar gəlir. Orada ciddi şəkildə bu məsələlərə riayət olunmalıdır. Cənab Prezidentin iradlarına mütləq əməl olunmalıdır. Çox vacib məqama toxunub. Bilirsiniz ki, düşmənlərimiz hər an bizə torpaq iddiası irəli sürürlər. Halbuki bu ərazilərin hamısı qədim Azərbaycan əraziləridir. Tiflisə qədər Azərbaycan Albaniyasının əraziləri olub. Bu şəhər bizim qədim şəhərimizdir. Tiflis Müsəlman Əmirliyi VII-VIII əsrlərdə fəaliyyət göstərib. Tariximizi unutdurmamaq üçün xəritələrimizdə diqqətli olmalıyıq. Heç bir dövlətin torpaqlarına iddia irəli sürmürük, sadəcə, öz ərazilərimizi bilməliyik. Cənab Prezident o xəritəyə yaxınlaşanda müəyyən etmək olmurdu ki, hansı dövrü əhatə edir. Tariximizi özündə əks etdirən xəritələr çoxdur. Bunları sadəcə geniş kütlələr üçün yaymaq lazımdır. Tarix İnstitutunun birbaşa iştirakı ilə 1903-cü il xəritəsi buraxılıb, otağımızdan asılıb. Gəlsəniz görərsiniz ki, həmin xəritədə erməni dilində bir kəndə, şəhərə rast gəlməzsiniz. Belə xəritələr ölkəmizdə az deyil. Amma sosial şəbəkələrdə bəzi xəritələr yayılır ki, bu da ciddi narazılıqlar doğurur. Görünür, cənab Prezident sosial şəbəkələri də ciddi şəkildə izləyir. Orada Amerikanın arxiv idarələrində olan xəritə yayılmışdı. XIX əsrin 50-ci illərini əhatə edirdi. Orada erməni izinə rast gəlməzsiniz. Hətta İrəvanla bağlı xəritə yayılmışdı və bir erməni izi belə yox idi. Britaniyada bu cür xəritələr var. Hamı bunların yayılması üçün çalışmalıdır. 5-6 il öncə Britaniyada çox ciddi hadisə baş verdi. İran  hökuməti Britaniya arxivlərində qədim türk əlifbası olduğunu bilirmiş. Ora adamını göndərir və həmin şəxs Britaniya arxivlərinə yol tapa bilir. O şəxs həmin əlifbaları məhv eləmişdi və bu, Britaniyada böyük səs-küyə səbəb oldu. İndi siz baxın görün, düşmən necə işləyir. Ermənilər hər yerdə Azərbaycanın adı keçən toponimləri məhv etməyə çalışırlar”.

Tarixçi alim Azərbaycana aid xəritələrin əksəriyyətinin Avropa ölkələrində saxlanıldığını söylədi: "Sankt- Peterburqa Səfəvi dövlətinin kitabxanası aparılıb, bu oğurluq idi. Həmin kitabxana bu gün də saxlanılır. Orada Səfəvi dövrünə və ondan əvvəlki zamanlara aid, hər halda, xəritələr var. Avropa ölkələrində belə xəritələr çoxdur. Amerikada belə xəritələr var idi ki, onu sosial şəbəkələrdə yaydılar. Xaricdə yaşayan soydaşlarımız, Diasopa Komitəsi, səfirliklərimiz bu istiqamətdə ciddi işlər görməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti