Diplomatik iflas: Ermənistan Qərbdən şillələr “yeyir” – Qarabağa görə...

 

Xəbər verildiyi kimi, iyunun 10-da Brüsseldə Avropa Parlamenti (AP) Ermənistanın işğalçı siyasətini pisləyən ədalətli bir sənəd qəbul edib. Eyni zamanda, həmin qərarla qurum Qarabağla bağlı çox mühüm bir ilkə imza atılıb. Belə ki, AP-in Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsi Nümayəndəliyinin sədri Mariya Kalyurand, Ermənistanı Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi ilə birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayıblar və bəyanatda ölkəmizin ərazi bütövlüyünə qeyd-şərtsiz dəstək ifadə ediblər.

"Prinsipcə, biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası haqda qərar Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolizə edir. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir”, - deyə bəyanatda qeyd edilir.

Sənəd müəllifləri daha sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə qəbul etdikləri "Əsas prinsiplər”ə dəstəklərini ifadə edirlər. "Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlara öz öhdəliklərini gücləndirməyə çağırırıq” – "üçlük” sonda vurğulayıb.

***

Avropa Birliyinin, bütövlükdə Avropanın xarici siyasətini müəyyən edən əsas qurumun məhz Avropa Parlamenti olduğu nəzərə alınarsa, bu bəyanat on illərdir uzanan Qarabağ konfliktinin ədalətli həll yönündə xüsusilə indi – işğalçı Ermənistanın ipə-sapa yatmadığı dönəmdə çox qiymətli ciddi gəlişmə, Bakının haqq işinə mühüm dəstək sayıla bilər. Doğrudur, Avropa Birliyi Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyini zaman-zaman ortaya qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə vaxtaşırı dəstəyini bildirib. Ancaq birinci dəfədir ki, Ermənistan üzrə məruzəçi də daxil, Avropa Parlamenti "üçlüyü” Qarabağla bağlı Ermənistana siyasi-diplomatik "şillə” effektli sənəd qəbul edilir.

Avropa Parlamenti: Ermənistan ilə Azərbaycanın Dağlıq Qarabağ ...

Onu da nəzərə alsaq ki, Nikol Paşinyan hökuməti iki ildir Ermənistanı Qərbə guya demokratiya yoluna çıxmış ölkə kimi sırımağa və bu fonda Azərbaycan ərazilərinin işğalına onun gözündə bəraət qazanmağa çalışır, o zaman məlum qərarı bütövlükdə rəsmi İrəvanın xarici siyasət fiaskosu kimi dəyərləndirmək lazım gəlir. Bu, həm də onun bariz təzahürüdür ki, dünyada, Qərbdə, öncəliklə də onun nüvəsini təşkil edən Avropada hansı bəhanə altında törədilir-törədilsin, işğalçılıq və zorakılıq, aqressiv separatçılıq və etnik təmizləmə siyasətinə münasibət getdikcə da sərtləşməkdədir.

Ortaq bəyanatın məzmunu ən əvvəl bu qənaəti doğurur. Çünki sənəddə birmənalı şəkildə Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycan ərazilərinin işğal edildiyi açıq mətnlə vurğulanır və həmin ərazilər əsla "növlər”ə bölünmür. Erməni tərəfi uzun illərdir ki, məhz buna çalışır, beynəlxalq birliyi çaşdırmağa səy göstərir.

Ümumən bəyanatın mətni Ermənistana münasibətdə olduqca sərtdir. Orada İrəvana manevr üçün imkan verən heç bir ikibaşlı və yarımçıq ifadə yer almayıb. Kifayət qədər təcrübəli olan üç siyasətçi tərəfindən hazırlanmış belə bir ortaq bəyanat həmçinin Avropa Parlamentinin bütün spektrlərində artıq Qarabağ ixtilafına dair vahid yanaşmanın mövcud olduğunu göstərir.

Ermənistan prezidenti Dağlıq Qarabağa gəlib

Bu yanaşmanın qayəsində Ermənistanın işğalçı ölkə kimi onaylanması dayanır. Ona görə ki, işğal varsa, işğalçı da var, işğala məruz qalan tərəf də. Dağlıq Qarabağda qanunsuz məskunlaşmağı hədəf alan qanunsuz yol inşasına beynəlxalq səviyyədə ilk dəfə verilən bu cür sərt reaksiya söz yox ki, Ermənistanın beynəlxalq hüquq normalarını pozduğunun növbəti dəfə və açıq kontekstdə vurğulanmasıdır. İşğal altındakı Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyət Avropa Parlamentinin bu bəyanatı ilə birmənalı şəkildə rədd edilir.

Başqa sözlə, sənəd "demokratik” Paşinyan iqtidarının da beynəlxalq hüquqa meydan oxumasının bariz təsbitidir. Avropa Birliyinin əsas strukturu olan Avropa Parlamenti bununla habelə anladır ki, Ermənistanın bu avantürist siyasəti etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Yəni işğalçı ölkə ədalətli sülhdən qaçan, ədalətli sülhdə maraqlı olmayan tərəf kimi qabardılır və ittiham olunur.

***

Daha bir mühüm məqam barədə: Avropa Parlamenti "üçlüyü”nün bu qərarı konfliktin guya Bakı ilə Xankəndi arasında olduğu haqda İrəvanın illərdir apardığı təbliğatı sıfırlayır, münaqişənin bölgədəki bir ovuc erməninin "öz müqəddəratını təyinetmə” davasından deyil, məhz Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından doğduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, sənəddə məhz Azərbaycanla Ermənistan (əslində Ermənistan) münaqişəni sülh yolu ilə həllinə çağırılır. Bununla yanaşı, Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa eləmək haqqı da tanınır.

Bu mənada sənəddə 2009-cu ildə qəbul edilmiş "Baza prinsipləri”nə istinad edilməsi ilə münaqişənin həllində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etməsinə eyham vurulur. Məlumdur ki, Ermənistanın yeni iqtidarı sözügedən prinsipləri qəbul etmək istəmir, özünü konstruktiv prosesdən kənarda saxlamağa, separatçı rejimi danışıqların "üçüncü tərəfi” kimi vasitəçilərə sırımağa çalışır.

Yuxarıda sadalananlar nəzərə alınarsa, Avropa Parlamentinin bu qətiyyətli mövqeyi Minsk Qrupu həmsədrləri üçün nümunə olmalıdır. ABŞ, Rusiya və Fransadan ibarət vasitəçi "üçlük” də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair aydın mövqe ortaya qoymalıdır. Ümumiyyətlə, son vaxtlar Avropa Birliyi dövlətlərinin ərazi bütövlüyü prinsipinə güclənən dəstəyi diqqət cəlb etməyə bilməz.

Yeri gəlmişkən, ötən ay Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi "Şərq Tərəfdaşlığı”nın gələcəyi üzrə Yekunlar sənədində Avropa İttifaqının ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, qaydalara əsaslanan beynəlxalq nizama və beynəlxalq hüquqa sadiqliyi yer alıb. Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel isə bu günlərdə BMT Təhlükəsizlik Şurasının virtual iclasında bildirib ki, suverenliyə və ərazi bütövlüyünə hörmət Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərində əsas elementlərdən biri olacaq.

***

Bunu da xüsusi vurğulamağa zərurət var ki, Avropa Parlamentinin son bəyanatı Avropa Şurası üçün də örnək olmalıdır – hansı ki, bu ilin mart atında işğal altındakı Dağlıq Qarabağda, pandemiya fonunda (!) təşkil edilən qondarma "prezident seçkisi” şousunu yeganə beynəlxalq təşkilat olaraq görməzdən gəldi.

Bəyanat habelə Azərbaycan prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin davamının parlamentarizm əməkdaşlığı çərçivəsində həyata keçirilməsinin bariz nümunəsi hesab oluna bilər və şübhəsiz ki, Bakının diplomatik aktivinə yazılmalıdır. Təsadüfi deyil ki, düşmən ölkədə rəsmi səviyyədə "üçlüyü”n ortaq bəyanatının əhəmiyyəti aşağı salınmağa çalışılsa da, Ermənistanın müstəqil ekspert camiyəsi və siyasi çevrələrində fakt İrəvanın Qarabağ alanında böyük diplomatik iflası kimi qiymətləndirilir.

Məsələn, Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan” fraksiyasından deputatı Naira Zöhrabyan Avropa Parlamenti "üçlüyü”nün Qarabağa qanunsuz çəkilməsi planlaşdırılan üçüncü yolla bağlı iyunun 10-da verdikləri bəyanatı rəsmi İrəvanın tam diplomatik məğlubiyyəti adlandırıb. "Bu, təhlükəli və biabırçı bəyanatdır” - Zöhrabyan özünün facebook səhifəsində yazıb (Virtualaz.org). Deputat xatırladır ki, bəyanatda Dağlıq Qarabağ və ona bitişik ərazilər işğal edilmiş ərazilər kimi tanınır, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır.

Qarabağ münaqişəsinin həllində Nostradamusluq yolverilməzdir ...

Naira Zöhrabyan

"Mən Avropa Parlamenti-Ermənistan parlament əməkdaşlığı üzrə Komitəsinin keçmiş həmsədri kimi həmin komitədən heç vaxt bu cür açıq-aşkar antierməni bəyanata rast gəlməmişəm. Komitənin sədrinin qatı azərbaycanpərəst mövqeyi ilə tanınan Sadjad Kərim olduğu vaxtlarda belə. Hətta Kərimi də biz mümkün konstruktiv məkana çəkə bilmişdik”, - deyə o bildirib.

Zöhrabyan qeyd edir ki, həmin bəyanatla bağlı hakim çoxluğun siyasi komandasında hansısa başa düşülməyən və xaotik hərəkətlər müşahidə olunur, biabırçı bəyanata görə günahkar axtarmağa çalışırlar. "Mənim təsəvvürümə görə, onlar həmin komitənin həmsədri Arman Yeqoyanı günahkar çıxarmaq istəyirlər. Bu da ən azından gülməlidir. Çünki həmin bəyanat diplomatik rüsvayçılıqdır, bizim bütün xarici siyasət korpusumuzun sərt məğlubiyyətidir. Bundan daha betər antierməni bəyanatı təsəvvür etmək çətindir. Həmin bəyanat həm də Minsk Qrupunun həmsədrlərinə qarşıdır və onların paket həll təklifinə ziddir” – Zöhrabyan sonda yazıb.

***

Əlavə edək ki, AP "üçlüyü”n qərarından az öncə - ötən ayın sonunda Avropa Parlamentinin Xarici İşlər komitəsində "Şərq Tərəfdaşlığı” ölkələri - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistanın ərazi bütövlüyünə birmənalı dəstəyin əks olunduğu qanun layihəsini qəbul edilib. Sənəd Dağlıq Qarabağ separatçılarına öz müqəddəratı təyinetmə "haqqı”nı birdəfəlik gündəmdən çıxarmaqla yanaşı, rəsmi Bakıya öz ərazi bütövlüyünü bərpa eləmək üçün, faktiki, savaş haqqı tanıyır. İyunun 17-18-də, yəni 3 gün sonra AP-ın virtual iclasında həmin qanun layihəsinin təsdiqlənməsi gözlənilir.
Ermənistan beləcə, Qarabağın işğalına görə Qərbdən şillələr "yeməkdə” davam edir. İşğalçıya sonuncu, həlledici "şilləi”ni yəqin ki, Azərbaycan Ordusu vuracaq...



Oxşar Xəbərlər

Xəbər lenti