Cavid Qurbanovun qeyri-ciddi rəhbər obrazı kimə lazımdır?

Cavid Qurbanovun qeyri-ciddi rəhbər obrazı kimə lazımdır?

 


 

"Azərbaycan Dəmir Yolları” QSC-i ətrafında nələr baş verir?

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun QSC-də yaranmış ağır vəziyyət, ciddi korrupsiya və maliyyə yeyintiləri haqqında faktlar açıqlaması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrildi. Xatırladaq ki, Cavid Qurbanov QSC-yə sədr təyin olunduğu zaman apardığı yoxlamalar nəticəsində qurumun lokomotiv parkı yox dərəcədə olması üzə çıxıb. Bunun səbəbi isə 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq, Azərbaycana gətirilməsi, Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınması olub. QSC sədri deyib ki, belə davam edəcəyi halda 2023-cü ilədək qurumun parkında 123 vaqon qala biləcəyi məlum olub. Cavid Qurbanov daha sonra deyib: "Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi”. QSC-i sədri korrupsiya faktları ilə bağlı dəqiq misallar da çəkib: "Yol ayrıcını 29 min manata alıb, 56 min manata rəsmiləşdirirdilər”.

"Azərbaycan Dəmir Yolları” QSC-nin birinci şəxsinin dilindən səslənən bu faktlar cəmiyyəti sirkələyib. Ayrı-ayrı ictimi-siyasi xadimlər, sıravi vətəndaşlar prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edərək Cavid Qurbanovun səsləndirdiyi fikirlərlə bağlı dərhal istintaq başladılmasına çağırıblar. Proseslərin sürətlə inkişafı belə təəssürat yaradırdı ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbərləri, Ziya Məmmədov və Arif Əsgərovun həbsi gündəmə gəlir. Bu şəxslərin də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov kimi böyük korrupsiyada ittiham olunaraq həbs olunacağı ilə bağlı rəy yaranmışdı. Xüsusilə də, artıq karyerasının ən pis dönəmini yaşayan nəqliyyat naziri Ziya Məmmədovun həbsinin gündəmə gəldiyi qənaəti yaranırdı. Arif Əsgərovun özünün də vəziyyəti ürək açan görünmürdü. Xüsusilə də, onun oğlu Elnar Əsgərovla bağlı Daxili İşlər Nazirliyində, baldızı oğlu Rahib və Emin Hüseynovlarla  bağlı iki hüquq-mühafizə orqanında şikayətlər olduğunu, Arif Əsgərovun ailə üzvülərinin adlarının "Azərbaycan Dəmir Yolları” QSC-yə müxtəlif malların alınmasında  dəfələrlə hallanması belə təəssürat yaradırdı ki, ölkə yeni səsli-küylü həbslər ərəfəsindədir.

Aktyorluq istedadı işə yaramadı

"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri, geniş tamaşaçı kütləsinin isə "Nəsimi”, "Qara Volqa”, "Asif, Vasif, Ağasif”, "Od içində”, "Yaramaz” kimi filmlərdən və ən son olaraq ATV telekanalında yayımlanan "Vicdan” haqqı” serialından tanıdığı aktyor Nadir Əzməmmədov Cavid Qurbanovun QSC-dəki korrupsiya faktları ilə bağlı kəskin bəyanatlarını şərh edərkən verdiyi açıqlama daha ciddi qalmaqala səbəb oldu. Belə ki, mətbuatın Cavid Qurbanovun bəyanatı ilə bağlı mövqe öyrənmək cəhdinə münasibət bildirən Nadir Əzməmmədov "O zarafat eləyir, mətbuat da "seryoznı” qəbul edir-cavabını verməklə cəmiyyəti şoka saldı. Belə çıxdı ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov ictimaiyyət qarşısında çox ciddi məsələlərlə bağlı dəqiq rəqəmlərlə etdiyi tənqidi çıxış zarafat, qeyri-ciddi söhbətlər imiş. Nadir Əzməmmədovun aktyorluğuna sözümüz yoxdur, ancaq bu epizodda aktyorluq bacarığının işə yaradığını söyləmək mümkün deyil. Əksinə, Nadir Əzməmmədov məlum açıqlaması ilə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və Milli Məclisin üzvü olan Cavid Qurbanovu çıxılmaz vəziyyətə saldı. Belə çıxır ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri kimi yüksək vəzifəyə təyin edilməsi ilə dövlət başçısının, Milli Məclisə deputat seçilməsi ilə ən azından bir seçki dairəsində yaşayan seçicilərin etimadını qazanan Cavid Qurbanov çox ciddi məsələlər haqqında qeyri-ciddi açıqlamalar verə biləcək bir şəxsdir. Mətbuat xidmətinin rəhbərinin bununla hansısa məqsədlər güddüyünü söyləmək çox çətindir. Ancaq məqsədindən asılı olmayaraq Nadir Əzməmmədovun Cavid Qurbanovu çox çıxılmaz bir vəziyyətə saldığı göz önündədir. Yaranmış vəziyyətdə, Cavid Qurbanovun Nadir Əzməmmədovu vəzifəsində saxlaması "Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin imicinə daha ciddi zərər vuracaq. Çox maraqlıdır ki, peşəcə aktyor olan Nadir Əzməmmədov yeni-yeni obrazlar yaratmaq əvəzinə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə rəhbərlik etməyi daha üstün tutur. Halbuki, Azərbaycanda teatrın inkişafı üçün bütün çətinliklərə sinə gələn, hətta bunun üçün həyatını verən sənətkarlar olub. Nadir Əzməmmədovun isə işdən sonra rollara çəkildiyi haqqında açıqlamasını nəzərə alanda, bu adamın aktyorluğunun həvəskarlıqdan başqa bir şey olmadığı təəssüratı yaranır.

Korrupsiya faktlarının üstünü isə heç bir aktyor örtə bilməz

Nadir Əzməmmədov bütün aktyorluq istedadını ortaya qoyub, Cavid Qurbanovun korrupsiya ilə bağlı sərt bəyanatını təkzib etmək cəhdi isə istənilən halda ictimaiyyəti çaşdıra bilməz. Hətta Cavid Qurbanovun məlum bəyanatı olmasaydı belə, "Azərbaycan Dəmir Yolları” QSC-də ciddi korrupsiyanın olması cəmiyyətə çox yaxşı məlumdur. Bircə dəfə qatardan istifadə edən hər kəs dəmir yolunda olan ağac tirlərinin 70%-i yararsız vəziyyətdə olmasının əyani şahidi ola bilər. Ağac tirlərin yarasız vəziyyətdə olmasına görə qatarlar ləngər vura-vura gedir. Bəzən sərnişin qatarın yana aşa biləcəyindən qorxmağa başlayır. Özünü istedadlı aktyor hesab edən Nadir Əzməmmmədov isə bütün bunları bir-iki cümlə ilə təkzib etməyin mümkün ola biləcəyini düşünür.

"Yeni Sözçü” qəzetində "Azərbaycan Dəmir Yolları” QSC-də baş verən ciddi korrupsiya faktları ilə bağlı dəfələrlə yazılıb. Hal-hazırda "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu "Azərbaycan Dəmir Yolları” QSC-i ilə "Araz ltd” MMC, "Adaman Group” MMC, "Hilux Services" MMC, "Dondarlı Servis" MMC, "Murad-T94" MMC, Arko-ktd" MMC, "Selva" MMC və "Park Travel” MMC-i arasındakı maliyyə əməliyyatlarını araşdırmağa çalışır. Bu əməliyyatlar haqqında araşdırmamızı oxucularımız yaxın saylarımızda izləyə biləcək. Biz Cavid Qurbanovun səsləndiriyi, ancaq Nadir Əzmməmədovun zarafat kimi təqdim etməyə çalışdığı faktların aşkara çıxarılması üçün əlimizdən gələni etməkdə qərarlıyıq və həqiqəti bilmək Azərbaycan xalqının haqqıdır.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti