Çovdarov yeganə günahkar olmamalıdır

Çovdarov yeganə günahkar olmamalıdır

 Çinayət törətmiş başqa "çekist”lər niyə cəzadan kənarda qalır?

Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri vəzifəsindən azad olunması, bu qurumda kütləvi həbslərin və təmizləmələrin başlanmasının 1 ilinin tamam olması, Akif Çovdarovun məhkəməsinin başlaması sabiq "çekist”lərlə bağlı məsələləri yenidən gündəmə gətirib. Eyni zamanda bütün günahların kiçik bir dəstənin üzərinə yüklənməsi məqsədi güdən informasiya "sızması” da sabiq MTN əməkdaşlarının dəhşətli cinayətləri haqqında yeni-yeni bilgilər üzə çıxarmaqla mövzunun gündəmdən çıxmasına imkan vermir. Ancaq çox maraqlıdır ki, miqyası haqqında hələ tam bilgilər olmayan bu ağır cinayətlərə görə çox az sayda şəxs müttəhimlər kürsüsündə oturur. Deputat Zahid Orucun da dediyi kimi millətə qarşı əsl erməni məkri ilə işləyən mütəşəkkil cinayətkar dəstə belə kiçik ola bilməzdi. Məsələn, deputat Zahid Oruc "Yeni Müsavat”a müsahibəsində deyib, "1-ci mərtəbədə işgəncə ver, 2-ci mərtəbədə rəqəm oxu, 3-cü mərtəbədə ram edə bilmədiyin adamları saxta işlərlə məhbəsə göndər. Çoxmərtəbəli cinayət yuvası əsil erməni məkri ilə işləyib. Heç bir vaxt bu qurum boyda mütəşəkkil cəza dəstəsi olmayıbsa,indi müttəhimlər kürsüsündə kiçik bir qrup oturmamalıdır. Deputatın dediyi mərtəbələrdə bu cinayətləri törədənlər cəzadan kənarda qalmamalıdır. Bu onların daha ağır cinayət törətməsinə səbəb ola bilər. Digər tərəfdən belə ağır cinayətlərdə iştirak edənlərin cəzadan kənarda qalması, bəzilərin isə hətta xüsusi xidmət orqanlarında vəzifə sahibi olaraq qalmaları dövlətçiliyə zərbə vurur. Məşhur bir ifadədə deyildiyi kimi, dövlət iki halda dağılır. Bir cinayətkar cəzadan kənarda qalanda, ikincisi günahsız adamlar cəzalandırılanda. İndi Eldar Mahmudovun nazir olduğu dövrdə MTN-də törədilən cinayətlərdə əli olan şəxslərin cəzadan kənarda qalması dövlətçiliyin özünü təhdid edir.

Eldar Mahmudovun və onun dövründə MTN-də rəhbər mövqe tutmuş başqa şəxslərin də bu gün cəzadan kənarda qalması anlaşılan deyil. Belə görünür ki, Akif Çovdarovdan "Günah keçidi” yaradılır və bütün cinayətlər də onun üzərinə yüklənir. Buna görə də ictimaiyyət arasında haqlı suallar yaranır ki, Eldar Mahmudov və onun vəzifə verdiyi şəxslər niyə cinayət məsuliyyətinə cəlb olunmur? Hətta onun ev dustağı edilməsi ilə bağlı da Məhkəmənin qərarı yoxdur. Buna görə, Eldar Mahmudov hara istəsə gedə bilər. Ən azından bunun üçün hüquqi məhdudiyyət yoxdur. Mümkündür ki, Eldar Mahmudovun özü başqa yerə getməyəcəyi ilə bağlı yazılı iltizam verib. Ancaq bu tam hüquqi sənəd deyil. Bu iltizamı verən şəxs, onu pozmaq hüququna da sahibdir.

Mediada və ictimi-siyasi çevrələrdə isə belə xəbərlər yayılır ki, Eldar Mahmudovun hələlik azadlıqda olmasının bir səbəbi ölkədən çıxarılmış milyardlarla dolların geri qaytarılacağına olan ümiddir.Mediada yer alan məlumatlara görə, Eldar Mahmudov pulların geri qaytarılması işi ilə şəxsən məşğul olur. Bu mqsədlə onun son bir ildə beş dəfə ölkəni tərk etməsi haqqında məlumatlar yayılıb. Bu məlumatlar isə nə təkzib, nə təsdiq edilir. Ancaq deputat Zahid Orucun müshibəsində "Ən başlıca məsələ Eldar Mahmudovun faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamasıdır. Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrpusiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır”-kimi fikir səsləndirməsi yuxarıda deyilənlərin yarı-rəsmi təsdiqi kimi də qəbul oluna bilər. Belə çıxır ki, Eldar Mahmudov cinayət yolu ilə əldə etdiklərinin bir qismini dövlətə verməklə cəzadan yayınacaq. Dövlətin cinayət yolu ilə əldə edilmiş pullara möhtac qalması təəssüratını yaradan bu fikirlər isə "üzrü əməlindən betər” misalını xatırladır. Deputatın bu fikiri Eldar Mahmudovun həbs olunmamasının bəraəti kimi qəbul edilsə də, Azərbaycan dövlətinin üzərinə kölgə salır. Həm də əgər belə hallara olacaqsa, bu yenə məhkəmənin qərarı, hüquqi əsaslarla baş verməlidir. Postsovet respublikalarının bəzilərində məmurların korrupsiya və rüşvətxorluqla əldə edib ölkədən çıxardıqları pulların əhəmiyyətli hissəsinin geri qaytarılması müqabilində onlara əhv verilib. Ancaq yenə qeyd edirik ki, bütün bunlar qanun əsasında baş verməli, ictimaiyyət hansı məmurun dövlət büdcəsinə nə qədər pul qaytardığını bilməlidir. Əks halda cəmiyyət Eldar Mahmudovun toxunulmaz olması və yaxud da deputat Zahid Oruc tərəfindən də gücləndirilən ehtimala, müəyyən pul müqabilində cəzadan kənarda qalmasına inanacaq. Bu isə həm ölkə daxilində, həm də ölkə xaricində iqtidarın əleyhinə işləyəcək.

Buna görə bu kimi məsələlərdə yalnız maddiyyatla bağlı məsələləri əsas götürüb, qərar vermək olmaz. Ən əvvəl, dövlətin imici düşünülməlidir. Əks halda bu kimi məsələlərdən bizim əleyhimizə istifadə olunmasına hazır olmalıyıq.

Arzuman LOĞMANOĞLU,

"Yeni SÖZÇÜ" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti