8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Mia.az DİN-ə istinadən xəbər verir ki, aidiyyatı baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, 303 iddiaçının arasından daha hazırlıqlı olan 266 nəfərin daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir son illər daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini vurğulayıb.
Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl təhsilli, yüksək mənəvi və işgüzar keyfiyyətlərə, hərtərəfli dünyagörüşə malik gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün tövsiyə və tapşırıqlarını xatırladan nazir, bu istiqamətdə hər zaman zəruri addımların atıldığını, hazırkı seçimlərin də göstərilən sahədə uzun müddətdir həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürü olduğunu bildirib.
Qeyd olunub ki, ümumilikdə, kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi ölkə və DİN rəhbərliyinin fəaliyyətində prioritet istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.
General-polkovnik Ramil Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək polis adını daim uca tutmalarını, bilik və bacarıqlarını, təcrübələrini daim artırmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıb.