“Azərbaycanda bütün meyxanaçılar İrana işləyir” iddiası...

İranın günahı ucbatından Azərbaycanla münasibətlərinin gərginləşməsi ortaya bir sıra faktları çıxartdı. Artıq qonşu ölkənin Azərbaycandakı ictimai-siyasi və informasiya dayaqları Azərbaycan xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb, Qum mərkəzli dini icmalar ifşa olunur, casus şəbəkəsi dağıdılır. İran 44 günlük Vətən müharibəmizdə və ondan sonra tutduğu ermənipərəst mövqeyi, Azərbaycana isə aşkar düşmənçiliyi ilə dövlətimiz tərəfindən adekvat münasibəti görməkdədir. 

Ölkə ictimaiyyəti də, lap elə iranpərəstlərin əksəriyyəti də rəsmi Tehranın Ermənistana açıq dəstək verdiyini görərək, bu yalançı müsəlman dövlətinin əsl maskasını görməkdə, tanımaqdadır. İndi İranının gerçək və çirkin sifəti tam ortaya çıxıb və bu sifətə simpatiya ilə baxmaq mümkün deyil. Adında İslam sözü daşıyan İran dövləti heç bir gizliliyə yol vermədən Ermənistanı dəstəkləyir və onun təhlükəsizliyini özünün qırmızı xətti sayır. Belə olan halda, ekspertlər haqlı olaraq qeyd edirlər ki, İran artıq Azərbaycanı itirib. 31 il ərzində Azərbaycanda göstərdiyi fəaliyyətin üstündən xətt çəkən İran azərbaycanlıların ictimai rəyində bitmiş durumdadır.

Azərbaycan xüsusi xidmət orqanları İran agenturasını hər yerdə ifşa etməkdədir. Prosesin davam edəcəyi də şübhə doğurmur. Lakin bəzi iddialar onu göstərir ki, Azərbaycan xüsusi xidmət orqanlarının axtarış istiqamətinin biri də mədəniyyət sahəsi ola bilər. Belə ki, kifayət qədər yayılmış iddialara görə, ölkə mədəniyyətinin meyxana sektorunda İran təsirləri kifayət qədər ciddidir. Bu barədə iddialar sırasına bir güclü simanın da rəyləri qoşulub. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Musavat.com-a deyib ki, informasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Sitat: “İnformasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Hamımız yaxşı bilirik ki, 30 il ərzində Ocaq Necat Azərbaycanda İranın dini agenturasının qurulması ilə bağlı işlər həyata keçirib. Ocaq Necat 1996-cı ildən bu yana Xameneyinin Azərbaycandakı nümayəndəsi olaraq İran mədəniyyət mərkəzinin çətiri altında ölkəmizdə bir çox şəxsləri əhatə edən ciddi işlər həyata keçirib. Bunun tərkibində media, ictimai-siyasi xadimlər, meyxanaçılar, muğam ifaçıları, iş adamları var”.

Əziz Əlibəylinin sitatındakı "meyxanaçılar" ifadəsi ictimai rəydəki iddiaları bir daha yeniləmiş və gücləndirmiş oldu. Bəs görəsən, həqiqətənmi  ölkədəki əksər meyxanaçılar İran kəşfiyyatına işləyirlər?

Bu arada bildirək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasda millət vəkili Fazil Mustafa da bu məsələyə toxunaraq qeyd edib:

“Meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Qeyd edək ki, meyxanaçılar arasında İran agenturası üçün işləyənlərin olması haqda hələ bir müddət bundan əvvəl iddialara yayılmışdı. Hətta Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov televiziya kanallarının birində demişdi ki, İran meyxanaçılar üzərindən Azərbaycanda öz niyyətlərini təbliğ etmək istəyir.

“Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə, cəmiyyətin içindədir. Onlar İrana lazım olan ideologiyanı, fikirləri məhz meyxanaçılar vasitəsilə yayırlar. Bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz oldu. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini həm də Azərbaycan arzulayır”.

İrana meyilli meyxanaçılar sırasında tanınmış meyxanaçı Elşən Xəzərin də adı çəkilirdi. Çünki meyxanaçı getdiyi bir neçə məclisdə öz şeirlərini mərsiyə üzərində demişdi.

Həmçinin bir müddət əvvəl hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruzkadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi, bunu sosial şəbəkədə paylaşması birmənalı qarşılanmamışdı. O, paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilmişdi.

Hurriyyet.az-ın xəbərinə görə, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb.

Millət vəkili bütün meyxanaçıların İran agenti adlandırılmasının yolverilməz olduğunu dedi:

“İranın Azərbaycanda olan mədəniyyət mərkəzlərinin nəyə qulluq etdiyini hamımız bilirik. Çox təəssüf ki, bu məsələnin üzərinə çox gec düşmüşük.

Lakin meyxanaçıların hamısının İran agenturasına işləməsini demək inandırıcı deyil. Bu, mümkün deyil. Aralarında 1-2 nəfər kimsə ola bilər, amma bunun bütün meyxanaçılara şamil etmək olmaz.

O ki qaldı mərsiyə üstündə meyxana oxumaq, onda muğam ifaçısı Elnarə Abdullayeva da bütün günü mərsiyə üslubunda ifalar edir, indi ona da İran agenti deyək? Əlbəttə ki, kimin İran agenturasına işlədiyini hüquq-mühafizə orqanları daha yaxşı bilir, amma bir daha qeyd edirəm ki, bütün meyxanaçıların İrana işləməsini demək, sadəcə, insafsızlıqdır".

Məşhur meyxanaçı Ağamirzə Məmmədov isə iddialara bu cür cavab verdi:

“Meyxana deyənlərin İranla nə işi var? Bu barədə heç vaxt heç nə eşitməmişəm.  Amma hərdən olur ki, məsələn, "yaman yamandur,  cavandır, toydu-nişandır, İrandır" və sairə bu cür qafiyələr deyirik. Olub ki, meyxanada yunan sözü də işlətmişik. Yəni meyxanaçıların İran agenturası ilə heç bir işi ola bilməz.

Görün o gün İran səfirliyimizdə nə oyun çıxartdı, nə bəla, dəhşət  etdilər! Məgər qapıda dayanan İran polisinin gözü kor idi, o boyda avtomatı görmürdü? Polis orada bir qıram da olsa köməklik göstərmədi. İndi meyxanaçılar onlara işləyəcək? Meyxanaçıların bu söhbətə heç dəxli yoxdur.

O ki qaldı mərsiyə deməyə, mərsiyəni yalnız sinə döyməklə demək olar. Bildiyim qədər musiqi, ritm ilə mərsiyə demək olmaz. Bəli, 1-2 hansısa meyxanaçı meyxana deyəndə mərsiyəyə oxşatmağa çalışır, amma inanın ki, onlar İrana meyilli olmaq haqda heç düşünmürlər.

Biz indi bir Azərbaycanımızı, torpağımızı, dövlətimizi qorumalıyıq. Başqa söhbət ola bilməz". 



Oxşar Xəbərlər

Xəbər lenti