Prezidentin Bolqarıstana səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırıldı- FOTO


Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bu ölkənin KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Sozcu.info xəbər verir ki, bu ölkənin “Business.dir.bg”, “BTA.bg”, “24chasa.bg”, “Focus News”, “Novini.bg”, “Manager.bg”, “StandartNews.com”, “Banker.bg”, “Utroruse”, “Novini247”, “News.bg” kimi nüfuzlu xəbər portallarında və nəşrlərdə dərc olunan yazılarda aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasiminin keçirildiyi vurğulanıb.

Bildirilib ki, Anlaşma Memorandumunu Azərbaycanın, Bolqarıstanın, Macarıstanın, Rumıniyanın və Slovakiyanın müvafiq sahə üzrə nazirləri imzalayıblar.

Qeyd olunub ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir. Vurğulanıb ki, əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

“Business.dir.bg”, “24chasa.bg” xəbər portallarının, “StandardNews” nəşrinin yaydıqları informasiyalarda oxucuların diqqətinə çatdırılıb ki, imzalanan bu saziş Bolqarıstanın ("Bulqartransqaz"), Rumıniyanın (Transqaz), Macarıstanın (FGSZ), Slovakiyanın (Eustream) qaz nəqli sistemləri operatorları və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafı üçün nəzərdə tutulub. Bildirilib ki, təşəbbüs Bolqarıstan tərəfindən irəli sürülüb və Avropa Komissiyası tərəfindən dəstəklənib. Layihə Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın mövcud qaz nəqli infrastrukturundan istifadə etməklə Azərbaycandan əlavə həcmdə təbii qazın ötürülməsinə imkan verəcək. Bu, həmçinin Bolqarıstanın regionun digər ölkələrinə təbii qaz təchizatının başlanğıc nöqtəsi olan ölkə kimi mövqeyini daha da gücləndirir.

“BTA” milli xəbər agentliyi, “UtroRuse”, “Novini247” saytları isə yazıb ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyevin iştirakı ilə Sofiyada Avropa İttifaqına təbii qaz tədarükünün təhlükəsizliyinin artırılması məqsədilə anlaşma imzalanıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı Rumen Radevin dəvəti ilə Bolqarıstanda səfərdədir. Agentliyin xəbərində Bolqarıstan Prezidenti Rumen Radevin tədbirdə söylədiyi fikirlərə də yer verilib. Prezident deyib ki, Azərbaycan təkcə Bolqarıstanın deyil, həm də Avropa İttifaqının strateji tərəfdaşıdır. O qeyd edib ki, bu gün imzalanan memorandum iki ölkə arasında tərəfdaşlığı gücləndirir və yeni imkanların aşkarlanmasına yönəlib.

Focus-news", “Manager.bg”, “Banker.bg” xəbər portallarının yaydıqları xəbərlərdə diqqətə çatdırılıb ki, Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstanda nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub. Sonra Prezident İlham Əliyev Rumen Radevin dəvəti ilə Bolqarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Yunanıstan ilə Bolqarıstan arasında qaz interkonnektorunun rəsmi açılış mərasimi də keçirilib.

“News.bg” saytı isə Bolqarıstan Prezidenti Rumen Radevə istinadən qeyd edib ki, Azərbaycan etibarlı ticarət və iqtisadi tərəfdaşdır. Qlobal və strateji dəyişikliklərə baxmayaraq, müqavilə öhdəliklərinə ciddi əməl edən Bolqarıstan artıq bir ildir Azərbaycandan təbii qaz alır. Həmçinin vurğulanır ki, Bolqarıstan ilə Azərbaycan arasında uğurlu və uzunmüddətli strateji tərəfdaşlıq mövcuddur. Diqqətə çatdırılıb ki, Rumen Radev bütün regionu səmərəli, sürətli şəkildə və ucuz qiymətə təbii qazla təmin etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib, imzalanmış Anlaşma Memorandumunun yeni imkanlar açacağına, ölkələr arasında qaz nəqli şəbəkəsini genişləndirəcəyinə inandığını deyib. “Biz artıq başqa daha vacib layihələr və gələcəyin enerjisinin - yaşıl hidrogenin ötürülməsi haqqında danışmağa başlayırıq, çünki bunu etmək üçün bütün əsaslarımız var”, - deyə Rumen Radev vurğulayıb.

Bolqarıstan mətbuatında, o cümlədən televiziya kanallarında çıxış edən ekspertlər Azərbaycan Prezidentinin səfərinin Avropanın enerji təhlükəsizliyi, həmçinin region üçün mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıblar.

 

 



Oxşar Xəbərlər

Xəbər lenti