8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bahavutdin Səmədov 19 mart 1978-ci ildə Dağıstan SSR-in (indikiDağıstan Respublikası Qarabudaxkənd rayonu) Lenin rayonunun Ullibiyaul kəndində anadan olub. 1995-ci ildə Ullibiyaul orta məktəbini bitirib. 2009-cu ildə Şimali-Qafqaz Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi” fakultəsini Menecer ixtisası ilə bitirib. 2012-14-illərdə Dağıstan Dövlət Universitetinin filologiya fakultəsində magistr pilləsi üzrə jurnalistika təhsili alıb.
2009-cu ildə "Rayonnu yaşavu” ("Rayonun yaşamı”) adlı qəzetində müxbirliyə başlayıb. 2014-cü ildə həmin qəzetin redaktor müavini təyin edilib. 2015-ci ildən Rusiya və Beynəlxalq jurnalistlər birliklərinin üzvüdür.
Qumuq dilində dərc olunan "Umut” ("Ümid”, 2013) və "Alqa Abat” (Bir addım önə”, 2017) şerlər toplusunun müəllifidir. 2015-ci ilin oktyabr ayında Kazanda keçirilən XI Beynəlxalq Türk Poeziyası festivalının iştirakçısı və diplomantıdır.
Bahavutdin Səmədovun şerləri "Tanqçolpan” (Dağıstan) və "İdel” (Tatarıstan) jurnallarında və Türkiyə Yazıçılar Birliyinin şerlər toplusunda (2016) dərc olunub.
2017-ci ildə "Əmək fəaliyyətinə və uzunmüddətli məhsuldar iş”inə görə Dağıstan Respublikasının fəxri fərmanı ilə təltif edilib.
Türk millətim yaşasın
Qumuq düzənliyi tarixən qədim,
Bu xalqın kimliyi, adı bəllidir.
Məskəni Xəzərin yaxınlığında,
Sevgisi əbədi ürəyimdədir.
Qaraçaylı, özbək, noğay, bolqarlar,
Azərbaycan türkü, başqırd və tatar,
Türkmənlər, qırğızlar, qazax qardaşlar
Bir güvənc, dayaqdır biz qumuqlara.
Əzəldən türklərin xalqlar içində
Xeyrxah, mübariz əməlləri var.
Kökümüz tarixin dərinliyində,
Süfrəsi açıqdır bizim qumuqlar.
Şərəfli xalq ötkəm olar əməldə,
Yeni nəsil babalara oxşasın.
Qardaş xalqlar həmrəydilər amalda,
Ulu xalqım – türk millətim yaşasın.
Ana borcu
Çal komuzu, əgər teli qırılsa,
Nağılçının söz boğçası sökülər,
Şairlərin qələmləri qurusa,
Sözlərindən hərflər qopub tökülər.
Qalxan döyüşçünü qoruyan sipər…
Güllə dərddir sinəmizə tuş gələr.
Dərd qalxanı deşib qəlbə çatarsa,
Döyüşçü ağlından keçər gör nələr?..
Taxıllar yetişib, yer saralanda,
Yaşıl zəmi qızıl rəngə boyanar.
Əkinçinin torpağa məhəbbəti
Ana torpaq şumlananda oyanar.
Alim düşüncəsi dərindən dərin,
Ağıl heç bir şeylə ölçüyə gəlməz.
Min dua etsə də bütün canlılar,
Bir ana borcunu yenə ödəməz.
Ata yurd
Ata yurddan əziz nə var insana?!
Ata yurdun hər daşı da doğmadır
Təmiz, safdır, söz olmaz havasına
Qocası, gənci də qəlbə yaxındır.
Ata yurdun işıqları – ulduzlar,
Bütün kainata əvəzdir özü.
Ata yurdun baldan şirindir sözü,
Ulduzlar tək işıq saçır qızları.
Ata yurdun qoçaqdır oğulları,
Boynuma dolanar güclü qolları.
Anlayıb, dərdimi hey paylaşarlar,
Şad, qəmli günlərdə yanımdadırlar.
Ata yurd atılmaz, nə unudulmaz,
Ona sayğı duymaq bizim borcumuz.
Yurddan dəyərlisi dünyada olmaz,
Ayrılmaz xeyirdə, şərdə yolumuz.
Sübh ulduzu
Alınıb satılır bu doğma torpaq.
Heç kimə etibar edə bilmirəm.
Mənim ovalığım yadlara tapdaq.
Onun ah-naləsi mənim qəmimdir.
Dağları, düzləri tapdalayırlar
Özgələr sayğısız, heç acımadan.
Yoxdur torpağıma dayaq duranlar,
Ağac kökü tək yapışdım ondan.
Qoy doğmalar torpağını tanısın
Dərindədir bu ağacın kökləri.
Doğma torpağın xahiş və yalvarışı
Mənim ürəyimi, ruhumu titrədir.
Çox ağır yük düşüb bəxtinə sənin,
Doğma torpaq, sabahı qutlayıram.
Tarixdən silinməz xoş günlərini,
Hər gün "sübh ulduz”unu axtarıram.
Nəsibli ol, ay qızım
Çöhrəni şad görəyim,
Öpüm al yanağından.
İnamlı addımınçün
Tutaram qollarından,
Qızım, sən mənim göydə
Süzən dan ulduzumsan.
Fərəhimsən qəlbimdə,
Mənim ilk nübarımsan.
Firavanlıq gördüyün
Bir evdə yaşayırsan.
Qağayıdır qaşların –
Özümə bənzəyirsən.
Mənim bütün ömrümün
Şəkərisən, duzusan.
İşığısan gözümün,
Nəsibli ol, ay qızım.
Üzümə gülümsəyir,
Sanki bu dünya-aləm.
Atan sənə güvənir,
Həqiqətimsən, balam.
Qumuq dilindən tərcümə edən: Dəyanət Osmanlı