8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Yaxud mürəkkəb suallardan, çətin tələblərdən asan nəticə istəyi...
25 ildən çoxdur fəaliyyətdə olan Lənkəran Dövlət Universitetinin rəhbərliyində iki il öncə dəyişiklik edildi. Mətbuat yazdı ki, keçmiş rektorun işdən azad olunmasına səbəb universitetdə baş verən neqativ hallar, özəlliklə rüşvət faktorunun olmasıdır.
Formal şəffaflıq yeniliyi
Universitetə rektor vəzifəsini icra etmək üçün Təhsil Nazirliyindən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov təyin edildi. Yeni təyinatdan sonra görülən işlər haqqında mətbuata məlumatlar sızmağa başladı. LDU-ya 2017-2018-ci tədris ili üçün keçid balları aşağı salındı. Bəzi ixtisaslara keçid balı 180-ə, hətta 150-ə belə endirildi. Rektor əvəzi universitetdə rüşvətin qarşısını almaq, imtahanların şəffaf keçirilməsini nümayiş etdirmək üçün hazırda əksər ali məktəblərdə olduğu kimi ictimai şura yaradıldığını elan etdi. Yəni universitetdə tələbələrin semetsr imtahanlarında media, valideynlər də iştirak edə bilər. Amma əksər tələbələr də, onların valideynləri də hesab edirlər ki, daha çox görüntü xarakteri daşıyan bu təşəbbüs tələbələrin bilik səviyyəsinin yüksəlməsində o qədər də uğurlu addım deyil. Bizə müraciət edən tələbələr hesab edirlər ki, onların bilik səviyyəsinin yüksəlməsində ən önəmli məsələ tədris proqramlarında əsaslı dəyişikliyin aparılmasıyla mümkün ola bilər.
Keçid balları ilə imtahan sualları tərs mütənasibdir
Bəzi tələbə və valideynlərin fikrincə, bu dəyişikliyin olmaması elə imtahan suallarında da özünü göstərir. Onların sözlərinə görə, LDU-da semestr imtahanlarında sualların tərtibatı ilə bağlı elə keçmiş rəhbərliyin dövründə olduğu kimi dəyişiklik aparılmayıb. Keçid balının aşağı salınmasına rəğmən semestr imtahanlarının sualları çətin və mürəkkəbdir. Elə bu səbəbdən də bəzi fənnlərdən imtahan nəticələri uğursuzdur. Bunu universitetin http://e.lsu.edu.az/exam/2017-2018/1/index.html saytında imtahan nəticələrindən də görmək olar. Məsələn, turizm və otelçilik ixtisasının I kurs tələbələrinin əksəriyyəti Ali Riyaziyyat fənnindən "2” alıb. Özü də universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İdrak Əsgərovun tədris etdiyi fənndən. Belə ki, 14 tələbədən 11-nin biliyi qeyri-kafi qiymətləndirilib. (Bax: http://e.lsu.edu.az/exam/2017-2018/1/2165.html)
8 tələbədən 6-sına "2”
Yaxud aqronomluq ixtisası üzrə fizika fənnindən I kurs tələbələrinin 8-dən 6-sının qiyməti "qeyri-kafi”dir. http://e.lsu.edu.az/exam/2017-2018/1/2144.html)
Elə yanvarın 16-da meşəçilik ixtisasından fizika fənnindən də tələbələrin əksəriyyəti kəsilib. Hurriyyet.org-a daxil olan məlumata görə, tələbələr LDU-nun internet səhifəsində qiymətlərinin olmadığını görüb dekanlığa müraciət etdikdə onlara cavab verilib ki, əksər tələbələr "qeyri-kafi” alıb deyə imtahan nəticələri açıqlanmır, nəticələrin dəyişdirilməsi üçün rəhbərliyin qərarı gözlənir. Sonradan isə tələbələrin imtahan nəticəsi dəyişdirilib. Fotolardan da görünür ki, başqa fənlərdə yalnız bir-iki tələbənin imtahan nəticəsi 51-dirsə, fizika fənnindən 7 tələbənin qiyməti 51-dir, bu isə qiymətin məqsədli şəkildə dəyişdirilməsi ehtimalına əsas verir.
Tələbələr apellyasiya şikayəti vermək istəyiblər. Onlara cavab verilib ki, imtahan sessiyası başa çatmamış apellyasiya müddəti bitib.
Auditoriyalarda dərs keçilmir?!
Bəzi fənnlərin imtahan nəticələrinin çox aşağı olması elə təəssürat yaradır ki, bu fənnlər sanki tədris olunmayıb.
Tələbələr onu da bildirirlər ki, onlara imtahan proqramları verilmir, təhsildə humanizm prinsipi gözlənmir, tələbələrin ikinci dəfə bilet çəkmək şansı yoxdur.
Meşəçi fizikanı fizikdən çox bilməlidir?
Sualların çətinliyilə bağlı tələbələrin narahatlığını nəzərə alıb biz də kiçik bir araşdırma apardıq. Azərbaycanın elmi-təhsil mərkəzi hesab edilən Bakı Dövlət Universitetində 2016/2017-ci tədris ilində fizika fənnindən keçirilən Yekun Dövlət İmtahanının sualları asan, orta və çətinlik dərəcəsinə bölünüb, hər bölmədə 8 sual var və bir mövzu bir sualdır. Amma LDU-da aqronomluq və meşəçilik ixtisasları üzrə "Fizika” fənni sillabusu fənn müəllimi dos. M.Bəşirov və kafedra müdiri dos.Ə.Nuriyev tərəfindən təsdiq olunub. 69 sualdan 4, bəzən 5,6, 7 mövzu bir sual olaraq verilib.
BDU-nun ixtisaslı fizik olacaq kadrı ilə LDU-nun aqronom və ya meşəçi, bağçı olacaq kadrını müqayisə etdikdə, ikincilərə fizikanı bu dərəcədə əsaslı, çətinləşdirilmiş mövzularla öyrənilməsi tələbi hər halda çox məntiqsiz görünür. Yəni belə çıxır ki, fizik olacaq kadrın fizikadan imtahan sualları, aqronom, meşəçi, bağçı olacaq kadrın imtahan suallarından daha asandır.
Əndrabadi tələb: Mühəndis riyaziyyatdan 40 suala, aqronom 70-inə cavab verməlidir
Hamıya məlumdur ki, Memarlıq və İnşaat Universitetində texniki fənnlər, özəlliklə Ali riyaziyyat fənninin tədrisi çox önəmlidir. Bu universitetdə Ali riyaziyyat fənnindən sualların sayı 40 olduğu halda, LDU-da dos İ.Əsgərov, kafedra müdiri N.Paşayevin tərtib etdiyi sualların sayı 70-dir. Tələbələr də, bəzi valideynlər də bu suaları müqayisə etdikdə bir bölgə universitetində sualların çətinlik dərəcəsinin daha yüksək, sualların daha mürəkkəb olduğunu bildirirlər.
Yaxud, BDU-da keçmiş təhsil naziri, riyaziyyatçı alim Misir Mərdanov kimya fakültəsi üzrə Ali riyaziyyatdan hazırlanan sualları öz imzasıyla təsdiq edib. Sual sayı 50-dir. Yəni kimya fənnindən ən uğurlu nəticə əldə etmək üçün tələbə maksimum 50 suala cavab verə bilər. LDU-da kimya fənninin sillabusu baytarlıq, meşəçilik üzrə tədris planı və fənn proqramı əsasında fənn müəllimi dos. G.Qədirova, kafedra müdiri R.Z.Şəmmədov tərəfindən tərtib edilib. Sual sayı 100-dür.
Prorektor danışmaq istəmir
LDU ilə əlaqə saxladıq. Yazıda qoyulan məsələ daha çox tədrislə əlaqədar olduğuna görə, tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru İdrak Əsgərovla danışmaq istədik. Amma o, bizə cavab verməkdən imtina etdi. Dedi ki, vaxtı yoxdur, qəbulunda başqa nümayəndələr var, mətbuat əlaqələndiricisi Esmira İsmayılova ilə əlaqə saxlayaq.
Suallarımızı Esmira İsmayılovaya ünvanladıq.
1. İmtahan sualları nə səbəbə başqa ali məktəblərlə müqayisədə çoxdur və mürəkkədir. Yeni rəhbərlik imtana suallarını yenidən nəzərdən keçirməyibmi?
2. Tələbələr bildirirlər ki, onlar imtahan prosesində imtahan proqramı ilə təmin olunmurlar. Başqa ali məktəblərlə maraqlandıq, məsələn, BDU-dan cavab aldıq ki, tələbələrin imtahan proqramı ilə təminatı mütləqdir. Nə səbəbə LDU-da bu məsələ nəzərə alınmır?
3. Tələbələrin bizə verdiyi məlumata görə, başqa ali məktəblərdə imtahan müddəti 3 saat olduğu halda, LDU-da imtahanın müddəti 2 saatdır. Bu qədər müddət fərqinə səbəb nədir?
4. LDU-dan digər bir narazılıq tələbələrə imtahan prosesində ikinci dəfə bilet çəkmək hüququnun verilməməsiylə bağlıdır. Niyə başqa universitetlərdə təhsildə humanizm prinsipi olaraq bu prinsip nəzərə alınır, LDU-da yox?!
Rektora xor baxırlar?!.
Mətbuat əlaqələndiricisi öncə cavab verdi ki, səslənən iradlarla razılaşmır. Güman edir ki, bu, yeni rəhbərliyin fəaliyyətinə qarşı əngəl yaratmaq üçün məqsədli şəkildə mətbuata sızdırılan məlumatlardır: "Doğrudur, mətbuat tərəzinin iki gözü kimi, bütün nöqsanları qeyd etməlidir. Amma, araşdırsam, məlum olacaq ki, qeyd etdiyiniz məsələlərin əsası yoxdur”. Bizsə faktları təqdim etdik və bildirdik ki, bir mətbu orqan olaraq, hansısa təbəqənin, qrupun mənafeyini müdafiə etməkdən uzağıq. Məqsəd görülən işlər arasında görünməyən nöqsanları üzə çıxarıb, ictimailəşdirib, bu nöqsanları aradan qaldırmaq, təhsildə daha şəffaf fəaliyyətə zəmin yaratmaqdır. Əgər bu nöqsanlar yoxdursa, daha yaxşı, biz nümunəvi bir təhsil modelini ictimailəşdirmiş olarıq.
Müzakirə olunan suallar bu qədər çətindirsə...
Amma mətbuat əlaqələndiricisinin cavablarından belə görünmədi. E.İsmayılova dedi ki, imtahan suallarının çətinliyilə bağlı indiyədək rəhbərliyə heç bir irad bildirilməyib. Amma bildirilməyibsə, bu o demək deyil ki, belə bir narazılıq yoxdur. Ola bilsin, tələbələr Azərbaycan reallığına uyğun iradılarını bildirməyə ehtiyat ediblər. Necə deyərlər, biz çox hallarda eyibimizi düzəltməkdənsə, eyibimizi göstərən güzgünü sındırmağa üstünlük veririk deyə, insanlarımız nöqsanları söyləməyə ehtiyat edirlər.
E.İsmayılova bildirdi ki, imtahan sualları sentyabr ayının 15-də kafedralarda müzakirə olunub, hazırlanıb və tələbələrə verilib”. (Görəsən müzakirə olunan suallar bu qədər mürəkkəbdirsə, müzakirə olunmazdan öncə necə olub?!)
Yenidən dərs keçib, imtahan verəcəklər
14 tələbədən 11-nin "qeyri-kafi” almasıyla bağlı E.İsmayılova dedi ki, o tələbələrə Ali-riyaziyyatdan 70 yox, 46 sual verilib və suallar da çox asan olub. O zaman belə təəsürat yaranır ki, o tələbələr, ümumiyyətlə, dərs keçməyiblər?! E.İsayılova: "Rektor dedi ki, onlar yenidən imtahan verəcəklər. Hansı qruplarda ki, şox tələbə kəsilib, kafedrlara tapşırılıb ki, onlara müəllimlər təhkim olunsun və onlar təkrar imtahan versinlər. Tələbələrin imtahan proqramıyla təminatına gəlincə, sentyabrın 15-dən onlara imtahan suallarının verilməsi, onların elə hazırlığına istiqamət vermək deməkdir(?!-red.) O ki qaldı, tələbənin ikinci dəfə bilet çəkməsinə, burada heç bir humanizm məsələsi yoxdur. Tələbələrə sentyabrın 15-dən suallar verilib, zəhmət çəkib hazırlaşsınlar. Bir tələbə sizə deməyib ki, ondan rüşvət istənib? Deyə də bilməz, çünki, rüşvət tamamilə aradan qaldırılıb”.
"Yenilik”: Aşağı balla keçiblər, yuxarı nəticə göstərməlidirlər
Mətbuat əlaqələndiricisi meşəçilik ixtisasında əskər tələbənin kəsilməsi faktını təsdiqlədi və bunu daha çox həmin tələbələrin ən aşağı keçid balı ilə universitetə qəbul olunmaları ilə izah etdi: "Onların çoxu 150 balla universitetə qəbul olunub, bilik səviyyələri aşağıdı, amma universitetimizin rəhbərliyi, onları məcbur edir ki, başqa yollara əl atmasınlar, oxusunlar. Nazirlər Kabinetinin müvafiq standartına uyğun olaraq onlar üçün fizika da əsas fəndir. Sualların çox olması tədrisin yükündən asılıdır, dərs saatı çoxdursa, sual da çox olmalıdır. Müəyyən vasitələrlə müəllimlərə yol tapmaq istəyindənsə, zəhmət çəkib oxusunlar. Lənkəran Dövlət Universitetinə 600 balla qəbul olunan tələbələrimiz də var. Bəs onlar necə oxuyur?! Natiq müəllim də deyir ki, ən başlıca marağımız tələbələrə diplom vermək yox, yox, bilik verməkdir”.
Maraqlıdır, bir insanın bilik səviyyəsi 150 balla qiymtələndirilirsə, ondan 600 ballıq bilik səviyyəsinə uyğun nəticəni necə gözləmək olar? Bu tələbin özü elə qeyri-şəffaflığa şərait yaratmazmı?! Belə qənaət yaranır ki, bir təhsil ocağında rüşvətə qarşı mübarizə aparılır, amma rüşvətə zəmin yaradan halların aradan qaldırılması üçün tədbir görülmür.
LDU rəhbərliyinin mövqeyini ifadə edən mətbuat əlaqələndiricisinin hansısa fikrində ola bilsin həqiqət var. Bir əyalətdə yerləşən ali təhsil müəssisəsinə mərkəzdən göndərilən rəhbərliyin fəaliyyətini əngəlləmək üçün məqsədli şəkildə hansısa neqativ hallara yol verilə bilər. Amma bu o demək deyil ki, əyər-əskiklər ört-basdır edilməlidir.
Yeri gəlmişkən, narkotika qəbulu ilə bağlı cənub bölgəsində baş verən faktların, LDU-da da cövlan etməsinə dair da redaksiyamıza məlumatlar daxil olub. Bu cür mürəkkəb vəziyyətlər yaradılan bir təhsil ocağıyla bağlı güman edirik ki, hüquq-mühafizə orqanları müvafiq araşdırmalar aparar.
Movzuya qayıdacağıq.
Sevil Ünal Hilalqızı