Azərbaycanın 4 diplomatı millət vəkili oldu

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.  

Sozcu.info unikal-a istinadla xəbər verir ki, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 55.9 faiz səslə öndədir.


P.Bülbüloğlu 2006-cı ildən Azərbaycanın Rusiyadakı səfiri idi.

Ondan başqa daha 3 diplomatımız parlament seçkilərində iştirak edir və onlar da öz dairələrində irəlidə gedirlər.

Onlardan biri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədovdur. O, 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürüb və hazırda 51 faiz səslə öndə gedir.

Q.Məmmədov 1999-cu ildən Azərbaycanın diplomatik xidmətində fəaliyyət göstərir. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycanın Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev 49 saylı Abşeron ikinci seçki dairəsində 46.7 faiz səslə rəqiblərini üstələyir. 49 yaşlı R.Nəbiyev əvvəllər Azərbaycanın Almaniyadakı səfirliyində müşavir olub.

Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürov isə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsində 44.5 faiz səslə irəlidədir.



Oxşar Xəbərlər

Xəbər lenti