8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rusiyanın bölgədəki əsas forpostu olan Ermənistan Qərblə Kreml arasında "ikili oyun”unu davam etdirir. Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, terrorçu-quldurbaşı Bako Saakyanın iki gündür ABŞ-da veyllənməsi də bu ikibaşlı siyasətin təzahürüdür. Halbuki, Saakyanın Rusiyanın adamı, daha dəqiqi, "Kreml tulası” ayaması ilə gizli casusu olduğu çoxdan məlumdur.
Təbii ki, Moskvada ermənilərin davranışında Rusiya maraqları əleyhinə olan bu kimi son gəlişmələri diqqətlə izləyirlər. Rusiya Azərbaycanla silah ticarətinin işğalçı ölkədə doğurduğu qıcığın bəhanə qismində Moskva əleyhinə istifadə olunmasının, bundan dolayı erməni cəmiyyətində anti-Rusiya ovqatının körüklənməsinin də yaxşı fərqindədir. Hərçənd, Ermənistan formal mövcudluğuna görə belə, müstəsna olaraq, Rusiyaya borcludur.
*****
Bununla belə, düşmən ölkədə hər fürsətdə Bakı-Moskva hərbi-texniki əməkdaşlıq faktını Rusiya rəsmilərinin üzünə vurmaqla, Kremli müttəfiqlik öhdəliklərinə sadiq olmadığını sübut eləməyə çalışırlar. Eyni zamanda özləri altdan-altdan Qərbə, Avropaya reveranslar eləməklə Moskvanı hər an sata biləcəkləri ilə şantaj edirlər. Yenə istisna olmadı. Belə ki, bu arada böyük bir nümayəndə heyəti ilə İrəvanda səfərdə olan Rusiya Federasiya Şurasının Beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev analoji ittihamla üzləşib.
"Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, İrəvandakı mətbuat konfransında erməni jurnalistlər onu Rusiyanın Azərbaycanın silah tərəfdaşı olmasına görə az qala "topa tutublar”. Əsas sual da belə olub: "Kremli Ukraynaya silah satılması hiddətləndirir. Ancaq bu, ona Ermənistanla müttəfiq ola-ola Azərbaycana 5 milyard dollar həcmində silah satmağa mane olmur - hansı silahların ki, bir qismi 2016-cı ildəki aprel müharibəsində istifadə olunub. Bunu necə izah edərdiniz?”
Rusiya rəsmisinin cavabı isə erməniləri tam mənasında məyus edib. Faktiki, İrəvanda "tərs şillə” effekti yaradıb.
Kosaçev öncə bildirib ki, Rusiyanın Azərbaycana silah satışı sırf kommersiya maraqlarından doğur və 2016-cı ilin aprelinədək olan anlaşmalar çərçivəsində həyata keçirilir. Yəni, qənaət hasil olur ki, Moskva İrəvanın hay-küyünü ciddiyə almadan Bakı ilə silah ticarətini 2016-cı ilin aprelindən sonra da dayandırmayıb - öncə imzalanan sazişlər əsasında olsa belə.
"Birinci, onu qeyd edim ki, belə hallarda söhbət qaynar fazada olan konfliktlərdən, o cümlədən hazırda silahların işə düşdüyü Ukraynadan gedir. Xoşbəxtlikdən Dağlıq Qarabağ münaqişəsi qaynar fazada deyil. Hamımız başa düşürük ki, vəziyyət partlaya biləcək həddədir və 2016-ci ilin faciəvi aprel hadisələri bunu bir daha təsdiqləmiş oldu. Rusiya (Azərbaycanla - red.) 2016-cı ilin aprelinədək olan sazişləri həyata keçirir. Biz həmin müqavilələrin bəndlərinə uyğun olaraq bunu etməliyik. Bildiyim qədəri ilə də Bakı ilə indiki həcmdə ticarət olmayacaq. Şübhəsiz ki, biz 2016-cı ilin aprelində yaşanmış situasiyaya reaksiya veririk. Buna şübhə olmasın”, - deyə Komitə sədri əlavə edib.
Lakin bu yerdə xatırladaq ki, Rusiya baş nazirinin müavini, Putinin yaxın adamlarından biri, ölkənin hərbi-sənaye sahəsinə cavabdeh olan Dmitri Roqozin ötən ilin sonunda Bakıda olub və Azərbaycanla yeni hərbi müqavilələrin imzalanmasının mümkünlüyünü söyləyib. Prezident İlham Əliyev isə həm bu ilin, həm də ötən ilin Davos forumlarında (yanvar) etdiyi çıxışları zamanı Rusiyadan ən yeni silahların alınacağı və yeni sazişlərin imzalanacağının anonsunu vermişdi - hansı ki, bu da işğalçı Ermənistanda təlaş qarışıq, Rusiyaya qarşı isteriyanı daha da gücləndirmişdi.
Demək, Kosaçov əslində erməniləri həm də başdan edib. Çünki Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığı təkcə köhnə anlaşmalar əsasında deyil, bütövlükdə heç nəyə baxmadan, qarşılıqlı maraqlar əsasında inkişaf edir.
Onu da xatırladaq ki, bu günlərdə Stokholmdakı Dünya Problemləri İnstitutunun (SIRRI) dünya üzrə silah ticarəti ilə bağlı yaydığı hesabatda Azərbaycanın son illər ərzində əldə elədiyi silah-sursat haqda da arayış yer alıb. Sənədə görə, Bakı təkcə son iki ildə 551 milyon ABŞ dolları dəyərində silah və hərb texnika alıb.
Bildirilir ki, 2017-c ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, Azərbaycanda birgə istehsal edilənlər də daxil, 40 ədəd "Orbiter” pilotsuz uçan zərbə aparatı, 215 ədəd "Spike-NLOS” tank əleyhinə raketlər alıb. Bundan əlavə, Bakı Çexiyadan 10 ədəd 122 mm-lik "RM-70" reaktiv atəş sistemləri, Slovakiyadan 18 ədəd ”Dana" 152 mm-lik özüyeriyən qaubitsa (tırtıllı texnika - red.) idxal edib. Hesabatın Azərbaycana aid hissəsində daha sonra deyilir: "Azərbaycan Rusiyadan da böyük həcmdə silah alıb. Belə ki, hesabat dövrü ərzində Moskva Bakıya 36 vahid ”Solntstepek" TOS 1 A ağır odsaçanlar, 40 ədəd BTR -82A, 800 vahid "Xrizantema” raket əleyhinə sistem satıb. Bundan əlavə, Rusiyadan daha 36 vahid "Solntstepek” TOS 1 A ağır odsaçanlar gətirilib. 2013-2014-cü illərdə Azərbaycan Rusiyadan başqa hərbi texnikalarla yanaşı, daha 18 ədəd "Solntstepek” əldə edib".
Maraqlıdır ki, bu rəqəmlər erməni tərəfində narahatlıqla qarşılanıb. Yerli KİV-lərdəki ekspert şərhlərində həmin silahların çox cüzi hissəsinin 2016-cı ilin "4 günlük” aprel müharibəsi zamanı istifadə edilməsinə xüsusi diqqət yönəldilib. Bu təlaş da məntiqlidir. Üstəlik, nəzərə alsaq ki, yeni Qarabağ savaşında Rusiya ümumiyyətlə, neytral qala, yəni acıq şəkildə müttəfiqi Ermənistanın tərəfini tutmaya bilər. Yeri gəlmişkən, az öncə "Rus NATO-su” kimi tanınan KTMT-nin Birləşmiş Qərargahlar rəisi Anatoli Sidorov Dağlıq Qarabağın KTMT-nin məsuliyyət sonasına daxil olmadığını və o üzdən Azərbaycan sərhədləri daxilində hərbi əməliyyatlara Rusiyanın qarışmayacağını bəyan eləmişdi...