18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Müstəqil Dövlətlər Birliyi (MDB) uzun illər postsovet məkanında regional əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, zaman keçdikcə bu qurumun həm siyasi, həm də iqtisadi baxımdan effektivliyi ciddi suallar doğurub. Azərbaycan da təşkilatın üzvü kimi formal şəkildə iştirak etsə də, MDB-dən çıxmaq məsələsi mütəmadi olaraq gündəmə gəlib. Lakin bu dəfə mövzu fərqli reallıqlar fonunda müzakirə olunur, həm Rusiyanın ölkəmizə qarşı artan təzyiqləri, həm də MDB-nin Azərbaycan üçün faydasız bir quruma çevrilməsi məsələnin aktuallığını daha da artırır.
Mövzu ilə bağlı Redaktor.Az-a danışan politoloq Həşim Səhrablı bildirdi ki, bölgədə artan anti-Rusiya dalğası, Moskvanın Azərbaycana qarşı sərgilədiyi haqsız mövqe və hörmətsizliklər fonunda MDB-də qalmaq məsələsi yeni reallıqlar kontekstində müzakirə olunur.
Onun sözlərinə görə, Azərbaycanın MDB-dən çıxması məsələsi ilk dəfə gündəmə gəlmir. Lakin bu dəfə məsələ anti-Rusiya dalğasının gücləndiyi, Moskvanın Azərbaycana qarşı ciddi haqsızlıq və hörmətsizliklər etdiyi bir reallıqda müzakirə olunur:
"Əgər 15-20 il əvvəl MDB-dən çıxmaq ideyası əsasən təşkilatın gələcəksizliyi və beynəlxalq bir qurum kimi perspektiv vəd etməməsi ilə izah edilirdisə, bu gün söhbət həm də MDB-nin lazımsız qurum olması ilə yanaşı, Azərbaycanın milli maraqlarına qarşı Rusiyanın ortaya qoyduğu antitezislərlə bağlıdır. MDB-nin yaradılma məqsədi rəsmi sənədlərdə fərqli şəkildə ifadə olunsa da, əsl niyyət hər kəsə bəllidir – bu, SSRİ-nin dağılmasından sonra Moskvanın təsirini saxlamaq üçün Avropa İttifaqına bənzər yeni layihə yaratmaq cəhdi idi. Lakin bir neçə ildən sonra aydın oldu ki, MDB heç bir perspektivə malik deyil və Rusiya bu mexanizmlə istədiyi təsirləri saxlaya bilmədi.
Hazırda Azərbaycanın MDB-dən çıxması rəsmi şəkildə elan olunmasa da, bu, artıq gözlənilən addım hesab olunur. Ola bilsin, yaxın aylar və ya illərdə bu məsələ gündəmə gətiriləcək. Çünki MDB Azərbaycanın milli maraqlarına uyğun heç bir effektiv nəticə və ya perspektiv vəd etmir. Azərbaycan MDB ölkələri ilə ikitərəfli əsasda münasibətlərini normal şəkildə inkişaf etdirir. Üstəlik, Mərkəzi Asiya dövlətləri ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində daha perspektivli əməkdaşlıq qurulub. Belarus və Şərqi Avropanın digər ölkələri ilə isə coğrafi yaxınlıq olmadığına görə MDB çətiri altında birləşmək əslində faydasızdır".
Siyasi şərhçi qeyd etdi ki, Azərbaycan artıq Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirib, Qoşulmama Hərəkatında mühüm rol oynayır, BRICS-lə də müəyyən tərəfdaşlıq imkanlarını araşdırır.
"Bu halda MDB-də qalmaq nə qədər əhəmiyyətlidir? Təşkilatın Azərbaycana nə verdiyi, hansı üstünlüklər təmin etdiyi ciddi suallar doğurur. Üstəlik, Rusiyanın hazırkı siyasəti Azərbaycana qarşı yönəlib və Moskva ölkəmizi öz maraqlarına “təhlükə” kimi qəbul edir. Bu şəraitdə Azərbaycan Rusiyanın planlarını ifşa etmək və onların qarşısını almaq üçün yeni addımlar atmalıdır. Belə addımlardan biri də MDB-dən çıxmaq ola bilər. Çünki hər bir beynəlxalq təşkilatın müəyyən müddəaları olur və üzv dövlətlər bu müddəaları qəbul etmiş sayılır. Gələcəkdə Rusiya bu müddəalardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edə bilər. Bu risklərin qarşısını almaq və perspektivsiz bir quruma bağlılığı aradan qaldırmaq üçün MDB-ni tərk etmək ən doğru yol ola bilər".
Nuriyyə NATİQQIZI