17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
İran və Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətlərinin sabah, 22 aprel çərşənbə günü Pakistanın paytaxtı İslamabadda barışıq danışıqlarının ikinci mərhələsi üçün bir araya gələcəyi bildirilir.
CNN-in məsələ ilə bağlı yaxın mənbələrə istinadən yaydığı məlumatlara görə, görüşlərin çərşənbə günü başlaması planlaşdırılır. CNN-ə danışan mənbələr ABŞ-ın vitse-prezidenti JD Vance-in danışıqların yeni raundunda iştirak etmək məqsədilə bu gün Vaşinqtondan Pakistana yola düşəcəyini iddia edib.
Bununla belə, prosesdə iştirak edən hər iki tərəfin nümayəndələri mövcud vəziyyəti “kövrək” və “qeyri-sabit” kimi qiymətləndirir. Ağ Ev hələlik amerikalı diplomatların səfər vaxtı ilə bağlı rəsmi təsdiq verməyib. Donald Tramp administrasiyası isə heyətin yaxın vaxtlarda yola düşəcəyini gözlədiklərini, lakin dəqiq qrafikin hələ tam müəyyənləşmədiyini bildirib.
Axios nəşrinin yazdığına görə, İran tərəfi əvvəlcə İslamabaddakı yeni danışıqlar mərhələsinə qoşulmaq məsələsində tərəddüd edib. Buna səbəb kimi İslam İnqilabı Keşikçiləri Korpusunun təzyiqləri göstərilir.
Məlumata əsasən, iranlı nümayəndələr görüşlərə qatılmaq üçün ölkənin dini lideri Müctəba Xameneidən razılıq gözləyib və bu icazə bazar ertəsi axşamı verilib. Həmin xəbərdə qeyd olunur ki, Ağ Ev də bazar ertəsi boyunca Tehrandan gələcək yekun razılığı gözləyib.
ABŞ Prezidenti Donald Tramp 20 aprel tarixində verdiyi açıqlamada tərəflərin “bu gecə” razılaşma imzalayacağını söyləmişdi. Lakin o, sənədin məzmunu və ya əhatə dairəsi barədə əlavə təfərrüat açıqlamamışdı.
Vaşinqton ilə Tehran arasında əldə olunduğu bildirilən müvəqqəti atəşkəsin müddəti bu gün başa çatır. Atəşkəs fonunda tərəflər sülh sazişinin şərtlərini müzakirə etmək üçün 11 aprel tarixində də Pakistan ərazisində görüş keçirmişdi.
Danışıqlarda əsas mübahisə mövzusu İranın nüvə proqramı olaraq qalır. Axios yazır ki, Vaşinqton Tehrana uranın zənginləşdirilməsi fəaliyyətinə 20 illik moratorium tətbiq olunmasını təklif edib. York Times isə İranın bu fəaliyyətləri beş il müddətinə dayandırmağa razı olduğu barədə məlumat yayıb.
İranın rəsmi xəbər agentliyi IRNA 19 aprel tarixli xəbərində Tehranın ABŞ ilə ikinci mərhələ danışıqlarında iştirakdan imtina etdiyini bildirmişdi. Həmin məlumatda bu qərarın səbəbi kimi Vaşinqtonun “real olmayan tələbləri” və davam edən dəniz blokadası göstərilib.
ABŞ ordusunun 13 apreldən etibarən Hörmüz boğazı və İran limanları istiqamətində blokada xarakterli fəaliyyətlərə başladığı qeyd olunur. Tehran bu addımı “uğursuzluğa məhkum təşəbbüs” adlandırıb.
ABŞ hərbi dairələrinin açıqlamasına görə, İran limanlarına daxil olan və oradan çıxan gəmilərin hərəkəti məhdudlaşdırılıb. ABŞ Mərkəzi Komandanlığı, CENTCOM isə 18 aprel tarixinədək 23 gəminin saxlanılaraq yoxlamaya cəlb edildiyini açıqlayıb.
Arzuman Loğmanoğlu
sozcu.info