“Dövlət qulluğu təkcə kreslo tutmaq deyil” - PA şöbə müdirindən məmurlara mesaj

“Dövlət qulluğu təkcə kreslo tutmaq deyil” - PA şöbə müdirindən məmurlara mesaj

 

Azərbaycanda dövlət qulluqçuları məşğul əhalinin çox cüzi hissəsini təşkil edir.

 

Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun məqaləsində deyilir.

 

Məqalədə qeyd olunur: "Qədim və zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə malik olan Azərbaycanın keçmişinə və bu gününə nəzər saldıqda, xalqımızın milli mənəvi dəyərlərini yaşatmaqla yanaşı, dövlətçilik ənənələrini də qoruyub saxladığının, daim inkişaf etdirdiyinin şahidi oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bütün ictimai-siyasi quruluşlardan asılı olmayaraq xalqımız bizim milli, dini dəyərlərimizi qoruyub və biz dərin milli mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir.

 

Tarixin keşməkeşli və şərəfli yollarında müəyyən dövrlərdə dövlətçiliyini müvəqqəti itirməsinə baxmayaraq, Azərbaycan xalqının dövlətçilik ruhu həmişə yüksək olub və öz müstəqilliyi uğrunda mübarizəsini heç vaxt dayandırmayıb. Məhz bunun nəticəsidir ki, çar imperiyasının süqutundan sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və bugünkü Azərbaycanımız müsəlman Şərqində ilk demokratik dövlətin varisidir. Xalq Cümhuriyyətinin bolşevik işğalına məruz qalanadək mövcud olan qısa dövrdəki fəaliyyəti bu gün hər birimizin qəlbində qürur hissi doğurur.

 

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində sübut etdi ki, xalqımızın dövlətçilik ənənələri yaşayıb və yaşayacaqdır. Böyük iqtisadi və siyasi təzyiqlərə, yaranmış siyasi vəziyyətdən istifadə edərək erməni millətçilərinin törətdikləri təcavüzkar hərəkətlərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə hər bir müstəqil dövlət üçün zəruri olan məsələləri həll edib, 200-dən artıq qanun qəbul etməklə müstəqil dövlətin qanunvericilik bazasını yaradıb, bir çox Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verib, Azərbaycan Ordusunu və digər mühüm dövlət qurumlarını təsis edib, elm, mədəniyyət sahəsində böyük işlər görüb".

Məqalədə deyilir ki, bir əsrdə iki dəfə müstəqilliyini bərpa etmiş Azərbaycan xalqının dövlət quruculuğu sahəsində gördüyü işlər hər cəhətdən təqdirəlayiqdir: "Xalq Cümhuriyyəti Rusiya imperiyasının qalıqları üzərində qurulmuşdusa, ikinci müstəqil Azərbaycan dövləti Sovetlər İttifaqının dağılması nəticəsində yaradılıb. Azərbaycanda dövlət quruculuğunun inkişaf mərhələlərinə nəzər saldıqda, hər iki mərhələdə böyük sınaqlarla üzləşməsinə baxmayaraq, ölkəmizin bu sınaqlardan uğurla çıxdığının, xalqımızın böyük siyasi və dövlət xadimlərinin, ziyalılarının yüksək vətənpərvərlik nümunəsi göstərdiklərinin şahidi oluruq.

Bugünkü qüdrətli Azərbaycanın qurulmasında, inkişafında və müstəqilliyimizin əbədiləşdirilməsində misilsiz xidmətləri olan tarixi şəxsiyyətlərimizdən danışarkən, ilk növbədə, ulu öndər Heydər Əliyevin gördüyü işləri, Azərbaycan dövlətçiliyinin dəyərli ənənələrinin formalaşması üçün yaratdığı maddi və mənəvi əsasları xüsusi vurğulamalıyıq.

 

Azərbaycan dövlətinin bugünkü nailiyyətləri təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də əvəzsiz bir sərvətdir. Xalqımızın bu qətiyyəti və iradəsi beynəlxalq aləmdə də böyük rəğbətlə qarşılanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin keçirdiyi rəsmi qəbulda müstəqilliyimizin bərpasından sonrakı dövrdə əldə olunan nailiyyətlərimiz dərindən təhlil edilib, bu nailiyyətlərin kökündə Azərbaycan xalqının istedadı ilə yanaşı, ölkədə mövcud olan siyasi sistemin və demokratik şəraitin də rolu xüsusi vurğulanıb. Prezident İlham Əliyev fəxrlə qeyd edib ki, Azərbaycanın bugünkü nailiyyətlərinin qazanılmasında Heydər Əliyev ideyalarının, onun yaratdığı idarəçilik məktəbinin və bu məktəbi keçmiş kadrların böyük rolu olub.

Azərbaycan dövlətinin müstəqillik illərində qazandığı nailiyyətlərdən danışarkən, ilk növbədə, onun iqtisadi qüdrətini əks etdirən faktlardan bəhs etməliyik. Bu baxımdan dünya ölkələrinin iqtisadi inkişafını və inkişaf perspektivlərini əks etdirən, geniş və dərin təhlilləri ilə çox yüksək nüfuz qazanmış Dünya İqtisadi Forumunun hər il elan edilən hesabatlarına nəzər salmaq kifayətdir. 1971-ci ildən fəaliyyət göstərən, dünyanın ən mötəbər reytinq təşkilatlarından biri sayılan Davos Forumunun nəticələri ən obyektiv nəticələr hesab olunur.

Hər il bu Forumun sessiyalarında fəal iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin səyləri sayəsində ölkəmizin iqtisadi göstəriciləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Sevindirici haldır ki, dünyanın 137-dən çox ölkəsi arasında Azərbaycanın tutduğu yer ildən-ilə yüksəlir. Əgər 2006-cı ildə Azərbaycan rəqabətqabiliyyətliliyinə görə 62-ci yerdə idisə, 2017-2018-ci illər üzrə rəqabətqabiliyyətlilik reytinqində ölkəmiz 35-ci yerə yüksəlib. Maraqlıdır ki, bu göstərici üzrə Azərbaycan Polşa, Litva, İtaliya, Bolqarıstan, Türkiyə, Latviya, Qazaxıstan, Macarıstan, Gürcüstan, İran və bir sıra başqa ölkələri geridə qoyub və rəqabətqabiliyyətlilik göstəricisi üzrə MDB ölkələri arasında birinci yerdə qərarlaşıb.

Azərbaycanın iqtisadi, siyasi, mədəni və idman uğurları haqqında danışarkən bütün bu nailiyyətlərin qazanılmasında müstəqillik illərində dövlət idarəçiliyinin təmin edilməsi üçün qəbul olunan qanunvericilik bazasının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır".

 

Bildirilir ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdən başlayaraq son 26 ildə Azərbaycanda yüzlərlə qanun, fərman və sərəncam imzalanıb, qərarlar qəbul edilib, 2000-ci il iyulun 21-də isə Azərbaycanda dövlət qulluğunun təşkilində yeni dövr açan "Dövlət qulluğu haqqında” Qanun imzalanıb: "Qəbul edildiyi gündən indiyədək bu qanundan irəli gələn bir çox normativ hüquqi aktlar imzalanıb, eyni zamanda, ölkə qanunvericiliyinin müntəzəm təkmilləşdirilməsindən irəli gələn mühüm dəyişiklik və əlavələr edilərək son dərəcə mükəmməl bir qanun kimi formalaşıb. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, "Dövlət qulluğu haqqında” Qanuna onun qəbul edildiyi gündən indiyədək 170 dəyişiklik və əlavə edilib. Bu dəyişiklik və əlavələr qanunun təkmilləşməsinə xidmət edib və qətiyyətlə demək olar ki, bu qanun postsovet məkanında ən mükəmməl qanunlardan biridir.

 

"Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq qəbul edilmiş aktları sadalayarkən dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər haqqında qanunları qeyd etmək lazımdır. Dövlət qulluğu məsələlərinə dair indiyədək onlarla qanun, fərman, sərəncam və bir çox digər normativ xarakterli aktlar qəbul edilib ki, bunlar da bu gün respublikada idarəçiliyin təşkilində mühüm rol oynayır.

Ümumiyyətlə, dövlət quruculuğu məsələləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət yetirdiyi sahələrdən biridir. Bu məsələləri idarəetmənin müxtəlif sahələrini əhatə edən normativ hüquqi aktlarla tənzimləyən Azərbaycan Prezidenti son 5 il 5 ay ərzində dövlət quruculuğu məsələlərinə dair 420-dən artıq fərman və sərəncam imzalayıb.

Bir mühüm məsələni nəzərə almaq lazımdır ki, dövlət qulluğu bəzilərinin düşündüyü kimi, təkcə kreslo tutmaq, geniş səlahiyyətlər əldə etmək kimi başa düşülməməlidir. Əksinə, dövlət qulluqçularının çiyninə ağır yük düşür və bunu hər kəs gündəlik təcrübəsində görür və hiss edir. İlk baxışda onların sayı çox görünsə də, əslində, heç də belə deyildir. 2018-ci il yanvarın 1-nə olan məlumata görə, hazırda ölkədə dövlət qulluqçularının sayı 29,3 min nəfərdir ki, onların 28,8 faizini qadınlar təşkil edir".

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü göstərir ki, bu sahədə çalışanların orta yaş həddi 44 ildir. Bu rəqəmlər gənclər üçün zəngin təcrübə məktəbindən bəhrələnmək imkanı olduğunu sübut edir.

Qeyd olunur ki, ümumilikdə ölkənin idarə olunmasında və inkişafının gücləndirilməsində ciddi rol oynayan dövlət qulluqçularının sayı heç də çox deyildir. Respublikada fəaliyyət göstərən dövlət orqanlarında çalışan dövlət qulluqçuları Azərbaycanın məşğul əhalisinin çox cüzi bir hissəsini – 0,6 faizini təşkil edir:

 

"Hazırda dövlət qulluğunda çalışanların bilik və bacarığı, peşəkarlığı imkan verir ki, respublikada dövlət qulluğunun təşkili yüksək səviyyədə həyata keçirilsin. Bununla yanaşı, dövlət qulluqçularının hazırlıq səviyyəsi daim diqqət mərkəzindədir. Ölkə iqtisadiyyatının inkişafında olduğu kimi, kadr məsələlərinin həllində də düşünülmüş proqramlar əsasında işlər davam etdirilir. Bir məsələni vurğulamaq lazımdır ki, dövlət qulluğunun təşkilində kadrların peşəkarlığı, səriştəliliyi həmişə vacib olub, bu gün də vacib məsələlərdən biri sayılır və bunun üçün ən müxtəlif vasitələrdən geniş istifadə olunur.

Respublikada fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyası, həmçinin müxtəlif nazirliklər üçün bilavasitə kadrlar hazırlayan sahə akademiyaları, eləcə də ali məktəblərin müvafiq fakültələri hər il Azərbaycanın kadr ehtiyatlarını zənginləşdirir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə son illərdə "Xaricdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərilən tələbə, magistr və doktorantura səviyyələrində təhsil alan gənc kadrların irəli çəkilməsinə ciddi əhəmiyyət verilir. Sevindirici haldır ki, dünyanın aparıcı universitetlərinə göndərilən şəxslərin 63 faizi magistratura və doktorantura səviyyələrində təhsil alan gənclər olub. Son illərdə Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və rəqabətqabiliyyətli sənaye sahələrinin yaradılması müasir biliklərə yiyələnmiş mütəxəssislərin, o cümlədən idarəçilik kadrlarının yetişdirilməsini zəruri edir.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edildikdən sonra 12 əsas istiqamət üzrə hazırlanmış yol xəritələri dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Sərəncamı ilə təsdiq edilib və hazırda həmin xəritələrin yerinə yetirilməsi üçün ardıcıl və intensiv iş aparılır".

Məqalədə deyilir: "Təbiidir ki, böyük perspektivli proqram və layihələrin həyata keçirilməsi, müasir dünya standartlarına cavab verən texnologiyaların tətbiqi bütün sahələrdə çox yüksək hazırlıqlı mütəxəssislərin yetişdirilməsini tələb edir. Buna görə də Azərbaycan Prezidenti ölkədə kadr hazırlığı məsələlərinə həmişə böyük diqqət yetirir və bunu respublikanın gələcək inkişafı üçün olduqca vacib hesab edir. 2017-ci il aprelin 16-da qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan Prezidenti bunu xüsusi vurğulayaraq deyib: "Kadr hazırlığına xüsusi diqqət göstərilməlidir. Biz ixrac üzrə mütəxəssislər hazırlamalıyıq. Ümumiyyətlə, kadr hazırlığı indi qarşımızda qoyulan ən vacib məsələlərdən biridir. Çünki ölkə inkişaf edir, yeni müəssisələr yaradılır və bu müəssisələrdə fəaliyyət göstərən bu kadrlar hazırlıqlı olmalıdır”.

Azərbaycanın bütün sahələrdə yetişən və formalaşan gənc kadrlarına artıq respublikanın əksər dövlət orqanlarında öz bacarıq və qabiliyyətlərini göstərmək imkanı yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularına qarşı həmişə yüksək tələbkarlıq göstərir və onlardan xalqın xidmətçiləri kimi öz vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirməyi tələb edir, bütün tədbirlərdə və görüşlərdə dövlət qulluqçularına nümunə göstərir. Cənab Prezident dövlət qulluğunda şəffaflığın, ictimai nəzarətin artırılmasının vacibliyini dönə-dönə qeyd edir, dövlət qulluğunda nöqsanlara yol verən və bu şərəfli ada xələl gətirən şəxslərə qarşı çox ciddi tədbirlər görülməsini tələb edir.

 

Azərbaycan Prezidenti vaxtaşırı yerlərə etdiyi səfərlər vasitəsilə özünün vəzifəyə təyin etdiyi rəhbər şəxslərin fəaliyyətinə nəzarət edir və onların gördüyü müsbət işləri qiymətləndirməklə yanaşı, yol verdikləri nöqsanların da aradan qaldırılmasını ciddi tapşırır. Cənab Prezident bu barədə danışarkən deyir: "Mən regionlarda çox tez-tez oluram. İlk vaxtlar yerli rəhbərlər fikirləşirlər ki, Prezident gəldi, tapşırıqlar verdi, bir də haçan buraya gələcək. Mən isə yarım ildən sonra bir də, daha yarım ildən sonra bir də gedirdim. Yerlərdəki rəhbərlər başa düşdülər ki, qərarları yerinə yetirmək və öz işini Prezident oraya səfər edəndən-edənə deyil, hər gün görmək lazımdır. Ona görə bu cür canlı ünsiyyət mənə əlimi xalqın nəbzində saxlamaq, nəyin insanları narahat etdiyini bilmək və əlbəttə, qərarların yerinə yetirilməsinə nəzarət etmək imkanı verir. Düşünürəm ki, qarşıdakı illərdə bizim fəaliyyətimizin əsas istiqaməti idarəetmə sisteminin təkmilləşdirilməsi olacaq”.

Bu gün cəsarətlə demək olar ki, əslində, bu islahatlar həmişə aparılıb və aparılmaqdadır. Sadəcə, son iki il ərzində bu islahatların aparılması daha geniş vüsət alıb. Buna misal olaraq son vaxtlar Prezidentin fərman və sərəncamları ilə yaradılmış yeni dövlət qurumlarını, həmçinin onların strukturlarının yenidən formalaşdırılmasını qeyd etmək olar.

Ölkədə idarəetmə sistemində aparılan islahatlardan danışarkən Azərbaycan Respublikasının vitse-prezidentləri təsisatının və onların xidmətlərinin yaradılmasını xüsusi vurğulamaq lazımdır. Birinci vitse-prezident Mehriban Əliyevanın və onun xidmətinin fəaliyyəti respublikada idarəetmə sahəsində yeni dəyişikliklərin əsasını qoyub və hazırda uğurla davam etdirilməkdədir".

Bildirilir ki, Azərbaycanda dövlət qulluğunun lazımınca təşkili üçün həm siyasi rəhbərliyin iradəsi, həm onun səmərəli həyata keçirilməsi üçün real şərait, maddi və mənəvi baza, intellektual potensial vardır. Dövlət qulluğunun əsasını təşkil edən mühüm cəhətlərin – səmərəliliyin, xalqa xidmətin, habelə şəffaflığın və hesabatlılığın tətbiqi cənab Prezident tərəfindən həmişə önə çəkilir:

 

"Azərbaycan dövlətinin və onun rəhbərliyinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, onun sosial vəziyyətinin, güzəranının təmin edilməsi əsas yer tutur. Cənab Prezident respublika Nazirlər Kabinetinin iclasında deyib: "Hər bir dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır. Məmur özü və onun ailə üzvləri təkəbbürlü davranmamalıdırlar. Ancaq buna baxmayaraq, bəzən hələ də görürük ki, həm məmurlar özlərini apara bilmirlər, kobud səhvlər buraxırlar, həm də ailə üzvləri hesab edirlər ki, onların xüsusi imtiyazı var. Azərbaycanda heç kimin heç bir imtiyazı yoxdur... Heç kimə heç bir güzəşt edilmir və mənim son qərarlarım onu bir daha təsdiqləyir. Hamı nəticə çıxarsın”.

 

Dövlətimizin başçısı respublikada dövlət qulluğunun, bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi üçün müntəzəm və ardıcıl addımlar atır. Dövlət qulluğunda şəffaflığın təmin edilməsində və mənfi halların aradan qaldırılmasında institusional tədbirlərin görülməsini zəruri hesab edir və buna hər vasitə ilə dəstək olur. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan Prezidenti bunu ictimai xidmətlər sahəsində böyük bir inqilab adlandıraraq deyir: "ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət”lə maraqlanır. Bizim "ASAN xidmət” bir neçə ölkə ilə sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət” mərkəzləri yaradılır”.

Dövlət qulluqçularının öz peşə bayramlarını qeyd etdiyi bu günlərdə hər il olduğu kimi, bu sahədə görülən işlərə yekun vurulur, dövlət qulluğunun daha da təkmilləşdirilməsi və yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir.

Bu gün dünya miqyasında ən sabit ölkələrdən biri olan Azərbaycan əldə etdiyi uğurlara – iqtisadiyyatını 3,2 dəfə artırmaqla dünya miqyasında analoqu olmayan inkişaf nümunəsi göstərdiyinə, digər iqtisadi göstəricilərinə, həmçinin qeyri-neft sektorunun inkişafına, humanitar sahədəki nailiyyətlərinə görə həqiqətən fəxr edə bilər. Prezident İlham Əliyevin dediyi kimi, bu, "görülən işlərin, aparılan düzgün siyasətin, xalqımızın istedadının, xalqla iqtidar arasında birliyin nəticəsidir. Bu gün hansı sahəyə baxsan inkişaf var, tərəqqi var və gələcək dinamik inkişaf üçün aydın baxışlar var. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir”.

Azərbaycan Respublikasının Prezidenti görülən işləri fəxrlə qeyd etməklə yanaşı, daim irəli baxır, ölkəmizin gələcək inkişafının istiqamətlərini aydın təsəvvür edir və xalqı bu inkişaf yolu ilə irəli apararaq deyir: "Azərbaycan bu gün uğurla, sürətlə inkişaf edən ölkədir, ancaq biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Daim qabağa baxmalıyıq və növbəti illərdə görüləcək işlərlə bağlı fəaliyyətimizi düzgün qurmalıyıq”.

Heç bir şübhə yoxdur ki, dövlət qulluqçularının fəaliyyəti ölkənin inkişafında, xalqın güzəranının yaxşılaşmasında öz əksini tapır. Cənab Prezidentin qeyd etdiyi kimi, dövlət qulluğunun təşkilində beynəlxalq təcrübə nəzərə alınmaqla daha böyük yeniliklər həyata keçiriləcək, bu sahədə yeni yanaşmalar və təşəbbüslər Azərbaycanda dövlət qulluğunun nüfuzunun gündən-günə yüksəlməsinə və onun daha yaxşı təşkilinə imkan verəcəkdir".

Qeyd edək ki, 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günüdür.



Oxşar Xəbərlər

Xəbər lenti