İlon Maskla Qüdrət Şükürovun nə əlaqəsi...

 

ABŞ-da "Tesla” şirkətinin qurucusu, dünyanın ən məşhur iş adamlarından biri İlon Mask şirkətin direktorlar şurasının sədri postunu tərk etməyə və 20 milyon dollar cərimə ödəməyə razılaşıb.

Virtualaz.org Amerika KİV-lərinə istinadən xəbər verir ki, biznesmen bu addımı ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən irəli sürülmüş pretenziyanı aradan qaldırmaq üçün atıb. SEC İlon Maskı investorları çaşdırmaqda ittiham edirdi.

Belə ki, Mask bu ilin avqust ayında seriya tvitlər yayaraq "Tesla” şirkətinin səhmlərini bir ədədi 420 dollardan olmaqla, yəni bazar dəyərindən 20 faiz baha almağa hazırlaşdığını bildirib. Biznesmen səhmləri almaq üçün vəsaiti borc götürəcəyini yazıb. O, "maliyyələşmənin təmin olunduğunu” vurğulayıb.

 

Lakin bu tvitlərdən 17 gün sonra Mask "Tesla” şirkətinin səhmlərini dövlətdən almaq və onu özəl şirkətə çevirmək planlarından imtina edib. SEC dərhal bu məsələyə müdaxilə edib və araşdırıb ki, "Tesla”nın qurucusu səhmlərin alınmasına dair sövdələşməni potensial investorlarla müzakirə etməyib və əslində onun maliyyə mənbələri olmayıb. Maskın bütün bəyanatları "Tesla”nın səhmlərinin kəskin tərəddüdləri-qalxıb enməsi fonunda verilib. SEC bildirib ki, səhmlərin alınması planına dair mühüm informasiyanın Mask tərəfindən informasiyanın açıqlanmasına dair müvafiq qanunvericiliyin tələblərinə əməl olunmasını etibarlı şəkildə nəzarət etmədən yayılması düzgün deyil.

ABŞ qanunvericiliyinə əsasən şirkətlər və onların top-menecerləri mühüm korporativ hadisələrə dair informasiyaları yaya bilməzlər. Bu cür informasiyalar ancaq investorlar üçün vərdiş edilmiş və əlçatan kanallarla, hərtərəfli şəkildə yayılmalıdır. İndi Maskın istefasından sonra "Tesla” razılaşıb ki, gələcəkdə bu cür pozuntuya yol verilməyəcək, şirkətin direktorlar şurasına iki müstəqil direktor daxil olacaq.

İlon Mask özü isə 45 gün ərzində direktorlar şurasının rəhbəri vəzifəsini tərk etməlidir, o yaxın 3 ildə bu vəzifəni yenidən tuta bilməz. Bununla belə biznesmen şirkətin baş direktoru vəzifəsini və direktorlar şurasındakı yerini saxlayacaq. İlon Maskla SEC arasında barışıq razılaşması məhkəmə tərəfindən təsdiq olunandan sonra qüvvəyə minəcək. Belə ki, ötən həftə sonu SEC biznesmeni məhkəməyə verib. Çünki Mask son anda tərəflər arasında məhkəməyəqədərki barışıq razılaşmasından imtina etmişdi və özünü məhkəmədə müdafiə etməyə hazırlaşırdı. Lakin cəmi iki gün sonra Mask fikrini dəyişib və SEC-lə sövdələşməyə girib.

Oxucular bu əhvalatı oxuduqdan sonra haqlı olaraq sual edə bilərlər-bəs İlon Maskın Bakı Lift-Təmir İstehsalat Birliyinin, yaxud "Liftremont”un rəhbəri Qüdrət Şükürova nə dəxli? Axı bizim Şükürov "Tesla”nın direktorlar şurasında yer almır və onun işi elektrik mühərrikli avtomobillər, yaxud onlarla ton yükü kosmosa qaldıran raketlər hazırlamaq deyil. Şükürov olsa-olsa Bakının sovet dövründə tikilmiş yaşayış binalarının sınıq-salxaq liftləri ilə insanları yuxarı mərtəbələrə qaldırmağa cavabdehdir. Əlbətdə, yarı yolda liftin trosu qırılıb içərisindəkilər qarışıq şaxtaya yuvarlanmasa...

Lakin əlaqə var, özü də çox ciddi əlaqə. Həmin SEC cəmi 3 həftə əvvəl, hələ İlon Maskla məşğul olmamışdan qabaq bizim Şükürovla bağlı ciddi korrupsiya mexanizminin üstünü açmışdı və bunu rəsmən elan etmişdi.

SEC bəyan etmişdi ki, ABŞ-ın "United Technologies Corporation” şirkəti özünün törəmə strukturu olan "Otis Elevator” şirkəti (daha doğrusu bu şirkətin Rusiyadakı törəməsi "Otis Rusiya”) tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyinə bir neçə müqavilə üzrə cəmi 11.8 milyon dollara yaxın "otkat” verdiyi üçün məsuliyyət daşıyır. Nəticədə "United Technologies Corporation” günahını tam boynuna alaraq SEC-lə məhkəmə çəkişməsinə girmədən dövlətə 14 milyon dollara yaxın cərimə ödəməyə razılaşıb.

SEC müəyyən edib ki, "Liftremont”la "Otis Rusiya” şirkəti arasında korrupsiya sxemi üzərində qurulmuş əməkdaşlıq 2012-ci ildə başlayıb. Həmin ildə Bakı şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. "Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub.

İlk sxem 2012-ci ilin martında "Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısı "şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Pulları "Liftremont”un vəzifəli şəxslərinə ötürmək üçün iki subpodratçı şirkətin bank hesablarından istifadə olunub. Bildirilir ki, həmin subpodratçıların hesablarına 790 min dollar köçürülüb. Bu da müqavilənin ümumi dəyərinin 44 faizi idi. Subpodratçılara pulların köçürülməsi müvafiq sənədləşdirmə olmadan, müqavilə bağlanmadan həyata keçirilib.

2013-cü ilin fevralından 2014-cü ilin dekabrına qədər "Otis” Bakı Lift Təmir İstehsalat Birliyindən əlavə müqavilə almağa çalışıb. İstehsalat Birliyinin "yüksək vəzifəli şəxsinin” göstərişi ilə "Otis Rusiya” şirkəti dörd ayrı vasitəçi şirkət üzərindən "Liftremont”la 9 ayrı müqavilə bağlayıb. Hər dəfə "Otis Rusiya” liftlər vasitəçilərə eyni qiymətə satıb, korrupsiya sövdələşməsinə əsasən həmin vasitəçilər liftləri xeyli şişirdilmiş qiymətə Bakı Lift İstehsalat Birliyinə satıblar. Arada olan fərq Birliyin rəhbərliyinin hesablarına keçirilib.

SEC müəyyən edib ki, "Otis Rusiya” şirkəti və "Liftremont” arasında qurulmuş korrupsiya sxemləri sayəsində vasitəçilər ən azı 11.8 milyon dollar alıblar. Və bu məbləğin əsas hissəsi "Liftremont”un rəhbərliyinə çatıb.

ABŞ-ın Qiymətli Kağızlar Komitəsi "Otis” şirkəti ilə Bakı Lift Təmir İstehsalat Birliyi arasında milyonlarla dollarlıq korrupsiya sövdələşməsinin izinə Azərbaycan mətbuatında gedən xəbərlərdən sonra düşüb. Hansı ki, şəhərin baş "liftçisi” Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Mini-oliqarx Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları KİV-lərə ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.

Göründüyü kimi İlon Mask SEC tərəfindən investorları çaşdıran informasiya yaymaqda ittiham olunduğu üçün istefa verməyə və 20 milyon dollar cərimə ödəməyə razılaşıb, amma Qüdrət Şükürovun səhmləri Amerika korporasiyasına məxsus Rusiya şirkətindən milyonlarla dollar "otkat” aldığı rəsmən SEC tərəfindən təsdiqlənsə də o hələ də vəzifəsinin başındadır.

Doğrudur, bu məqamda bizim Şükürov etiraz edə bilər ki, axı İlon Maskın istefasının ona nə dəxli? Bir halda ki, "Liftremont” Vaşinqton meriyasının tabeçiliyində deyil, o zaman Şükürov da SEC qarşısında birbaşa məsuliyyət daşımır və deməli hökmən istefa vermək borcu yoxdur.

Bu da doğrudur, amma bir məsələ də var ki, barəsində milyonlarla dollarlıq korrupsiya ittihamı bu cür rəsmiləşən məmur ən yaxşı halda istefa verməli, yaxud işdən çıxarılmalı idi...



Oxşar Xəbərlər

Xəbər lenti