“16 villaya görə SOCAR rəhbərliyi hesabat verməlidir”

SOCAR-ın əsaslı kapital qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının Türkiyədə 20 milyon dollara 16 villa alması xəbəri 2 gündür ki, həm mətbuatın, həm də sosial medianın müzakirə predmetinə çevrilib. Heç bir vəzifəsi və işi olmayan xanımın – Könül Mehdiyevanın külli miqdarda vəsaiti necə əldə etməsi ilə bağlı suallar əlbəttə ki, gözləri onun vəzifəli həyat yoldaşına dikir. Sosial mediada hər kəs vəsaitlərin Qiymət Mehdiyev tərəfindən neft pulları hesabına əldə olunduğunu deyir.

Lakin 2 gündür ki, ölkə gündəmini zəbt edən məsələ ilə bağlı Dövlət Neft Şirkətinin heç bir səlahiyyətli nümayəndəsi ictimaiyyət qarşısına çıxıb geniş açıqlama vermir.

"Qiymət Mehdiyev özü ya media qarşısına çıxıb bu qədər vəsaiti haradan əldə etdiyini desin, yaxud da cavabdehliyi öz üzərinə götürsün”

Məsələ ilə bağlı AzNews.az-a danışan millət vəkili Zahid Oruc deyir ki, bu məsələ ilə bağlı ictimaiyyətə detallı izahat verilməlidir: "2 gündür bu məlumat informasiya vasitələrində yayılmaqdadır və bu xəbərin yayılması o dövrə təsadüf edir ki, Azərbaycan hökuməti tərəfindən ölkədən dollar kütləsinin çıxarılmasına qarşı qanunvericiliklə inzibati qaydada tədbirlər həyata keçirilir. Artıq Azərbaycanda hər kəs dərk edir ki, bu ölkənin içərisində əldə olunmuş qanuni və ya qeyri-qanuni vəsaitlərin dövriyyədən çıxarılması çox ciddi sıxıntılara yol açır.

Biz hamımız iki sual üzərində düşünməkdəyik.

Bir tərəfdən əgər sözügedən şəxs bundan əvvəlki dövrdə böyük imkanlara, biznes sahəsinə sahib olubsa və ailə üzvü vasitəsilə qazandığı vəsaitin bir qismini Türkiyədə əmlaka yatırıbsa, bununla bağlı rəsmi açıqlama versin. Belə deyilsə, Azərbaycanın sosial mediasında, informasiya vasitələrində Azərbaycan dövlətinin əleyhinə yazılan minlərlə, on minlərlə ittihamın cavabdehliyi olmalıdır. Bu adamlar fərqindədirlərmi ki, hər bir yazı cəmiyyətdə müəyyən əhval-ruhiyyələr, diskussiyalar doğurur?”

Pullar "Günəşli” neft yatağına xərclənsəydi…

"İnsanlar haqlı olaraq hesab edir ki, hazırda "Günəşli” neft yatağındakı yanğında itirdiyimiz gəlir yataqların möhkəmləndirilməsinə xərclənsəydi, oradakı dayanıqlılıq daha yüksək olardı. Bu pullarla hər bir neftçi jiletlə təmin oluna bilər, platformalar fiksasiya elementləri ilə zənginləşdirilə bilər ki, istənilən şəraitdə neftçilər SOS siqnalı verə bilsin və neftçini axtarmaq olsun. İnsanların beyni-düşüncəsi bu istiqamətdə formalaşdığı halda neft şirkətinin mühüm bir təmsilçisinin ailə üzvünün adına bu cür sanki bir villa şəhərciyinin alınması hansı adla izah olunur?

Belə hesab edirəm ki, həm neft şirkətinin rəhbərliyi, o cümlədən mətbuat xidməti bununla bağlı dolğun açıqlama verməlidir. Özü media qarşısına çıxıb deməlidir ki, ya özü bunun əvvəlki fəaliyyəti zamanında hansısa digər sahibkarlıq vasitəsilə qazanıb, bunun da deklorasiyasını, mənbəyini, sübutunu təqdim etməlidirlər. Yox əgər belə deyilsə, bununla bağlı da cavabdehlik olmalıdır. Dünyada neftin qiymətinin ən aşağı qiymətlərlə ölçüldüyü bir vaxtda neft şirkətinin təmsilçisinin bu addımı biz hansı ada yazmalıyıq?” – deyə, Zahid Oruc əlavə edib.


Azərbaycanın neft vəsaitlərinə nəzarət edə bilməməsi ittihamları var…

Millət vəkili bu məsələdə dövlətin mənafeyinin də ciddi zədə gördüyünü deyir: "Məni daha çox dövlətimin mənafeyi qayğılandırır. Sosial şəbəkələrdəki şərhləri izləyən biri kimi deyirəm ki, burada əsas başlıca hədəf kimi Azərbaycan dövlətinin neft vəsaitlərinə nəzarəti həyata keçirməkdə guya hansısa yalnışlıqların olduğu iddiasıdır.

Adı hallanan şəxs investisiya yatırılmalı və s. üzrə mühüm bir fiqurdur. Adı da sanki elə fəaliyyətini özündə ehtiva edir (Qiymət Mehdiyev – red.) və bu qədər böyük vəsaitlər ölkədən çıxarılıb. Mən düşünürəm ki, bu məsələlərlə bağlı həm Neft Şirkətinin rəhbərliyi, o cümlədən Respublika Prokurorluğu mediadakı məlumatı əsas götürməlidir və ona yönəlik təhqiqat işlərini həyata keçirməlidir. Əlbəttə ki, biz onun fərqindəyik ki, Azərbaycanda da qoy 100 milyon dollarlara sahib olan insanlarımız olsun. Milli burjuaziyanın təmsilçilərinin olmasını hamı arzulayır. Amma bu vəsaitlər qanuni əsaslarla əldə edilsin. Çox arzu olunur ki, ölkə rəhbərliyinin bəyan etdiyi kimi, Azərbaycanda xarici investisiyaya, qeyri-neft sektorunda ehtiyac duyulduğu halda adamların bu şəkildə guya, qardaş ölkə deyibən külli miqdarda vəsaiti ölkədən çıxarması heç bir halda nə mənəvi qanunlarla əsaslandırıla bilməz, nə də hüquqi nöqteyi-nəzərdən buna bəraət vermək mümkündür”.

Əgər o, loto yarışlarında 100 milyonlar əldə etməyibsə, villaları necə aldığı ilə bağlı məhkəmə qarşısında cavab verməlidir

Deputat Q.Mehdiyevin müəllim işlədiyi vaxtlardakı sosial durumu ilə SOCAR-a keçdikdən sonra varlanması məsələsinə də toxunub: "Bu insanın külli miqdarda pul kütləsi əldə etməsinin bir zaman ardıcıllığı var. Əgər o, loto yarışlarında, dünya miqyasında 100 milyonlar əldə etməyibsə, ölkə içərisində ani qaydada hansısa bir tədbirdə o vəsaitləri qazanmayıbsa, bunu məhkəmə qarşısında ortaya qoymalıdır ki, həmin villaların vəsaitini haradan əldə edib. Mən biznes fəaliyyətini ona görə əsas seçdim ki, çox mümkündür ki, iddia edə bilər ki, burada müəllim çalışmaqla bərabər Rusiyada və ya haradasa pullarını dövriyyəyə qoyub, müxtəlif beynəlxalq qurumların səhmlərini alıb, hansısa birjada brokerlərin işində iştirak edib, o cümlədən böyük səhmlərə malik olub və gəlir əldə edib.

Ona görə də bütövlükdə danışdığımız hadisə bir fakt üzərindən qiymətləndirilməlidir. Bizim üçün isə önəmli olan Azərbaycan dövlətidir. Sosial mediadakı fikirləri izləyəndə görürsən ki, əsas hədəf budur – Azərbaycan necə olub ki, bu kimi oğurluq halını nəzarətdə saxlaya bilməyib? Nə üçün Neft Şirkətinin xərclənmələrinin auditi olmayıb. Həyata keçirilən tikinti işlərinin tenderləri hamısı qeyri- şəffaf formada ayrı-ayrı qurumlara verilib. Bu halların hamısının səbəbi Qiymət Mehdiyevdir. Bu informasiyanın ortaya çıxması ilə heç bir dolğun və normal açıqlamanın verilməməsi sualları daha da böyüdür. Onlar dövlətin mənafeyini beləmi düşünür? O şəxs 20 milyon dolları oğurlayıbsa, bu, 20 milyonluq zərbədir. Amma ölkəyə vurulan mənəvi zərbəni, siyasi nüfuz itkisinin konkulyasiyası yüz milyonlarladır. Mənəvi itki dövlət üçün daha böyükdür”.

Cinayəti öz üzərinə götürməli, dövləti zərbə altından çıxarmalıdır

Deputat külli miqdarda vəsaitin ölkədən çıxarılması məsələsində günahkar olanların ittihamları öz üzərinə götürmələrinin vacib olduğunu dilə gətirib: "Azərbaycan dövlətini, onun adını, etibarını, bütövlüyünü ölkə başçısının elan etdiyi kursun önəmini hər kəs dərk etməlidir və bu məsələyə yönəlik ittihamları öz üzərinə götürməlidir. Cinayət törədibsə də, qoy, o adam özü cavab versin. Bu məsələlərin üzərindən bütöv bir struktur, iqtisadi sistem, nəzarət orqanları və bütün təsisatların hamısını zərbə altında qoyurlar və fərqində deyillər ki, bir adamın əməli hökuməti nə qədər ciddi tənqidlərə məruz qoyur”.

SOCAR-ı iqtisadi dövriyyədən uzaqlaşdırmaq asan olmayacaq

Zahid Oruc hesab edir ki, SOCAR rəhbərliyi bu məsələ ilə bağlı mütləq araşdırmalara başlamalıdır: "Çünki bu məsələ ətrafında Azərbaycanın mühüm bir brendi olaraq SOCAR-ın da adı hallanır və kifayət qədər əngəllənmiş olur. Bu qurum vasitəsilə qardaş Türkiyə daxil, bir sıra ərazilərdə, xarici məkanlarda investisiyalar yatırılır. Ölkə içərisində də Dövlət Neft Şirkəti geniş fəaliyyət göstərməkdədir. Neftin qiymətindən asılı olmayaraq uzun illər boyu bu qurumu iqtisadi dövriyyədən kənarlaşdırmaq o qədər də asan olmayacaq və Prezidentin Davosda SOCAR-ın özəlləşməyəcəyini elan etməsi o deməkdir ki, dövlət bu sferasını strateji mənada özünün hədəfində saxlayır. Bu, sadəcə iqtisadi məsələ deyil, həm də təhlükəsizlik nöqteyi nəzərindən bizim üçün önəmlidir.

SOCAR-ın işçisi 20 milyona 16 villa alır, necə olur ki, neft şirkəti bundan ziyan çəkməmiş olur? Elə hesab edirəm ki, "Günəşli” neft yatağında baş verən yanğın hadisəsi nədirsə, bu milyonların yanğını da eynidir. Adamlar adi qaydada düşünürlər ki, bu vəsait həmin platformalara qoyulsaydı, bəlkə də fiksasiya qurğuları əldə etmək mümkün idi ki, bununla da neçə ailə başsız qalmazdı, bu gün də üstündən neçə vaxt keçməsinə baxmayaraq axtarışlar davam etməzdi”.

Nigar ETİBAR
AzNews.az



Oxşar Xəbərlər

Xəbər lenti