Akif Çovdarovdan başqa hansı generalın şəxsi həbsxanası var?

Akif Çovdarovdan başqa hansı generalın şəxsi həbsxanası var?

Məmurun "anasını ağladacağını” və "mələdəcəyini” vəd edən icra başçısı Akif Çovdarovdan çoxmu fərqlidir?

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi Akif Çovdarovun Masazırdan sonra Zirə qəsəbəsində də təcridxanasının mövcud olması ilə bağlı məlumatlar yayılıb. Mediada yer alan məlumatda qeyd olunur ki, Zirə təcridxanasının mövcudluğu bu vaxta qədər yalnız məhdud çevrəyə bəlli olub və "Lütsiferin iqamətgahı” adı ilə tanınıb. "Lütsiferin iqamətgahı” Masazır qəsəbəsindəki təcridxanasından daha böyük olub və zaman-zaman kifayət qədər "məşhur qonaqları” qəbul edib. Məlumata görə, "Lütsiferin iqamətgahı”na yolu düşənlər cəhənnəm əzəbanı bu dünyada yaşadaqlarını söyləyirmişlər. "Lütsiferin iqamətgahı”nın "qonaq”larının iddialarına görə, hətta iblis belə cəhənnəmdə bundan daha mükəmməl işgəncə məkanı formalaşdıra bilməz. Xalq arasında yayılmış söz-söhbətlərə görə Akif Çovdarovun təcridxanalarında "soyuq vanna” cəzası mövcud imiş ki, bu da cəhənnəmdəki qaynar qazanların tam əksi deməkdir. Əgər cəhənnəmdəki qaynar qazanların oxşarlarına tarixdə rast gəlmək mümkünsə, Akif Çovdarovun "soyuq vanna” cəzalarına hələ tarixdə rast gəlinməyib. Ancaq belə iddilar var ki, Akif Çovdarov da bu cəza növünü özündən icad etməyib və başqa bir generalın cəza növünü bir qədər təkmilləşdirib. İddilara görə, "soyuq vanna” cəzasına məruz qalan şəxslərdə heç bir işgəncə əlaməti qalmırmış. Bu cəza növünü fikirləşənlərin iblisliyi də bundadır. Çünki, həmin şəxs şikayət etsə belə heç nə sübut edə bilməzdi. Bu cəzanın təsirini də dərhal hiss etmək mümkün deyil. Belə ki, bu cəzanın insan orqanizminə vurduğu zərər zamanla, yavaş-yavaş hiss olunmağa başlayırmış. Xalq arasında gəzən bu söz-söhbətlər qorxulu nağıllara bənzəsə də, Akif Çovdarovun iki həbsxanasının mövcud olması yayılan söz-söhbətlərin həqiqətdən uzaq olmadığını düşünməyə əsas verir. Qeyd edək ki, Akif Çovdarova general-mayor rütbəsi cəmi dörd il əvvəl, 2012-ci ilin martında verilib. Bundan bir neçə il əvvəl isə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilmişdi. Bu qısa müddətdə Akif Çovdarov belə nəhəng gücə çevrilə bilmişdisə, ondan çox-çox əvvəl general olan və qeyri-məhdud hakimiyyətə malik generalın nələrə malik olduğunu təsüvvür etmək belə çətindir.

Bu gün ictimai-siyasi dairələrin və medianın diqqəti ləğv olunmuş MTN-nin rəhbər şəxslərinin törətdiklərinə yönəlib və belə təəssürat yaradılır ki, bütün bəlaların səbəbkarı Eldar Mahmudov və onun dəstəsi imiş. Ancaq unudulur ki, bütün bu bəlaların kökü nə Eldar Mahmudovla, nə də Akif  Çovdarovla bağlı deyil. Bütün bunların kökündə nəzarətsiz hakimiyyət dayanır. Əgər bir polis şöbəsinin təcridxanasında cinayətdə şübhəli şəxs işgəncələrə məruz qalıb ölürsə, həmin polis şöbəsinin rəisi istənilən zaman Akif Çovdarova çevrilə bilər. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının ötən ilin dekabrında yayılmış hesabatında deyilirdi ki, Azərbaycan hökuməti son illər işgəncələrə görə bir nəfər günahkarı belə məsuliyyətə cəlb etməyib. Baxmayaraq ki, cəzaçəkmə yerlərindən işgəncələrlə bağlı yüzlərlə şikayət daxil olur. Yəni Azərbaycanda cəzaçəkmə yerlərində işgəncə hallarının mövcud olması artıq ən nüfuzlu beynəlxalq təşkilat hesab olunan Birləşmiş Millətlər Təşkilatının tribunasından səslənir. Əlbəttə, Azərbaycan hökuməti bütün bunları inkar edir və əsasız fikir adlandırır. Cəmi bir il əvvəl də MTN-də insanların işgəngəcələrə məruz qalması fikiri beləcə inkar edilirdi. İndi isə hətta dövlət rəsmiləri və prezident də bildirir ki, MTN-də insanlara işgəncə verilib. Özü də bu işlər hansısa bir cinayət işinin təhqiqatı zamanı deyil, sadəcə insanların əllərindən sərvətlərini almaq məqsədi ilə istifadə edilib. Güc strukturlarında işləyənlər bir yana, mülki qrumların rəhbərləri elə açıqlamalar verirlər ki, onların məmur olduğuna şübhə etməyə bilmirsən. Bu insanlar, sanki dövlət qulluqçusu deyillər. Onlar cinayətkar dəstələrin leksikonundan istifadə etməyi özlərinə çox asanlıqla rəva görürlər. Məsələn, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov rayon Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (VVADQ) şöbəsinin müdiri Zöhrab Zeynalovun rüşvət alması ilə bağlı jurnalistin sualına cavab olaraq fakt varsa həmin məmurun "anasını ağladacağını” və "mələdəcəyini” bildirir. Bu ifadələri özlərinə rəva bilən məmurlara bu gün heç bir normal ölkədə rast gəlmək mümkün deyil. Çox maraqlıdır ki, icra başçsının bu ifadələrdən istifadə etdiyi səs yazısı yayılsa da, dövlət orqanları buna heç bir münasibət bildirmirlər. Sanki belə də olmalıdır. Bu zaman icra başçısının Azərbaycan Konstitusiyasını və Qanunlarını ayaqlar altına atması da heç kimi narahat etmir. Azərbaycan qanunvericiliyi şəxs haqqında məhkəmənin qüvvəyə minmiş hokmü olmadan onu cinayətkar adlandırmağa, ona qarşı hər hansısa cəza tədbiri görməyə imkan vermir. Ancaq Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov rüşvət aldığı iddia edilən məmurun "anasını ağladağacını” və "mələdəcəyini” bildirir. Bu zaman heç kim sual etmir ki, sən kimsən? İstənilən cinayət əməlinə məhkəmə qiymət verməlidir. Hətta cinayət törətmiş şəxsin, ən qatı cinayətkar olsa belə işgəncəyə məruz qalması qadağandır. Ancaq bütün bunlar özlərini cinayət törətməkdə sərbəst hesab edən məmurları dayandıra bilmir. Akif Çovdarovun həbsxanaları da məhz belə şəraitdə yaranıb. Yeni Akif Çovdarovların yaranmasını istəməyən iqtidar Raqub Məmmədov kimi icra başçılarının əməllərinə dərhal qiymət verməlidir.

Vəfa Qafarova



Oxşar Xəbərlər

Xəbər lenti