8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İranın sabiq nazirlə vəhabilərin əlaqəsini araşdırması nələr vəd edir?
İran Xarici İşlər Nazirliyinin Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəhabilərlə əməkdaşlığına dair məsələni araşdıracağı haqqında yaydığı məlumat ölkəmiz ətrafında gedən oyunları da nəzərə alanda, sıradan bir məsələ kimi olmadığı görünür. Qeyd edək ki, İranın rəsmi İRNA xəbər agentliyinin verdiyi məlumatda deyilirdi ki, bu açıqlama ilə Tehranda keçirdiyi mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hüseyn Cabir Ansari çıxış edib. Məlumatda qeyd olunurdu ki, mətbuat konfransı zamanı zalda olan jurnalistlərdən biri kütləvi informasiya vasitələrində Azərbaycanın sabiq milli təhlükəsizlik nazirinin Qafqazda vəhabilərin silahlanmasında vacib rol oynaması, Səudiyyə Ərəbistanı və İsraillə sıx əməkdaşlıq etməsi barədə xəbərlər yayılmasını xatırladıb və bu vəziyyətin İranın maraqlarına zərər verib-verməməsi barədə sual ünvanlayıb. Xarici İşlər Nazirliyinin təmsilçisi Hüseyn Cabir Ansari isə bu məsələnin araşdıracaqlarını, müəyyən faktlar aşkar olunarsa, məlumat verəcəklərini vəd edib. Belə görünür ki, Eldar Mahmudov məsələsi Azərbaycanın sərhədlərini aşmaq üzrədir və hətta artıq aşıb. Qeyd edək ki, Suriyada vətəndaş müharibəsinin başlamasından əvvəl də Azərbaycanda radikal islam təriqqəti hesab olunan vəhabilərlə bağlı narahatlıqların olması haqqında fikirlər səslənib. Vəhabi təriqqətinə mənsub olan dindarların hansısa yüksək vəzifəli məmurların himayəsində olması haqqında məlumatlar daim səslənib. Vəhabilərin bəzi malların idxalında monopoliyaya malik olmaları da onların yüksək vəzifəli məmurların himayəsində olması ilə bağlı fikirlərin həqiqətdən uzaq olmadığını göstərirdi. İndi isə Azərbaycanda hansısa məmurun, hətta sabiq məmur olsa belə vəhabilərin əlaqəsi olması, onların silahlanmasında rol oynaması ilə bağlı fikirlər xarici dövlətlərin müzakirə etdikləri məsələlərdən birinə çevrilir. Suriyada baş verən proseslərə münasibətdə İran və Rusiyanın tutduğu mövqeni nəzərə alanda vəhabi məsələsinin ciddiləşməsinin Azərbaycan üçün əlavə problemlər vəd etdiyini söyləməyə imkan verir. Rəsmi Bakının bu məsələni çox diqqətlə izləməsi lazım gəlir. Çünki, artıq yaxın bir neçə ildə Rusiyanın və İranın bu kartdan istifadə edəcəyi qaçılmazdır. Əgər bu gün Rusiya Suriyadakı hərbi münaqişələrdə tərəf kimi çıxış edirsə, deməli çox həsas dövr başlayıb. Qeyd edək ki, Rusiya Suriyadakı hərbi münaqişədə iştirakını özünü terrordan qorumaq istəyi ilə izah edir. Sərhədlərindən min kilometrlə uzaqda bir ölkəyə hərbi müdaxiləni özünü terordan qorumaq niyyəti ilə izah etməsini nəzərə alanda vəhabi məsələsinin Azərbaycan üçün hansı təhlükələr vəd etdiyini görməmək mümkün deyil. Qeyd edək ki, İran da Rusiya ilə bu məsələdə həmfikirdir. İran rəsmiləri bundan əvvəl də bir dəfə Azərbaycanda vəhabi məsələsinə münasibət bildiriblər. İranın nüvə proqramı ətrafında Qərb dövlətləri ilə gərginliyə son qoymasından sonra Tehranın əl-qolu daha da açılıb. İndi yalnız Rusiyada deyil, Qərbdə bəzi qüvvələr radikal sələfiliklə mübarizədə İrandan istifadə edilməsinin tərəfdarı olmağa başlayırlar. Digər bir diqqətə alınmağa layiq məsələ Rusiyanın xarici siyasət kursunun daha aqresivləşməsidir ki, Moskva istənilən bəhanə ilə qonşularına problem yaratmaqdan çəkinmir. Vəhabi təhlükəsi isə Moskvanın ən həsas yanaşdığı məsələlərdəndir. Buna görə Azərbaycan nə İrana, nə də Rusiyaya vəhabi kartından istifadə etməsinə imkan verməmək üçün bu dini-siyasi təriqqətə qarşı diqqətli siyasət aparmalıdır. Əks halda tezliklə Azərbaycana qarşı bununla bağlı təzyiqlər başlaya bilər. İlk olaraq vəhabilərin gəlir mənbələrini və xaricdəki həmfikirləri ilə əlaqəni kəsmək lazımdır. Əks halda bu məsələ Azərbaycan üçün problemə çevriləcək.
Eldar Mahmudov olayının artıq Azərbaycanın sərhədlərini aşdığını nəzərə alanda vəhabilərlə əlaqədə daha bir məmurun adının hallanması çox ciddi nəticələrə səbəb ola bilər. Buna görə də, belələri varsa hakimiyyətdə təmsilçilikdən məhrum edilməlidirlər. Qeyd edək ki, bəzi məmurların özlərinin olmasa da ailə üzvülərinin radikal dini təriqətlərlə, o cümlədən də vəhabilərlə əlaqəsi olması haqqında dəfələrlə məlumat yayılıb. Belə iddialar var ki, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu da vəhabiliyə qoşulan Azərbaycanlılardandır. Qeyd edək merin oğlu İsrafil Abutalıbovun Suriyada döyüşməyə getməsindən tutmuş, İraq Şam İslam Dövlətinə maddi dəstək verməsi kimi çoxsaylı ittihamlar səslənib. Əgər, Rusiya və yaxud İran bu ittihamların biri ilə bağlı hər hansısa sübut əldə etsə, bu olayların rəsmi Bakının razılığı ilə bağlı fikirlər səsləndirməsinə səbəb olacaq. Ona görə də, belə məsələlərdə çox həsas hərəkət edilməli, Azərbaycana təzyiq üçün nə İrana, nə də Rusiyaya imkan verilməməlidir. İranın Eldar Mahmudovun vəhabilərlə əlaqəsini araşdıracağını bəyan etməsi isə vəhabi kartı ilə təzyiqlərin indi başlandığını göstərir.