8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bir neçə il bundan öncə MTN əməkdaşlarının Nabrandakı "Qafqaz” istirahət mərkəzində əməliyyat keçirib həbs etdiyi iş adamı Tapdıq Namazov sonradan azadlığa çıxıb ölkəni tərk etsə də yenidən həbs olunaraq hakim önünə çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org-un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.
T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarıldığı və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
T.Namazov isə bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb.
İş adamı ölkədən qaçmadığını, biznesi ilə bağlı ölkə xaricində olduğunu, könüllü ölkəyə qayıtdığını deyib. Təqsirləndirilən şəxs vurğulayıb ki, bu işi onun başına açan şərikləridir: "Bir nəfərin şikayətçi olduğunu dedilər, 50 minə yaxın pul göndərdim, amma iş bağlanmadı. Mən də qayıtdım ki, bu işin nə olduğunu aydınlaşdırım. Məndən şikayət edən də elə şəriklərimin qohumlarıdır".
İfadə verən zərərçəkmişlər 2012-ci ildən mənzil alsalar da, illərdir tikintinin təhvil verilmədiyini, bəzi mənzillərin isə bir neçə nəfərə satıldığını bildiriblər. Həmin vaxt mənzilin kvadratmetrini 600 dollara (o vaxtkı kursla 460 manat) aldıqlarını deyən zərərçəkənlər vurğulayıblar ki, indi həmin məbləğə ev almaq mümkün deyil. Ona görə də ödədikləri pullarının indiki dəyəri ilə geri qaytarılmasını və ya mənzillə təmin olunmalarını tələb ediblər.
T.Namazov isə dəymiş ziyanı bir kvadratmetr üçün 460 manat olmaqla ödəməyə hazır olduğunu söyləyib: "Bu işdə günahım olmadığı halda, pulu qaytarmağa hazıram. Amma sənədləri, qəbzləri mənə versinlər. Bu dəqiqə pulu ödəyib çıxmaq istəyirəm".
T.Namazov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), .179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.