8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ramin Axundov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində baş verən dəhşətlərdən danışıb
"Mayın 5-də general-mayor İslam Hümbətovun qəbulunda oldum, bir neçə gün sonra isə polislər yenidən məni döydülər, ağır söyüşlərlə təhqir etdilər və başıma torba keçirdilər"
"Xəyal adlı əməliyyatçı narkotik maddə satıb-satmadığımın heç bir əhəmiyyətinin olmadığını, şöbəyə gətirilibsənsə mütləq pul verməli olduğumu, əks halda oradan çıxa bilməyəcəyimi deyib"
Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi 46/1, mənzil 28-də yaşayan Ramin Vaqif oğlu Axundov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin bir qrup əməkdaşının ona qarşı qanundankənar əməllərə yol verdiyini və Lənkəran Rayon Prokurorluğunun baş verən cinayətlərə göz yumduğunu bildirib.
"DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində çalışan Aqil adlı əməliyyatçı təpik və yumruqla məni döyməyə başladı, ağır söyüşlərlə təhqir etdi"
Belə ki, hazırda Lənkəranda DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi adı altında cinayətkar dəstənin fəaliyyət göstərdiyini qeyd edən şikayətçinin sözlərinə görə, bu cinayətkar dəstənin vəzifəli şəxslərinin açıq-aydın cinayət törətmələri, insanları şərləyib talamaları və pullarını əllərindən almaları, qanunsuz həbs aparmaları, özbaşına ticarət obyektlərinə basqın edib talan etmələri, insanlara bədən xəsarətləri yetirmələri və onların əməllərinə Lənkəran Rayon Prokurorluğunun göz yummasına dair müxtəlif instansiyalara məktubla müraciət etsə də, hələ də üzləşdiyi haqsızlıqlara son verilməyib: "İlk öncə onu deyim ki, mən Lənkəran şəhər sakiniyəm və Şəhidlər Xiyabanı küçəsi 46/1, mənzil 28 ünvanında ailə üzvlərimlə birlikdə yaşayıram. Lənkəranın Böyük Bazarında icarəyə götürdüyüm dükanda ticarətlə məşğul olub ailəmi dolandırıram. Vergi ödəyicisiyəm və bütün dövlət ödənişlərini vaxtında aparıram. Buna baxmayaraq, bu ilin aprel ayının 24-ü, saat 12:15-də işlədiyim dükana DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin 3 nəfər əməkdaşı girib və məndən şikayət daxil olduğunu bildirib şöbəyə getməyimi tələb etdilər. Bundan sonra onlar məni öz maşınlarına oturdub şöbəyə apardılar və 4-cü mərtəbədə yerləşən Aqil adlı əməliyyatçının otağına saldılar. Aqil narkotiklə məşğul olduğumu deyib təpik və yumruqla məni döyməyə başladı, ağır söyüşlərlə təhqir etdi. O, məndən narkotik maddə satmağımı etiraf etməyimi tələb etdi. Narkotiklə məşğul olmadığımı dedikdə məni daha da şiddətli şəkildə döyməyə başladı".
"Xəyal adlı əməliyyatçıya zəng vurub pulumu istədim, o isə mənə hədə-qorxu gəldi, başıma torba keçirəcəyini, həbsə göndərəcəyini deyib ağır söyüşlər söydü"
Bundan sonra Xəyal adlı əməliyyatçının otağına aparıldığını deyən Ramin Axundov iddia edir ki, adıçəkilən əməliyyatçı onun narkotik maddə satıb-satmadığının heç bir əhəmiyyətinin olmadığını, şöbəyə gətirilibsə mütləq şəkildə pul verməli olduğunu, əks halda oradan çıxa bilməyəcəyini deyib: "Beləcə, Xəyal adlı əməliyyatçı məndən pul tələb etməyə başladı. Mən pulum olmadığını dedikdə, Xəyal idarə etdiyim "Mercedes" markalı avtomobili satmağımı tələb etdi və hətta maşınıma təcili müştəri də tapdı. Daha sonra evimə zəng vurub üzərimdən narkotik maddə tapıldığını dedilər, evdəkilər isə bunun yalan olduğunu söylədilər. Ardınca məni şöbənin zirzəmisinə saldılar, heç bir səbəb, hüquqi əsas olmadan axşam saat 11-dək orada saxladıqdan sonra buraxdılar. Bir qədər sonra öyrəndim ki, yeznəmiz İlkindən 4500 manat pul alıblar. İlkinlə danışıb nə üçün onlara pul verməsini soruşdum. O dedi ki, polislər üstümdən narkotik maddə çıxdığını bildirib və buna görə də pul verilməsə məni həbs edəcəklərini qeyd ediblər".
Sözügedən 4500 manatın DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində çalışan Xəyal adlı əməliyyatçıya verildiyini vurğulayan şikayətçi qeyd edib ki, bundan əlavə, özünün və ailə üzvlərinin həyatları ilə təhdid olunduğu üçün o da 3000 manat vermək məcburiyyətində qalıb: "DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində mənə olmazın işgəncələr verildi, saatlarla döyüldüm, bu da azmış kimi, ağır ifadələrlə təhqir olundum. Daha sonra isə özümün, ailə üzvlərimin, övladlarımın həyatları ilə təhdid olunduğum, hədə-qorxuya məruz qaldığım üçün sərbəst buraxılmağım naminə 3000 manat vermək məcburiyyətində qaldım. Ancaq evə qayıtdıqda öyrəndim ki, məndən əlavə yeznəmiz İlkindən də sərbəst buraxılmağım üçün 4500 manat alıblar. Bu səbəbdən də Xəyal adlı əməliyyatçıya zəng vurub pulu istədim. O isə mənə hədə-qorxu gəldi, başıma torba keçirəcəyini, həbsə göndərəcəyini deyib ağır söyüşlər söydü. Bu danışıqların hamısını telefona yazmışam".
Şikayətçi DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun qəbulundan çıxdıqdan bir neçə gün sonra yenidən polis əməkdaşları tərəfindən döyülüb və təhqirə məruz qalıb
Üzləşdiyi haqsızlıqla, daha doğrusu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin bir qrup əməkdaşının ona qarşı qanundankənar əməllərə yol verməsi və Lənkəran Rayon Prokurorluğunun baş verən cinayətlərə göz yumması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə, Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya, Lənkəran rayon prokuroru Taryel Ələkbərova, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətova, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidova şikayət xarakterli məktubla müraciət etdiyini deyən Ramin Axundovun sözlərinə görə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətovun qəbulunda da olub: "Bu ilin may ayının 5-də DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətova teleqram vurub qəbulunda oldum. O, pulumun qaytarılacağına dair söz verdi. Bir neçə gün sonra isə mayor rütbəli Fuad adlı şəxs gəlib rəisin məni çağırdığını dedi. Şöbəyə getdim və məni rəis müavini qəbul etdi. O dedi ki, rəis pulunu qaytaracaq, amma qaytarmadılar. Onu da qeyd edim ki, 19.05.2022-ci il tarixdə səhər saat 8-də işə gedərkən dayanacaqda polislər məni tutdular. 3 maşında gələn polislər məni döydülər, ağır söyüşlərlə təhqir etdilər və başıma torba keçirdilər. Daha sonra şöbəyə apardılar. Polislər "Nə üçün pul istəyirsən?" deyib məni yenidən döydülər. Nəticədə gözümün altı göyərdilmiş, qolum sındırılmış və bədənimdə başqa xəsarətlər əmələ gəlmişdi. Telefonumdan bütün yazışmaları, maşınımda fləş-kartda olan məlumatları götürdülər. Ağır formada döyüldükdən sonra saat 17 radələrində özümə gəldim. Bir qədər sonra isə barəmdə cinayət işinin başlandığını öyrəndim. Müstəntiq ifadə verməyimi tələb etsə də, ifadə verə bilmədim. Məlum oldu ki, polislər məni şöbəyə gətirdikdən sonra dükanıma girmiş, oradakı malları dağıtmış, pis vəziyyətə salmış, dükanın videkamerasında olan məlumatları silmiş, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətova göndərdiyim məktubu, poçt qəbzini götürmüş və obyektimi talan etmiş, mənə böyük məbləğdə maddi ziyan vurmuşlar".DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi "Məni bura elə-belə yerə qoymayıblar, arxam çox güclüdür. Mənə heç nə edə bilməzsən, vəzifədən gedərəm, lakin səninlə istədiyimi edib başına müsibət gətirərəm" deyərək, vətəndaşa hədə-qorxu gəlib
Bunun ardınca Lənkəran Rayon Polis Şöbəsinə aparıldığını deyən şikayətçi bildirib ki, orada əlində olan bütün sübutları müstəntiqə təqdim edib: "Lakin məni Lənkəran Rayon Prokurorluğuna aparıb həbs etmək istədilər. Prokuror gözümün altında olan xəsarəti gördü və itdirsəyi çıxdığını soruşdu. Mənsə başıma gətirilən bütün müsibətləri prokurora danışdım və qeyd etdiyim cinayət əməlini törətmiş polislər barəsində qanuni tədbir görülməsini xahiş etdim. Prokuror məni həbs etməsə də, polislər barəsində də heç bir tədbir görmədi və bununla da onların cinayət əməllərinə göz yumdu. Daha sonra məni polisə qaytardılar və DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində çalışan Xəyal adlı əməliyyatçıya 4500 manat verən yeznəm İlkini şöbəyə çağırdılar. O, mənim sərbəst buraxılmağım üçün tələb olunan məbləği verdiyini etiraf etdi. Beləcə, məni axşam polisdə saxladılar və səhər buraxdılar. Elə həmin vaxt DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları məni yenidən rəisləri Həmid Həmidovun yanına apardılar. Onun otağında atam və İlkin vardı. Orada DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi atama 1000 manat qaytardı. Lakin mən pulu götürməyin əleyhinə idim, atam da puldan imtina edirdi. Amma Həmid Həmidov israr etdi və "Məni bura elə-belə yerə qoymayıblar, arxam çox güclüdür. Mənə heç nə edə bilməzsən, vəzifədən gedərəm, lakin səninlə istədiyimi edib başına müsibət gətirərəm" deyərək, hədə-qorxu gəlməyə başladı. Sonradan rəis yenidən yeznəm İlkini çağırıb ona da hədə-qorxu gəlib, onlara pul verdiyini danmağı tələb edib və ona 2000 manat verib, qalan 1000 manatı da sonra qaytaracağını deyib. Odur ki, bütün bunları nəzərə alaraq, "Hürriyyət" qəzeti vasitəsiylə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla, bütün müvafiq qurumların yetkili şəxslərinə müraciət edirəm ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsi adlı quldur dəstə barəsində qanuni tədbir görülməsinə və mənə vurduqları zərərin ödənilməsinə yardımçı olasınız".
"Hürriyyət"in Araşdırma Qrupu
P.S. Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.