8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"ŞaurmaN1” restoranının şəriki, "12-ci İmam Mehdi" adı altında həbs olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən qapalı məhkəmə prosesində “zərərçəkmiş” şəxslər qismində Nüsrət Səfərəliyev və Zaur Abdullayev dindirilib.
Nüsrət Səfərəliyev ifadəsində bildirib ki, Aqil Babayevi tanımazdən əvvəl də namaz qılıb, 2007-ci ildən isə həmyerlisi olan Fuad Məmmədovun həmişə maraqla danışdığı Aqili üzdən görmək və onunla söhbət etmək həvəsi yarandığına görə, onunla görüşmək istəyib.
Neçə illərdir Aqil Babayevin evində usta işlədiyini və "oboy" satdığını bildirən Nüsrət Səfərəliyev, 2007-ci ildən zəkat kimi, hər ay 150 manat olmaqla, 24900 manat verdiyini bildirib.
Deyir ki, Aqil Babayevi yaxşı insan və dini savadlı şəxs kimi tanıyıb. Qonşusu Fuad Məmədovdan Aqilin onlara qarşı dələduzluq etdiyini eşidib və şikayət etdiyini bildirib.
Digər “zərərçəkmiş”, bina tikintisində mühəndis işi ilə məşğul olduğunu deyən Zaur Abdullayev isə Aqil Babayevi 2004-cü ildən qardaşı Faiq Abdullayev vasitəsilə tanıdığını bildirib. Ümumilikdə ona 134 min zəkat verdiyini, 100 mini isə heç hesaba qatmadığını vurğulayıb.
Vəkil Əli Hüseynovun “Bəs 134 mini hesaba qatdığı təqdirdə necə olur ki, 100 mini Aqil Babayevdən tələb etmirsən?” sualına isə Z.Abdullayev bildirib ki, onu zəkat kimi verməyib, təmir pulu kimi, savab üçün verib.
Hakimin Zaur Abdullayevə “Aqil Babayevi imam kimi tanımısınızsa, deməli, kifayət qədər dini bilgili insan olmusunuz. Belə halda, necə olur ki, Məhəmməd peyğəmbərin evi xurma ağaclarından olduğu təqdirdə, siz imam kimi tanıdığınız şəxsin evinin 5 mərtəbəli olduğunu deyirsiz", - sualına isə, Z.Abdullayev Məhəmməd peyğəmbərin evinin xurma ağacından olduğunu bilmədiyini deyib. Əlavə edib ki, o vaxtkı imamların maşını olmadıöı üçün dəvə ilə gəzdiyini, indiki imamın isə "Audi" markalı maşında gəzməli olduğunu deyib, buna görə də Aqilin imam olmasına inanıb.
Növbəti məhkəmə proosesi 19 aprelə təyin olunub.
Xatırladaq ki, Aqil Babayev “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub. Onu “12-ci İmam” adı altında həbs ediblər.
Hazırda onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
A.Babayev “İmam Mehdi” ittihamını qəbul etmir. O, “Shaurma N1”in şəriklərindən biri olduğunu, əmlakını, pulunu əlindən almaq üçün bu məsələnin ortaya atıldığını deyir.
Jalə FAMİLQIZI