8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Fireland group” yenidən “Azman holding”in dəstəyi ilə Zəfərimizin 3-cü ildönümündə “Zugulba Saray”-da ən genişmiqyaslı tədbirini keçirdi.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin də dəstək verdiyi bu səfərki tədbirə Azərbaycanın bütün bölgələrindən, o cümlədən Naxçıvandan bu günə kimi iştirak etməyən şəhid anaları dəvət olunmuşdu. Tədbirə dəvət edilmiş 700-ə yaxın şəhid anası hər masada bir bölgəni təmsil edirdi. Onlarla bərabər müxtəlif nazirliklərin rəsmiləri, rayon icra başçıları, ictimai şəxslər, mədəniyyət və incəsənət nümyəndələri, tanınmış sənətçilər tədbirə dəvət olunaraq, Zəfər Gününün birlik hesabına qazanıldığı, günün səbəbkarlarının Azərbaycan Ordusu, şəhidlərimiz və Ali Baş Komandan İlham Əliyev olduğu vurğulandı. Kamilə Babayeva və Xəzər Süleymanlı idarə etdiyi tədbirdə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini Mirsaleh Seyidov,Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı Əziz Əzizov, millət vəkilləri Ziyad Səmədzadə, Arzu Nağıyev, İlham Məmmədov, layihənin dəstəkçilərindən Şəhrəbanu Əsədova iştirak etdilər. Tədbirin simvolu olan “Mənim oğlum qəhrəmandır” posterinin müəllifi rəssam Əfsana Həbib qonaqlar arasındaydı.
Tədbirin bədii hissəsində xalq şairi Ramiz Rövşən, xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Azər Zeynalov, İlqar Muradov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Təranə Muradova, əməkdar artistlər Xumar Qədimova, Gülüstan Əliyeva, Elnarə Abdullayeva, sevilən ifaçılar Zamiq Hüseynov, Mirələm Mirələmov, “Şeron qrupu”, Elçin Cəfərov “Zəfər Günü” üçün hazırlanan repertuarlarını şəhidlərin ruhuna və qələbəmizin ildönümünə ithaf etdilər.
Tədbirdə həmçinin çəkilişləri Xızı rayonu ərazisində aparılan, qəhrəman şəhidlərimizin ruhunun sözə çevrildiyi və tanınmış aktyor Kamran Ağabalayevin səsləndirdiyi “Cənnətdən gələn məktub” adlı videoçarx təqdim olundu. Videoçarxda şəhidləri canlandıran Vətən müharibəsində hər iki ayağını itirmiş, qazi zabit Polad Rzayevin çıxışı alqışlara səbəb oldu. Tədbirdə iştirak edən 700-yə yaxın şəhid anasının adından danışan Birinci Qarabağ müharibəsinin 19 yaşlı şəhidi Cavanşir Rəhimovun anası Lalə Rəhimova övladının qisasını alan Vətən müharibəsinin şəhid analarına təşəkkürünü bildirdi. Daha sonra onun 31 illik yarasına təsəlli olan Qarabağ zəfərinə görə kövrək sözlərlə şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanı bağrına basdı. Generalın anası Səmayə Həşimova öz növbəsində Xankəndinə sancılan bayrağa, həmçinin hərbi cinayətlərə səbəbindən həbs olunaraq Bakıya gətirilən erməni yüksək vəzifəli və rütbəli separatistlərin diz çökdürülməsinə görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonda Diler Construction- un rəhbəri Orxan Quluzadə layihənin kordinatorları olan 20 şəhid xanımına hədiyyələr təqdim etdi.
Tədbirin təşkilatçısı, AYB-nin üzvü Cəlal Qurbanov Zəfər Günü haqda fikirlərini bölüşdü:
“Hərəmiz müxtəlif sahələrin insanlarıyıq, hər birimizin öz sahəmizlə bağlı iş qayğılarımız var. Amma Vətən adı gələndə bütün qayğılar ümumiləşir. Məhz bu səbəbdən buraya dəvət olunan və sevərək iştirak edən insanlar arasında həm rəsmi, həm ictimai, həm də incəsənət adamlarını görmək olar. Bizi birlik çətiri altında toplayan şəhidlərimizdir, onların əmanətləridir, onları dünyaya gətirən analara borcluluq hissimizdir. Şəhid anaları Azərbaycanın sütunudur! Mən onların dərddən ağarmış saçlarından, qürurdan yaşarmış gözlərindən, oğul yetişdirərkən zəhmətdən qabarmış,damarlanmış əllərindən öpürəm. Zəfər Günü həm də bu anaların qəlbinin, fədakarlığınızın əsəridir. Azad, sülh içində, bütöv bir Azərbaycanı şəhidlərimiz müqəddəs ruhları ilə artıq kiçik bir cənnətə çevirməyə nail oldular. İndi hər birimizin canımızda can olduğu müddətcə bu cənnəti yaşatmaq bizim öhdəliyimizdir. Cənab Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, şəhidlərimizin yaxınlarına diqqət göstərmək hər bir dövlət məmurunun borcudur və cəmiyyətdə bu məsələ ilə bağlı tam həmrəylik var. Yenə də hər zaman bu tədbirlərdə bizi yalnız qoymayan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyinə təşəkkür edirəm. Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərova bu günə kimi keçirilən tədbirlərdə şəhid analarının, yaxınlarının istəklərini nəzərə alıb, layihələrimiz üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda Dövlət Turizm Agentliyinə, İcra hakimiyyətlərinə, ictimai şəxslərə, incəsənət nümayəndələrinə, layihələrimizdə müəllim və şagird kollektivi ilə iştirak edən tədris müəssisələrinin rəhbərlərinə 3 il ərzində bizimlə bərabər olduqları üçün çox sağ olun deyirəm. Sonda hər zaman ev sahibi kimi davranaraq, ən vacib qonaqları hesab etdiyi şəhid əmanətlərini süfrələrinin bolluğu ilə qarşılayan “Azman Holding”ə, “Mangal Steak House” restoranlar şəbəkəsinə sonsuz təşəkkür edirəm.”
Xatırladaq ki, “Fireland group”un “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində təşkil etdiyi bundan öncəki tədbirlərə 2700-ə yaxın şəhid əmanəti cəlb olunmuş, tədbirlər Heydər Əliyev Mərkəzinin qarşısı, Şuşa Dövlət Qoruğu İdarəsi, Yanardağ Dövlət Tarix, Mədəniyyət və Təbiət Qoruğu, Dreamland Golf Club, İçərişəhər Dövlət Qoruğu kimi önəmli məkanlarda keçirilmişdi.