Bərdədə yolların təmirinə ayrılan pullar hara gedir?

Bərdədə yolların təmirinə ayrılan pullar hara gedir?

 


Vidadi İsayev büdcə pullarını hara xərcləyir?

İctimai fəal Yavər Nəsirov özünün  facebook  səhifəsində Bərdə şəhərində yolların bərbad olmasına toxunub. İctimai fəal yazır:

Böyük Azərbaycan şairi Nizami Gəncəvi Azərbaycanın ən qədim şəhərlərindən olan Bərdəyə həsr etdiyi şeiri bu misralarla başlayır:

Bərdə nə gözəldir, necə qəşəngdir

Yazı da, qışı da güldür, çiçəkdir.

Bu şeirin yazılmasından təxminən 850 il keçir. Böyük mütəfəkkirin gözəllik diyarı kimi vəsf etdiyi Bərdə indi bərbad yolları ilə diqqəti cəlb edir. Sanki  Bərdə rayonunun kənd yollarının və şəhərin daxili yollarının təmirinə dövlət pul ayırmır. Halbuki, bu məqsədlə dövlət büdcəsindən və Prezidentin Ehtiyyat Fondundan böyük məbləğdə pullar ayrılır. Məsələn, Bərdə şəhərinin küçələrinin asfaltlaşdırılması məqsədilə büdcədən 450 min manata yaxın pul ayrılıb. Ancaq bu pulun hara xərcləndiyi görünmür. Çünki, Bərdə şəhərinin daxili yollarında heç bir ciddi dəyişiklik yoxdur.

Bu vəziyyətin 28 saylı Yol İstismar İdarəsinə heç bir aidiyyatı olmadığı kimi  idarənin müdiri İlham Əzimova inanmamaq üçün də əlimizdə əsas yoxdur. Əksinə, belə görünür ki, bu məsələnin 28 saylı Yol İstismar İdarəsinə həqiqətən heç bir aidiyyatı yoxdur.

Bu pullar 28 saylı Yol İstismar İdarəsinin hesabına keçməyibsə, bəs hara keçib?

Belə məlum olur ki, Bərdə şəhərinin küçələrinin asfaltlaşdırılması məqsədilə büdcədən ayrılan 450 min manata yaxın pul Bərdə rayonuna heç bir aidiyyatı olmayan, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 108, mənzil 89-da yerləşən və Teyyub Qasımov adlı şəxsin rəhbərlik etdiyi "Rels-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçib. Həqiqətən də bu məsələyə İlham Əzimovun heç bir aidiyyatı yoxdur. Bərdəlilər şəhərdaxili yolların bərbad vəziyyətinin hesabını İlham Əzimovdan deyil, icra başçısı Vidadi İsayevdən və "Rels-İnşaat” MMC-nin direktoru Teyyub Qasımovdan sormalıdırlar. Həm də bu müəmmalı məsələlərə aydınlıq gətirmək yalnız Bərdəlilərin deyil, pezident İlham Əliyevin Azərbaycanı korrupsiya bəlasından xilas etmək üçün başlatdığı anti-korrupsiya mübarizəsini dəstəkləyən hər bir şəxsin borcudur. 

Redaksiyadan:

Bərdə Azərbaycanın ən qədim şəhərlərindən olsa da, digər bir qədim şəhərimiz, Beyləqan kimi özünün bərbad yolları ilə diqqəti cəlb edir. Bərdə şəhərinin Bakı, Aydın Əhmədov kimi mərkəzi küçələrində yağış yağanda iri gölməçələr əmələ gəlir. Ümumiyyətlə yağış yağanda Bərdə şəhərinin əksər küçələrində iri gölməçələr yaranır. Regionların inkişafı proqramı çərçivəsində Bərdə rayonuna ayrılan vəsaitdən də, rayonun abadlaşdırılması üçün ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmasına böyük şübhələr var. Ictiami fəal Yavər Nəsirovun qeydlərində yer alan "Rels-İnşaat” MMC-i ilə Bərdə rayon İcra Hakimiyyəti arasında müəmmalı maliyyə əməliyyatları olub. Belə məlum olur ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev yalnız Bərdə şəhərinin küçələrinin asfaltlaşdırılması məqsədilə büdcədən ayrılan 450 min manatı deyil, büdcədən başqa məqsədlərlə də ayrılan pulları həmin MMC-yə yönəldib.

Belə ki, işıq dirəklərinin satın alınması üçün büdcədən ayrılan təxminən 150 min manat, mənzil fondunun əsaslı təmiri işləri üçün ayrılmış 120 min manat, şəhərin abadlaşdırılması işləri üçün ayrılmış 430 min manat "Rels-İnşaat” MMC-nin bank hesabına axıb. Bərdə rayon icra hakimiyyətinin bir milyon 150 min manata yaxın büdcə vəsaitini hansı əsasla bu MMC-yə həvalə etməsi də düşündürücür. Formal olaraq  "Rels-İnşaat” MMC guya Bərdə şəhərinin küçələrin asfaltlaşdırılması, işıq dirəklərinin satın alınması, mənzil fondunun əsaslı təmiri işləri və şəhərin abadlaşdırılması işləri ilə bağlı tenderin qalibi olub. Çox maraqlıdır, görəsən "Rels-İnşaat” MMC-i işıq dirəkləri istehsal edirmi? Və yaxud da bu  MMC-i bu günə kimi hansı şəhərin abadlaşdırılması, şəhərdaxili yolların asfatlaşdırılması işlərini həyata keçirib. Bu işlər üçün onun müfaviq texnikası, mütəxəsisləri varmı? Axı, yolların asfaltlaşdırılması sıradan bir iş deyil. Bu işi həyata keçirmək üçün müfaviq texnikaya və mütəxəsisə  malik olmaq lazımdır. İndi, söz Bərdə rayon icra hakimiyyətinin və "Rels-İnşaat” MMC-nindir. Xüsusilə, "Rels-İnşaat” MMC-nin direktoru Teyyub Qasımov asfaltlaşdırma işlərini həyata keçirmək üçün müvafiq texnikaya və mütəxəssisə sahib olduğunu sübut etməlidir. Əks halda bu maliyyə əməliyyatının sadəcə "obnaliçka” əməliyyatı olduğu qənaəti yaranacaq və Bərdə şəhərinin daxili yollarının bərbad olmasının səbəbi məlum olacaq.

Yeri gəlmişkən onu da qeyd edək ki, Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin yaxın qohumudur və onun kadrı sayılır. Bu iki məmur arasında  münasibətlər, onların qohumluq dərəcələri, Vidadi İsayevin karyera yüksəlişində Elmar Vəliyevin hansı rol oynadığına növbəti saylarımızın birində aydınlıq gətirəcəyik.

Azad AYDIN,

"Yeni Sözçü" qəzeti




Oxşar Xəbərlər

Xəbər lenti