Əflatun Amaşov:"Qurultayda KİV-in iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik"

Əflatun Amaşov:"Qurultayda KİV-in iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik"

 

Bu gün Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi və KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan mətbuatının tarixindən danışıb, müasir medianın uğurlarını qeyd edib, problemlərinə toxunub. Ə. Amaşov bildirib ki, Azərbaycan mətbuatı müstəqil və peşəkar mətbuatdır: "Bu gün Azərbaycan mediası peşəkar olmaqla yanaşı, milli maraqlardan çıxış edir. Yarandığı gündən bu tərəfə bizim mətbuatımız məşəqqətli, mürəkkəb dövr keçib. Amma buna baxmayaraq, öz üzərinə düşən missiyanı – cəmiyyəti maarifləndirmək missiyasını uğurla yerinə yetirib. Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı öz işinə başlayacaq. Əminəm ki, qurultayda Azərbaycan mediasını narahat edən məsələlər də müzakirə olunacaq. Qurultayın uğuruna inanıram”.

Mətbuat Şurasının sədri müasir Azərbaycan jurnalistikasının problemlərinin müxtəlif istiqamətlərdə olduğunu diqqətə çatdırıb. O, qeyd edb ki, Azərbaycan Mətbuat Şurası problemlərin həlli, medianın inkişafı ilə bağlı çoxsaylı tövsiyələr irəli sürür, layihələr hazırlayır: "Medianın əsas gücü onun iqtisadi gücü ilə bağlıdır. Biz qurultayda Azərbaycan mediasının iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik. Reklam bazarının genişləndirilməsi, qəzetlərin satış yerinin düzgün təşkili diqqət mərkəzində olacaq. Eyni zamanda, biz bölgə mətbuatına da diqqəti artırmalıyıq. Regionların mətbuatında çox ciddi problemlər var. İctimai fikrin formalaşmasında əsas rolu onlayn jurnalistika oynayır. Reklam bazarını düzgün qura bilməməyimizdən, həmin media vasitələri reklamdan gəlir əldə edə bilmir. Nə qədər ki, onlayn media reklamla təmin olunmayıb, dövlət tərəfindən onlara da yardım olunmalıdır. Çünki biz yardım edə bilməsək, hazırkı şəraitdə onlayn media daha çox ayrı-ayrı qrupların nəzarətində ola bilər. Bu, iqtisadi qruplar da, digər yönlü qruplar da ola bilər. Eyni zamanda, media ayrı-ayrı şəxslərin, Azərbaycanda marağı olan kənar təşkilatların nəzarətində ola bilər. Biz bütün bu məsələləri qurultayda müzakirə edəcəyik”


 


Oxşar Xəbərlər

Xəbər lenti