“ABŞ-da dövlət katibi dəyişikliyi gözlənilən idi”

“ABŞ-da dövlət katibi dəyişikliyi gözlənilən idi”

 

Şahin Cəfərli: "ABŞ-ın İrana qarşı siyasətinin daha da sərtləşəcəyi aydın məsələdir”

"ABŞ mediasında Tramp və Tillerson arasında fikir ayrılıqları barədə müntəzəm yazılar dərc olunurdu. Hətta Tillerson bir toplantıdan sonra Tramp haqqında nalayiq ifadə (geri zəkalı) işlətmiş və bu, prezidentin qulağına getmişdi. Cavabında Tramp bildirmişdi ki, Tillersonla birlikdə İQ testindən keçməyə hazıram və əminəm ki, ondan daha zəkalı olduğum üzə çıxacaq”.

Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli deyib.

"ABŞ-ın İrana qarşı siyasətinin daha da sərtləşəcəyi aydın məsələdir”

Cəfərli qeyd edib ki, Tillerson ABŞ-ın İranla imzalanmış nüvə anlaşmasından çıxmasının əleyhinə idi: "Onun yerinə gələcək olan CİA direktoru Mayk Pompeo isə bu məsələdə sərt mövqe tutur. Ona görə də, ABŞ-ın İrana qarşı siyasətinin daha da sərtləşəcəyi aydın məsələdir”.

"Pompeonun Rusiyaya qarşı daha sərt siyasət yeridəcəyinə ümid edirik”

Ş. Cəfərli onu da vurğulayıb ki, Rusiya ilə bağlı siyasətdə də yumşalma gözləməyə dəyməz:"Pompeo hətta Trampın mövqeyinə zidd olsa da, Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini dəfələrlə açıq bildirib və kəşfiyyatın Obama dövründə bu barədə verdiyi ortaq raportu dəstəkləyib. Demokratların Senatdakı lideri Şumerin kadr dəyişikliyinə ilk reaksiyası belə olub ki, Pompeonun Rusiyaya və Putinə qarşı daha sərt siyasət yeridəcəyinə ümid edirik”.

"Maraqlı bir detal var ki, "soyuq müharibə" dövründə Putin kəşfiyyatçı kimi Almaniyanın şərqində, Pompeo isə hərbçi kimi Almaniyanın qərbində xidmət edib”,-deyə politoloq əlavə edib.

"Bu səfərin baş tutub-tutmayacağı qeyri-müəyyən qalıb”

DAVAKAR

Cəfərli nəzərə çatdırıb ki, Tillerson Türkiyə ilə müttəfiqlik əlaqələrinin qorunmasına tərəfdar idi: "Hətta Suriya (Menbiç) ilə bağlı iki tərəf arasında əldə olunmuş prinsipial razılığın Çavuşoğlunun martın 19-da Vaşinqtonda Tillersonla görüşündən sonra açıqlanacağı gözlənilirdi. İndi bu səfərin baş tutub-tutmayacağı qeyri-müəyyən qalıb. Pompeonun Türkiyəyə münasibətinə gəldikdə isə, onun vəzifəyə təyin olunmazdan bir müddət əvvəl "Türkiyə də İran kimi totalitar islamçı diktaturadır” deyə tvit yazdığı, bir qədər sonra bu tviti sildiyi məlumdur. Lakin CİA direktoru təyin olunduqdan sonra o, ilk səfərini Türkiyəyə etdi”.

"Tramp öz komandasını hələ indi qurmağa başlayıb”

"CİA direktoru vəzifəsinə təyin olunacağı gözlənilən Gina Haspel də maraqlı şəxsdir. Bu xanım haqqında müxtəlif iddialar var. Onun CİA-in bəzi ölkələrdəki gizli həbsxanalarına rəhbərlik etdiyi, hətta işgəncə üsulunu dəstəklədiyi bildirilir. (Yeri gəlmişkən, Pompeo da terrorda ittiham olunanların dindirilməsi zamanı işgəncələrin tətbiqinə tərəfdardır.) Haspelin oğlunun da CİA əməkdaşı olduğu və Ukraynada separatçılıq başladığı zaman ora göndərildiyi, Slavyansk şəhərində naməlum qrup tərəfindən girov götürüldüyü və CİA direktoru Con Brennanın şəxsən Ukraynaya gedib onu xilas etdiyi barədə də iddialar var, nə qədər doğrudur, deyə bilmərəm...

Bir sözlə, Tramp öz komandasını hələ indi qurmağa başlayıb”, - deyib politoloq.

CAVİD, Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}