Batmış əmanətləri araşdıran tanınmış vəkilə qarşı absurd iddia –Açıq məhkəmə sənədi necə “bank sirri” sayıla bilər?

 

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə tanınmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənovun barəsində absurd bir xüsusi qərardad çıxarılıb.

Təcrübəli hüquqşünas Əkrəm Həsənov ləğv edilmiş "Bank Standard”ın 82  əmanətçisinin nümayəndəsi olaraq Mərkəzi Bank və  Maliyyə Bazarlarına Nəzarət Palatasını məhkəməyə verib.

İddianın mahiyyəti də budur ki, 82 vətəndaşa bu 2 qurumun səhlənkarlığı üzündən böyük ziyan dəyib və həmin ziyan tutulub əmanətçilərə qaytarılmalıdır. İddia onunla əsaslandırılır ki, 10 il ərzində hər il "Bank Standard”da yoxlama aparılıb, müvafiq aktlar tərtib olunub və işlərin qaydasında getdiyi əksini tapıb. Bank ləğv olunanda isə məlum olub ki, əslində əmanətçilərin "Bank Standard” etibar etdiyi əmanətləri sağa-sola xərclənib, heç bir girov təminatı olmadan kredit şəkilində verilib. Odur ki, əmanətlər batıb. Bu gün 82 əmanətçinin bankın müflisləşməsində təqsirli olan şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsində 6 kollektiv iddiası var.  İddiada təqsirkarlardan vurulan zərərin əvəzi – 47 milyon 500 min  dollardan (81 milyon manat ) çox məbləğin ödənilməsi tələb olunur.

Mətbuatda bu qalmaqallı məhkəmə çəkişməsi haqda məlumat yayılıb. Mənbəyi bilinməyən məlumatlarda Əkrəm Həsənovun hərəkətlərində cinayət əlamətlərinin aşkar olunması ilə bağlı xüsusi qərardad qəbul edilməsi və məsələnin baxılması üçün prokurorluğa göndərildiyi bildirilir.

Əkrəm Həsənov "Yeni Müsavat”a deyib ki, 1 həftə əvvəl keçirilən prosesdə hakim Elçin Məmmədov belə bir qərardad qəbul edildiyini elan edib. Amma həmin qərardad hüquqşünasın özünə verilmədiyindən, o, bu barədə ictimiyyətə hər hansı bir açıqlama verməyib: "Dünən (30 may-red.) mətbuatda bu haqda xəbərlər yayıldı. Mən də hakim Elçin Məmmədovun köməkçisi ilə əlaqə saxladım, qərardadın bizə verilməsini istədim. Köməkçi dedi ki, qərardad hazır deyil. Mənə maraqlı olan da budur ki, hazır olmayan qərardad haqda məlumat birdən-birə mətbuata necə çıxıb?

Maliyyə Bazarlarına Nəzarət Palatası iddia edir ki, guya bankın ləğv olunması haqda sənədləri iddia ərizələrinə əlavə etməklə bank sirri olan məlumatları yaymışam. Guya bu əməldə Cinayət Məcəlləsinin 202.1-ci maddəsində kommersiya və ya bank sirri təşkil edən məlumatların yayılması; yəni kommersiya və ya bank sirri təşkil edən məlumatların yayılması həmin məlumatları yayma, onlardan qanunsuz olaraq istifadə etmə məqsədi ilə sənədləri ooğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədilməsi əməlinin tərkibi var. Biz bu 6 iddianı Bakı Apelyasiya Məhkəməsinin təsdiq etdiyi və Ali Məhkəmənin qüvvədə saxladığı "Bank Standard”ın ləğv planı əsasında vermişik. Həmin ləğv planını da mənə Bakı Apelyasiya Məhkəməsi təqdim edib və mən həmin ləğv planının surətini 6 kollektiv iddiaya əlavə etmişəm. İndi də palata deyir ki, həmin ləğv planında bank sirrini təşkil edən məlumatlar olub və iddiaçıları həmin sənədlə tanış etmişəm. Bunu bank sirri hesab edirlər. Əslində isə "Bank Standard”ın lisenziyası 2 il əvvəl geri çağırılıb. Yəni olmayan bir bankın hansı sirrini yaymaq olar? Bu qədər absurd iddia gözləmirdim.

Digər tərəfdən, "Bank Standard” bu gün fəaliyyətdə olsaydı belə, mən həmin sənədi məhkəməyə təqdim etməklə bank sirrini yaya bilməzdim. O səbəbdən ki, həmin sənədi mən qanunsuz yolla, gizli yolla, oğurlamaqla əldə etməmişəm. Absurd həm də odur ki, palata iddiasında yazır ki, həmin sənədi mənə məhkəmədən təqdim ediblər! Mən də deyirəm ki, həmin sənədi mənə Bakı Apelyasiya Məhkəməsindən təqdim ediblər. Hətta bank sirri olsaydı belə, təsdiqlənir ki, mən həmin sənədi qanuni yolla əldə etmişəm! Bunu bilə-bilə iddia qaldırmaq, iddiada da bunu yazıb məhkəməyə təqdim etmək absurddur.

Ali Məhkəmə "Bank Standard”da özbaşınalıqların olmasını təsdiqləyib. Yəni 10 ildən çox müddətdə təminatsız kreditlər veriblər, Mərkəzi Bankın qaydalarını, Azərbaycan qanunlarını pozmaqla necə gəldi, qanunları kobud şəkildə pozmaqla pulları ona-buna veriblər. Mərkəzi Bank 10 il ərzində ildə bir dəfə olmaqla  "Bank Standard”ı yoxlayıb. Üstəlik, Mərkəzi Bank "Bank Standard”da kreditlər də verib. Qanuna görə, ildə 1 dəfə olmaqla, audit şirkəti bankı yoxlamalıdır. "Bank Standard”ın son 2 ilində audit olmayıb. Audit şirkəti Mərkəzi Banka 3 dəfə məktub yazıb və bildirib ki, "Bank Standard” audit aparılmasına imkan vermir. Lakin Mərkəzi Bank heç bir tədbir görməyib. Hakim Elçin Məmmədov Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı iddia baxılmasını mümkünsüz sayıb. Bu absurd qərarı belə əsaslandırıb ki, guya biz əvvəlcə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməli, nəzərinə hansı qanunsuz işləri gördüyünü çatdırmalı və vurduğu ziyanı ödəməsini tələb etməli idik. Palata tələbimizi rədd edəndən sonra məhkəməyə müraciət edə bilərdik.  Hakimə belə bir qaydanın İnzibati Prosessual Məcəllədə olmadığını demişdim. Məhkəməyə müraciət etmək hüququmuzun olduğunu hakimin nəzərinə çatdırmışdım. Buna baxmayaraq, qərar verdi ki, işə baxıla bilməz”.

Tanınmış hüquqşünas deyir ki, İnzibati Prosessual Məcəllədə, ümumiyyətlə, xüsusi qərardad anlayışı yoxdur: "Barəmdə isə İnzibati Prosessual Məcəlləyə istinad olunan xüsusi qərardad çıxarılıb. Hakim Elçin Məmmədov barəmdə xüsusi qərardad çıxardığı prosesdə əvvəlcə elan etdi ki, iddiamıza baxıla bilməz. Ardınca barəmdə xüsusi qərardad çıxarıldığını elan etdi. Əslində isə hakim Elçin Məmmədov iddiaya baxıla bilməməsi haqda qərarını elan etdiyi an məhkəmə bitmiş hesab olunur. Bundan sonra hakimin barəmdə xüsusi qərardad çıxarması qanuni deyil”.

Əkrəm Həsənov Azərbaycan məhkəmələrində iddialarının  təmin edilməyəcəyi təqdirdə əmanətçilərin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti