“Rəbb” və “Tanrı” sözləri yeni orfoqrafiyada böyük hərflərlə yazılacaq” - İsa Həbibbəyli

“Rəbb” və “Tanrı” sözləri yeni orfoqrafiyada böyük hərflərlə yazılacaq” - İsa Həbibbəyli

 

"İlkin variantda cəmiyyətə 69 maddə ilə təqdim edilən Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları layihəsində yalnız 10 maddəyə dəyişikliyin edilməsi məsələsi müzakirə ediləcək, layihədə qalan 59 maddəyə isə heç bir dəyişiklik edilməyəcək və onlar hazırda olduğu kimi saxlanılacaq”.

Hurriyyet.org xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, AMEA Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinə cəmi 10 maddəyə dəyişikliyin edilməsi ilə bağlı layihə təqdim ediləcək: "Yeni təklif olunan orfoqrafiyaqaydaları layihəsindəki 69 maddənin 59-u iləbağlı cəmiyyətdəaparılan müzakirələr nəticəsində qərar qəbul edildiOnların bundan sonra əlavə müzakirə edilməsinə ehtiyac görmürük. "İsgəndər”, "əsgər”, "alqı-satqı” kimi sözlərin yazılış qaydası ilə bağlı məsələni də ictimai rəy özü həll etdi. Buna görə də bu məsələyə yenidən baxılmayacaq”.

İ.Həbibbəyli deyib ki, layihədə qalan 10 maddə daha dərin müzakirələrin aparılmasını tələb edir: "Əslində, onlar barədə də razılaşma var. Amma yenə də elmi müzakirələr aparılaraq qərar qəbul edilməlidir. Düşünürəm ki, sentyabrın əvvəlində Orfoqrafiya Komissiyasının üzvləri məzuniyyətdən qayıdan kimi komissiya qayda layihəsini son dəfə müzakirə edərək Nazirlər Kabinetinə təqdim edəcək”.

İ.Həbibbəyli qeyd edib ki, layihədə saxlanılan və baxılacaq məsələlərdən biri qoşa "y” samiti ilə yazılan sözlərdə bir "y” samitinin ixtisar edilməsidir: "İndiyə qədər qoşa "y” samiti ilə yazılan sözlərdə "y”lərdən birinin ixtisar edilməsi ilə bağlı təklifə mətbuatda etiraz edən olmayıb. Sadəcə olaraq, deyilirdi ki, bu, qəbul edilərsə, çoxlu sənədlər dəyişəcək və buna da çoxlu maliyyə vəsaiti tələb olunacaq. Ancaq mən adında iki "y” samiti olan nazirliklərə rəsmi olaraq, müraciət etmişəm. Məlum olub ki, bunun üçün çox cüzi maliyyə vəsaiti lazımdır. Çünki bu günə qədər olan sənədlərin heç biri, eyni zamanda bu günə qədər olan ədəbiyyat da dəyişməyəcək. Bu dəyişikliklər yalnız bundan sonra yaranacaq ədəbiyyata, sənədlərə aiddir. Bu dəyişikliklər üçün cüzi maliyyə vəsaitinin tələb edilməsi barədə rəsmi arayış da almışam. "İki "y” samitindən birinin ixtisarı ilə əlaqədar çoxlu maliyyə vəsati lazımdır” arqumenti artıq ortadan qalxıb”.

İ.Həbibbəyli əlavə edib ki, layihədə saxlanılan və baxılacaq digər məsələ tərkibində qoşa "s” samiti olan sözlərin yazılışı ilə bağlıdır. Sözün əvvəlində, ortasında və sonunda iki "s” olan belə belə sözlərlə bağlı komissiya tərəfindən qərar veriləcək: "Komissiya baxacaq ki, dissertasiya, ssenari, ekspress kimi sözlərdə iki "s” qalsın, ya qalmasın. Sözün ortasında iki eyni samit olub, sonu "a” ilə bitən sözlərdəki həmin samitlərdən birinin yazılıb-yazılmaması ilə bağlı da mübahisəli fikirlər var. Bu da hələ müzakirə ediləcək ki, iki samit qalsın, ya qalmasın. Çünki bəzi sözlərdə, məsələn, qrammatika sözünü bir "m” ilə tələffüz edirik. Amma "simmetriya” sözünü "simetriya” deyə bilmirik. Ona görə də bu məsələ mübahisəlidir. Bu tipli sözlərə yenidən baxılacaq”.

İ.Həbibbəyli deyib edib ki, "Rəbb” və "Tanrı” sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də müzakirədən çıxarılıb: ”Orfoqrafiya Komissiyası ümumiyyətlə bu tipli məsələlərin müzakirəyə çıxarılmasını məqsədəuyğun saymır. Ona görə biz də o məsələni müzakirədən çıxarmışıq. Dünyada vahid qayda var, bu sözlər də o qayda ilə yazılmalıdır. Başqa ölkələrdə də bu cür müqəddəs anlayışlar geniş müzakirə edilmir”.

İ.Həbibbəyli qeyd edib ki, layihədə qalan məsələlər eksperiment deyil, islahat xarakterlidir: "Bu dəyişikliklər artıq dilin özünün yaşadığı, gəlib çatdığı nöqtədir. Orfoqrafiya Komissiyası da obyektiv olacaq və ortaq məxrəcə gələcək. Azərbaycanın elmi tarixində hələ indiyədək orfoqrafiya qaydalarının indiki müzakirəsinə bərabər olan, uzun sürən, belə mübahisəyə səbəb olan müzakirə aparılmayıb. Bu müzakirə cəmiyyətin bütün təbəqələrini əhatə etdi. Onların bir çoxuna işçi qrupda baxıldı və rəylərin statistikası çıxarıldı. Məsələn, hər hansı məsələyə dair 200 adamın 190-ı eyni fikrdə oldusa, onu müzakirəyə çıxarmağa dəyməz”.



Oxşar Xəbərlər

Xəbər lenti