“Rabitə işi”:MTN generalları ifadə veriblər

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, "AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, "Bakı Rabitə Təmir Tikinti” və "Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general Sübahir Qurbanov ifadə verib.

Əli qandalda məhkəmə zalına gətirilən general RYTN-ın sabiq aparat rəhbəri V.Zeynalovdan aylıq 50 min manat pul alması barədə deyilənlərin yalan olduğunu deyib: "Vidadi Zeynalov istintaqda bu barədə bildirib və mən də eşitmişəm. Amma mən ondan pul almamışam".

Dövlət ittihamçısı Fərid Nağıyev S.Qurbanova xatırladaqraq bildirib ki, onun sürücüsü də məhkəmədə hər ay nazirlikdən pul aldığını təsdiqləyib.

General isə sürücüsünün V.Zeynalovdan pul almasından da xəbərsiz olduğunu söyləyib: "Sürücümün məndən xəbərsiz kimdənsə pul almasına gəldikdə, bu, ola bilər. Dəqiq deyə bilmərəm. Amma hərdən Vidadi Zeynalova tədbirlərə hədiyyələrin alınması üçün müraciət etmişəm".

V.Zeynalov isə çıxışında S.Qurbanovu 1983-cü ildən tanıdığını, ona şəxsən pul vermədiyini və həmin pulların ona çatacağını bilmədiyini vurğulayıb: "Sürücü gəlib, pulu nazirliyə göndərmişəm. Amma sürücünün kim olduğunu istintaqda üzləşmə zamanı tanımışam və Sübahir Qurbanovun sürücüsü olduğunu bilmişəm".
Daha sonra şahid qismində hazırda həbsdə olan digər MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev dindirilib.
Həmin şahid də V.Zeynalovdan aylıq 50 min manat alması barədə deyilənlərin doğru olmadığını söyləyib. O, V.Zeynalovla qonşu olduğunu və 10 ildən artıqdır bir-birlərini tanıdıqlarını bildirib.

V.Zeynalov rəhbərliyin dediyinə əməl etdiyini deyib: "Mən nə Sübahir Qurbanova, nə də Teymur Quliyevə pul vermişəm. Nazirliyə göndərmişəm".

Proses yanvarın 27-də davam etdiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti