Heydər Babayevin adının hallandığı cinayət işi ilə bağlı daha bir QƏRAR


Ali Məhkəmədə vəzifəli şəxslərin adından istifadə edərək dələduzluq etməkdə təqsirli bilinən 1950-ci il təvəllüdlü Eldar Məhərrəmovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Eldar Məhərrəmovun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: “Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olmuş Vəliyev Rişad Höccət oğluna qarşı Eldar Məhərrəmov dələduzluq edilib. Vəliyev Rişad Höccət oğlu "Bank Standard"ın Kreditorlar Komitəsinin üzvü olub. O, komitəyə Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü ilə daxil edilib.

 

İstintaq orqanı tərəfindən Eldar Məhərrəmovun barəsində Cinayət Məcəlləsinin 29, 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətməyə cəhd) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verən Eldar Məhərrəmov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

 

O deyib ki, 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünas fakultəsini bitirdikdən sonra 1989-cu ilin sentyabrınadək Gəncə şəhərində baş müstəntiq vəzifəsində, 1989-cu ilin sentyabrından 24 yanvar 1990-cı ilədək Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqi, 24 yanvar 1990-cı ildən Naxçıvan MR, Nəqliyyatda Baş Polis İdarəsinin baş müstəntiqi, 1991-ci ilin sonlarından 1993-cü ilin iyul ayınadək Naxçıvan MR DİN-də baş müstəntiq vəzifəsində, 1993-cü ilin iyul ayından 2000-ci ilin dekabr ayınadək qeyri-rəsmi olaraq Azərbaycan Respublikası Milli Məcilisdə Qanunvericilik şöbəsində müşavir vəzifəsində işləyib: “2007-ci ildə Daxili İşlər Nazirliyindən polis polkovniki rütbəsində təqaüdə çıxdım. Bundan sonra Azərbaycanda bir sıra Ali məktəblərdə hüquq üzrə mühazirələr oxudum”.

 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Rişadın sözlərinə görə, 1990-cı illərdən müxtəlif biznes - xarici ölkələrə neft ixracı, habelə neft məhsullarının, neft avadanlıqlarının, həmçinin məişət texnikalarının alqı-satqısı, inşaat işləri ilə məşğul olub: “Hazırda MMC şirkətin təsisçisiyəm. Həmin şirkət investisiya və neft avadanlığının xarici ölkələrdən alınaraq gətirilməsinin təşkili ilə məşğuldur. Biznes fəaliyyəti ilə məşğul olduğu dövrlərdə əldə etdiyim qazancları şəxsi pul vəsaitini müxtəlif bank hesablarında saxlamışam və pul faizlərindən də qazanc əldə etmişəm. 2001-ci ildən isə şəxsi pullarımı “Standartbank” Kommersiya Bankında saxlamaq qərarına gəldim. Həmin dövrdə bankın sahibi Azərbaycan Respublikası prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət komitəsinin sabiq sədri Heydər Babayevlə 1980-ci illərdə Ukrayna Respublikası Şevçenko adına Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq İqtisadi əlaqələr şöbəsində bir yerdə təhsil aldığım vaxtdan tanış olmuşam. Ali Məktəbi başa vurduqdan sonra da Heydər Babayevlə münasibətlərim davam edib. Heydər Babayevlə şəxsi tanışlığımız olduğuna görə, ona güvəndiyimdən 2001-ci ildə bankın filialında öz adıma bir neçə şəxsi depozit bank hesabı açdırdım. Həmin vaxtdan başlayaraq özümə məxsus pul vəsaitlərinin bir hissəsini müxtəlif valyutalarda - manat, Avro və ABŞ dolları pullarını hissə-hissə olmaqla orada yığmağa başladım”.

 

Zərərçəkmiş söyləyib ki, 2011-ci ildən başlayaraq Heydər Babayev ilə söhbətlərdə sonuncu bankın yuxarı dairələrə məxsus olduğunu, etibarlı və böyük perspektivli bank olduğunu deyib: “Mən də özünə inam yaratdı və bütün pul vəsaitlərimi həmin bankda toplamağımı təklif etdi. Mən də Heydər Babayevin Azərbaycan Respublikasında yüksək vəzifələr tutduğundan, onun sözlərinə inandım. Həmin bankda təxminən 10.000.000 ABŞ dollarınadək pul vəsaiti yerləşdirdim. Bundan sonrakı müddətdə özümə məxsus şəxsi pul vəsaitlərini digər banklardan bu bankın hesablarına yerləşdirməyə başladım”

Rişadın sözlərinə görə, 2014-cü ilin təxminən sentyabr ayında Heydər Babayevlə Bakı şəhəri Nəsimi rayonu ərazisində “Sapfir” otelində yerləşən ofisində bankının idarə heyətinin sədri, bildiyinə görə Heydər Babayevin xalası oğlu Oruc adlı şəxsin iştirakı ilə görüşəndə söhbət əsnasında Heydər Babayev, bankının 49 %-nin özünə, 51 %-nin başqa bir yüksək vəzifəli şəxsin ailəsinə məxsus olduğunu deyib: “Heydər Babayev bankının özünə məxsus 49 %-ni və “Standart Qrupu” isə tam olaraq 70.000.000 ABŞ dollarına mənə satmağı təklif etdi. Mən isə həmin məbləğə gücüm çatmadığını dedim. Heydər Babayev, bütün pul vəsaitlərini banka toplamağımı, gələcəkdə satılan şirkətlərin satış məbləğini aşağı salıb, razılaşacağımızı bildirdi”.

 

Rişad qeyd edib ki, həmin vaxtadək bankda onun təxminən artıq 20.000.000 -30.000.000 ABŞ dolları pulu olub: “Bundan sonra özümə məxsus pul vəsaitlərini daha çox miqdarda bankda yerləşdirməyə başladım. Bundan əlavə, yuxarıdakı söhbətlərdən bankının 2014-2015-ci illərdə müşahidə şurasının sədri Kamal adlı şəxsin də məlumatı olub. 2014-cü ilin sonlarından başlayaraq bankda saxladığım pul vəsaitlərimi ABŞ dolarına konvertasiya etdim. Sonuncu dəfə 2015-ci ilin təxminən noyabr ayında həmin bankda depozit hesabına pul yerləşdirdim. 2015-ci ilin dekabr ayınadək faizlərlə birlikdə bank hesabında illik 11-12 % qazanc ödənilməklə təxminən 41.000.000 ABŞ dolları pul toplandı”.

 

Rişad deyib ki, 2015-ci ilin dekabr ayında o, şəxsi ehtiyacı ilə əlaqədar pul lazım olduğundan hesabından pulları çıxarmaq məqsədilə bankının Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən filialına müraciət edib: “Bankın idarə heyətinin sədr müavini Orxan Xubanov bankın işində çətinliklər olduğundan hesabımda olan pul vasitindən verilməyəcəyini bildirildi. Həmin ərəfədə Heydər Babayevlə dəfələrlə telefonla əlaqə saxladım. Heydər Babayev narahat olmamağımı, bankının saxlanılacağına söz verildiyini, bankının Azərbaycan Respublikasının maliyyə sistemində böyük çəkisi olduğundan dövlət tərəfindən ciddi dəstək veriləcəyini, mənim pul vəsaitimin batmayacağını dedi. Belə olduqda Heydər Babayevə illik faizi aşağı salınmaqla hesabımda olan pul vəsatinin sığortalanmasını təklif etdim. Heydər Babayev etiraz etmədi. Həmin dövrdə bankın idarə heyətinin sədri Abbas adlı şəxsə müvafiq müqavilənin hazırlanması üçün tapşırıq verəcəyini bildirdi”.

 

Məhkəmənin hökmü ilə Eldar Məhərrəmov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı, 26 mart 2021-ci ildən hesablanıb. \\Pravda.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}