8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ölkə məhkəmələrinin durumu hər kəsə bəllidir. "Örtülü bazar dostluğu pozduğuna" görə bu prinsipdən imtina edilib artıq. "Açıq bazar" prinsipi qüvvədədir. Heç bunu gizlətməyə də çalışmırlar. Məsələn Apellyasiya Məhkəməsinin hakimi Rəşad Həsənov özünün verdiyi qərardan kassasiya şikayətinin verilməsinə qadağa qoyub. Necə deyərlər, "yesən də, budur, yeməsən də"...
Özünə qarşı edilmiş dələduzluqdan (etibardan sui-istifadə etmə) zərərçəkən Nuru Kazımov redaksiyamıza müraciət edərək hüquqlarının məhkəmə tərəfindən görməzdən gəlinməsindən və hakimin qərəzli və tərəfkeşlik xüsusiyyəti daşıyan qərarından şikayət edib. O bildirib ki, Apellyasiya Məhkəməsinin hakimi Rəşad Həsənov işin mahiyyətinə baxmadan qərar qəbul edib və həmin qərarda bildirilib ki, məhkəmənin qəbul etdiyi həmin qərardan kassasiya şikayəti də verilə bilməz:
“Dostluq münasibətində olduğum Rusiyadakı tanışımın yeznəsi Samir Budaqova Onun xahişi ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi 1-ci mədən ərazi, 1 saylı sahədə bir neçə il öncə ev tikdim. Yaxın münasibətimiz olduğundan Samirdən tikinti xərcləri barədə vəsait tələb etmədim və evin tikintisində bütün xərcləri özüm qarşıladım. Daha sonra aidiyyəti üzrə müvafiq əmlak ekspertləri evə baxış keçirdi və evə qoyulan xərcin 90.000 manat civarında olduğunu bildirdi. Evin tikilib təhvil verilməsinə baxmayaraq, üzərində uzun bir müddət keçsə də, Samir Budaqov ekspertlərin təyin etdiyi həmin məbləği ödəməkdən imtina etdi. Səbail rayon Məhkəməsi mənim lehimə qərar çıxardı və Samir Budaqova məxsus həmin tikiliyə həbs qərarı qoyuldu. Həmin məhkəmədə bu şəxs israrla 90.000 manat pulu mənə ödədiyini desə də, bununla bağlı heç bir tarix qeyd etmədi, hətta hansı ildə ödədiyini belə söyləmədi. Səbail Məhkəməsinin bu qərarından Apellyasiya şikayəti verən Samir Budaqov həmin məhkəmədə öz xeyrinə qərar qəbul etdirə bildi.
Elə bütün ziddiyyətlər də bu qərardan sonra başladı. Belə ki, işə baxan Apellyasiya Məhkəməsinin hakimi Rəşad Həsənov şəxsin əmlak hüququnun pozulması maddəsi ilə Səbail Məhkəməsinin ev üzərinə qoyduğu həbsi işin ümumi mahiyyətinə baxmadan ləğv etdi və qəbul olunmuş məhkəmə protokolunun sonuncu cümləsində bildirdi ki, Apellyasiya Məhkəməsinin bu qərarından şikayət verilə bilməz. Bu qərar evin üzərinə qoyulan həbslə bağlı olan qərar idi, Samir Budaqovun 90.000 manat borcu ilə bağlı məsələ isə qeyri-müəyyən vaxta təxirə salınıb. İndi həmin adam sabah həbsi üzərindən götürülmüş o evi satsa və getsə, o pul necə ödəniləcək? Hakim işin mahiyyətini, yəni külli məbləğdə olan həmin borc problemini nə üçün ikinci dərəcəli görür və yaxud heç görmür? Nə üçün önəmli olan bu məsələ birinci yox, ikinci məhkəmə prosesinə ertələnir? Özü də qeyri-müəyyən bir vaxta. Bu, birbaşa vətəndaş hüquqlarının pozulması, dələduzluğa bəraət qazandırılması, yaxud görməzlikdən gəlinməsidir. Rəşad Həsənov adlı bu hakim “kassasiya şikayəti verilə bilməz” deməklə, özünümüdafiəyə keçir. Əgər kassasiya şikayəti verilə bilməzsə, o zaman Ali
Məhkəmə, Konstitusiya Məhkəməsi, hətta Avropa Məhkəməsi nədən ötrüdür? Əgər hər hansısa bir məhkəmə hakimi müəyyən maraqları naminə ədalətsiz qərar qəbul edirsə və bu qərarından kassasiya şikayətinin verilməsini qadağan edirsə, belə anlaşılır ki, O, öz maraqlarını qorumaq niyyətindədir, yaxud da daha yuxarı instansiyalar sadəcə, görüntü naminə yaradılıb. Mən bu qərəzli hakimin ədalətsiz və tərəfkeşliklə verdiyi həmin qərarla qətiyyən razılaşmayacağam və Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Korrupsiya ilə Mübarizə İdarəsinə və hətta Prezident Administrasiyasına öz şikayətimi bildirəcəyəm. Ədalətə güvənirəm və əminəm ki, mənə qarşı dələduzluq edən Samir Budaqov və Onun lehinə qanunsuz qərar qəbul edən hakim Rəşad Həsənov barəsində ciddi tədbirlər görüləcək
Onu da qeyd edək ki, Nuru Kazımov Ona qarşı dələduzluq edən Samir Budaqovun vəkili Rafiq Hümbətov tərəfindən fiziki xəsarətə məruz qaldığını da bildirib. Vəkilin ona fiziki xəsarət yetirməsi barədə həkim rəyi ilə polis və prokurorluq orqanlarına müraciət edən Nuru Kazımova müstəntiq tərəfindən “o, vəkildir, ona heç nə edə bilmərik” cavabı verilib.
Bizimyol.info