8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
12 dəfə istintaq dayandırılsa və hər dəfə yenidən işə baxılması haqda qərar verilsə də “top” eyni müstəntiqə atıldı…
Yüksək vəzifəli şəxslər tərəfindən himayə olunan şəxs, ağır cinayət törətməsinə baxmayaraq, nə üçün həbs olunmayıb?
Qəzetimizin ötən sayında Astara rayonu, Ərçivan kənd sakini Əliyev Muxtar Əli oğlu tərəfindən “Hürriyyət”ə daxil olan şikayət məktubunu dərc etmişdik. “11 əvvəl baş verən cinayətin izi ilə...” sərlövhəli yazıda şikayətçi bildirirdi ki, 11 il əvvəl Bakı şəhərində yaxından tanıdığı şəxs tərəfindən bıçaqlanaraq ağır bədən xəsarəti alsa da, “vəzifəli şəxslər tərəfindən himayə olunan cinayətkar” indiyədək azadlıqdan məhrum edilməyib.M.Əliyevin sözlərinə görə, 21 noyabr 2011-ci ildə, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi, 4 saylı yaşayış binasının zirzəmisində yerləşən meyvə-tərəvəz satılan mağazada ona hücum edilib. Belə ki, yaxından tanıdığı şəxs həmin vaxt mağazada satıcı işləyən Əliyev Muxtar Əli oğlunun başından butulka və döş qəfəsindən isə bıçaqla vuraraq, ona ağır bədən xəsarəti yetirib.
“Məni öldürməyə cəhd edən şəxs Bəhramov Kamran Bəxtiyar oğludur. O, yüksək vəzifəli şəxslər tərəfindən himayə olunduğuna görə, bu günə qədər cinayət məsuliyyətinə cəlb edilməyib”, - deyə şikayətçi bildirir.
Dediyinə görə, hadisədən sonra Bəhramov Kamran Bəxtiyar oğlunu öz əli ilə istintaqa təhvil verib və müstəntiqin iştirakı ilə üzləşdirmə olub. Həmin vaxt müstəntiq ona Kamran Bəhramovun həbs olunacağını bildirsə də, dediyi baş verməyib. Sonradan məlum olub ki, üzləşmə faktı rəsmiləşdirilməyib və istintaq cinayəti ört-basdır edib. Ən maraqlısı isə odur ki, istintaq, guya, “cinayət törədən şəxs və ya şəxslər müəyyən olunmadığını” bildirib və bu səbəbdən də belə qərara gəlinib ki, “işin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunana qədər dayandırılsın”.
Qeyd edək ki, Muxtar Əliyev həmin vaxtdan etibarən bütün müvafiq qurumlara müraciət etsə də, şikayətinin heç bir nəticəsi olmayıb. Onun sözlərindən belə aydın olur ki, bu işin arxasında ölkədə ciddi nüfuz sahibi olan şəxslərdən birinin yaxın adamı dayandığından, ona ağır xəsarət yetirən şəxsin həbsinə heç biri qurum qərar vermək istəmir.
Yazının sonunda dəyərli oxucuların diqqətinə onu da çatdırmışdıq ki, üstündən 11 il keçməsinə rəğmən, Əliyev Muxtar Əli oğluna ağır bədən xəsarəti yetirən, onu döş qəfəsindən bıçaqlayan Bəhramov Kamran Bəxtiyar oğlunun həbs olunmamasının arxasında yüksək nüfuzlu şəxs və onun yaxınları dayanır. Növbəti dəfə qəzetimizə müraciət edən M.Əliyev “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edir. Həmin məktubu olduğu kimi dərc edirik:
“Möhtərəm Prezident!
Hörmətli Birinci vitse-prezident!
11 ilə yaxındır ki, mənə başımdan butulka ilə vuran, bıçaqla ürək nahiyyəmin 2 santimetrliyindən vuraraq mənə ağır bədən xəsarəti yetirən, əslində isə öldürməyə cəhd edən Bəhramov Kamran Bəxtiyar oğlu və onu bu işə təhrik edən şəxslər mənə məlum olmayan vəzifəli şəxslər tərəfindən hansısa yüksək maraq üzündən yüksək səviyyədə himayədarlıq edildiyinə görə, bu günə kimi cinayət məsuliyyətinə cəlb edilmir, cinayəti törədən şəxs azadlıqda gəzərək mənə göz dağı verməkdədir. Mən sabiq Baş prokuror Zakir Qaralov da daxil olmaqla, bütün səlahiyyətli şəxslərin qəbulunda olaraq rəsmi şikayətimi onlara təqdim etmişəm. Mənim şikayətimi xüsusi nəzarətə götürdüklərini şəxsən mənə bildirmələrinə baxmayaraq, indiyədək yalnız tabeçiliklərində olan vəzifəli şəxslər tərəfindən mənə saysız-hesabsız «cinayəti törətmiş şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb ediləcəyi» barədə təsəlliverici məktublar göndərməkdədirlər. Halbuki, mən 2011-ci ildə istintaqın ilk günlərində işin istintaqını aparan Nəsimi RPİ-nin müstəntiqi Fərid Şirinova mənə bıçaqla ağır xəsarət yetirən şəxsin Bəhramov Kamran Bəxtiyar oğlu olmasını bildirərək, onu şəxsən özüm tutdurub istintaqa təhvil vermişəm. Hətta müstəntiq onunla mənim aramda üzləşmə istintaq hərəkəti aparıb və bu zaman məni bıçaqla vuran şəxsin Bəhramov Kamran olmasını onun üzünə bildirmişəm. Sonradan mənə məlumolmuşdur ki, müstəntiq ya həmin üzləşmə istintaq hərəkətini rəsmiləşdirməmiş, ya da onu gizlətmişdir. Halbuki, həmin vaxt müstəntiq mənə bildirdi ki, üzləşmədən sonra Kamran Bəhramovu həbs edəcək. Lakin F.Şirinov ya ona verilən göstərişə, ya da hansısa şəxsi marağına görə cinayətkar şəxsin şahid kimi ifadəsini alaraq onu azadlığa buraxmışdır.
Bundan sonra mənim etdiyim şikayətlər əsasında iş üzrə 7 ilə yaxın istintaq aparılaraq düz 12 dəfə istintaqın dayandırılması barədə qərar qəbul edilmiş, lakin həmin dayandırma qərarları mənim təkidli şikayətlərim əsasında dəfələrlə prokurorluq orqanları və ya məhkəmə tərəfindən ləğv edilsə də işin istintaqı yenidən əvvəlki müstəntiq Fərid Şirinova həvalə edilmiş, o da hər dəfə iş üzrə heç bir istintaq hərəkəti aparmadan icraatın dayandırılması barədə qərar qəbul edib. Hətta cinayət işi mənim şikayətlərim əsasında Nəsimi RPİ-dən alınaraq Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Vüsal Məhərrəmovun icraatına verilsə də, o da Nəsimi RPİ-nin müstəntiqi Fərid Şirinov kimi, iş üzrə heç bir obyektiv istintaq hərəkəti aparmadan cinayət işinin dayandırılması barədə bir neçə dəfə qərar qəbul etmiş, lakin sonradan hansısa səbəbdənsə cinayət işi yenidən Nəsimi RPİ-nə qaytarılaraq yenə də müstəntiq Fərid Şirinovun icraatına verilmişdir. Elə bil ki, Bakı şəhər BPİ-də Vüsal Məhrrəmovdan və Nəsimi RPİ-də Fərid Şirinovdan başqa müstəntiq yoxdur. Mən dəfələrlə onların apardığı istintaqdan narazılığımı bildirsəm də, nə sirrdirsə mənim bıçaqla vurularaq ağır xəsarət almağım barədə olan həmin cinayət işi üzrə istintaqın aparılması bu iki müstəntiqdən başqa digər müstəntiqə verilmir. Bu da məndə belə bir inam yaradır ki, bu iki müstəntiqə göstəriş verilmişdir ki, mənə qarşı cinayəti törədən Kamran Bəhramovu nəyin bahasına olursa-olsun cinayət məsuliyyətinə cəlb
etməsinlər.
Müstəntiq Fərid Şirinovun «cinayət işinin icraatının dayandırılması barədə» qəbul etdiyi 06 may 2017-ci il tarixli axırıncı qərarı mənim şikayətim əsasında Nəsimi rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova tərəfindən 18 yanvar 2018-ci il tarixdə ləğv edilərək, cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün Nəsimi RPİ-nin İŞ-nə göndərilmiş və bu dəfə də iş yenidən Fərid Şirinovun icraatına verilmişdir. Müstəntiq F.Şirinov 07 fevral 2018-ci il tarixdə cinayət işini öz icraatına qəbul etmiş və cəmi iki gün sonra - 09 fevral 2018-ci il tarixdə cinayət işinin icraatının dayandırılması barədə əsassız və qanunsuz qərar qəbul etmişdir.
İstintaq materiallarından görünür ki, “şəxsiyyəti istintaqa məlum olmayan şəxs 21 noyabr 2011-ci il tarixdə, saat 00:30 radələrində, Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon H.B. Əliyev küçəsi 4 saylı yaşayış binasının zirzəmisində yerləşən meyvə-tərəvəz satılan mağazada, həmin mağazada satıcı işləyən Əliyev Muxtar Əli oğlunu butulka və bıçaqla vuraraq döş qəfəsinin ön səthinin sağ yarısında döş və qarın boşluğuna nüfüz edən, diafraqmanın və qara ciyərin zədələnməsi, II dərəcəli hemorrafık şokla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş əzilmiş yarası və sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası xəsarəti yetirməklə onun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur”.
Daha sonra əlavə olunur: “İstintaq zamanı Əliyev Muxtar Əli oğlu zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, sonuncunun aldığı xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, müvafiq rəy alınaraq cinayət işinin materiallarına əlavə edilmiş və cinayəti törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat aparatına tapşırıqlar verilmişdir.
Bundan əlavə 110070576 saylı cinayət işi üzrə aparılmış istintaq zamanı hadisə yerinə baxış keçirilmiş, Ağayev İlham Məhəmməd oğlu, Cəfərov Racib Nurəddin oğlu, Quliyev Bəxtiyar Hüseynqulu oğlu, Quliyev Hüseynqulu Bəxtiyar oğlu, Bəhramov Kamran Bəxtiyar oğlu, Bəhramov Bəxtiyar Orucəli oğlu, Bəhramova Elnarə Cəlil qızı, Bəhramov İmran Bəxtiyar oğlu, Əkbərov Səməd Əhməd oğlu və Quliyev Eldar Hüseynqulu oğlu şahid qismində dindirilmişlər.
Eləcə də, iş üzrə məhkəmə-bioloji və məhkəmə-kriminalistik ekspertizaları təyin edilmiş, müvafiq rəylər alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.
İstintaq zamanı 20 noyabr 2011-ci il saat 2300-dan - 21 noyabr 2011-ci il saat 0200-dək Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi 4 saylı ünvanda baş vermiş bıçaqlanma hadisəsi ilə əlaqədar olaraq «Azercell- Telekom» MMC, "Azerfon" MMC-dən ötürücü antenalarının cədvəli götürülmüş və Bəhramov Kamran Bəxtiyar oğlunun istifadəsində olan 055 531-78-17 mobil telefon nömrəsinə gələn və çıxan zənglərin siyahısı "Bakcell" MMC-dən alınaraq cinayət işinə əlavə edilmişdir.
İstintaq zamanı Əliyev Muxtar Əli oğluna ağır bədən xəsarəti yetirən şəxsin şəxsiyyətini müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərinin təşkil olunaraq keçirilməsinə dair əməliyyat tapşırıqların verilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamışdır.
Göründüyü kimi, cinayət işinin ibtidai istintaqı zamanı cinayəti törətmiş şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.
Odur ki, cinayət işinin ibtidai istintaq müddətini nəzərə alaraq, cinayət işinin icraatı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmalıdır».
Cənab Prezident!
Mən inanmıram ki, Azərbaycan Respublikasının istintaq tarixində bu qədər uzun müddətə, yəni yeddi ilə qədər davam edən istintaq işi olsun. Görünür, aidiyyəti orqanlar ya kimlərinsə qorxusundan, ya da mənə məlum olmayan maraq üzündən bu qədər açıq cinayət işini süründürərək uzadırlar ki, mənə qarşı bu cinayəti törədən Bəhramov Kamran Bəxtiyar oğlunun cinayət məsuliyyətinə cəlbetmə müddəti bitsin və bununla da işin icraatına xitam versinlər.
Ona görə də Sizdən mənim pozulmuş hüquqlarımın bərpa edilməsinə, mənə qarşı ağır cinayət törətmiş Bəhramov Kamran Bəxtiyar oğlunun cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasına göstəriş vermənizi xahiş edirəm”.
Hazırladı: RƏŞAD
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.