8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda akademik Aqil Əlirza oğlu Əliyevin əmlakları ətrafında məhkəmə çəkişmələri gedir. Bu işdə akademikin nəvəsi Riyad Əliyevin mövqeyi olduqca ilgincdir. Riyad Əliyev atası İlqar Əliyevin şəriklərindən biri olmuş İlham Məmmədovla eyni mövqedən çıxış edərək əməlaklar tələb edir.
Növbəti yazıda İlham Məmmədovun akademikin ailəsi ilə tanışlığı, sonradan bu əmlaklara necə şərik çıxdığı, bir müddət əvvəl Dövlət Təhülükəsizlik Xidməti tərəfindən həbs edilməsinin səbəbləri barədə məlumat veriləcək.
Hurriyyet.az xəbər verir ki, İlham Məmmədovun sensasion səs yazıları da Musavat.com-un redaksiyasına daxil olub.
Vaxtilə akademik Aqil Əliyev tərəfindən yaradılan “Azinteroil” şirkətinə də sahiblənmək istəyən İlham Məmmədov bu məqsədləri üçün Riyad Əliyevdən istifadə edir. Maraqlıdır ki, bir zamanlar Aqil Əliyevin yanında özünə sığınacaq tapan İlham Məmmədov indi Əliyevlərə məxsus əmlakları ələ keçirmək istəyir. Bildirir ki, bütün bu işləri öz investisiyası hesabına qurub.
İlham Məmmədovun sensasion səs yazılarında ölkə rəhbərliyinin adını çəkərək ayrı-ayrı şəxslərə hədə-qorxu gəldiyi də məlum olur. Həmin səs yazılarında “mənim hər kvadratmetrimə dövlət qarant verir” deyərək İlqar Əliyevin ətrafında olan insanları qorxutmağa çalışır. Hətta daha da irəli gedərək ölkə başçısının da adını çəkir və bu məsələlərdən onun da xəbəri olduğunu söyləyir.
Bundan başqa, İlham Məmmədov daha əvvəl İlqar Əliyevin xanımı Solmaz Əliyevanın adına keçirilən əmlaka qarşı da iddia qaldırıb. Həmin əmlakla bağlı maliyyə arayışı Solmaz Əliyevaya təqdim edilsə də, İlham Məmmədov bununla razılaşmır. Öz imzası ilə həmin əmlaka borcun olmadığını təsdiq edən İlham Məmmədov uzun illər keçəndən sonra başqa fikirə düşüb. Deyir ki, maliyyə arayışı verilsə də, pul kassaya ödənməyib…
İndi isə məhkəmə çəkişmələri haqda...
Riyad Əliyev babası Aqil Əliyevdən atası İlqar Əliyevə miras qalmış əmlakların başqa şəxslər tərəfindən ələ keçirildiyini iddia edir. Bu iddiaları isə özünü şərik kimi təqdim edən İlham Məmmədovun diqtəsi ilə həyata keçirir.
Məhkəmələrə üz tutan Riyad Əliyev bildirir ki, atası İlqar Əliyevin ətrafında olan bəzi şəxslər həmin əmlaklar vasitəsilə varlanıblar və həmin əmlakları tam olaraq ələ keçirmək istəyirlər.
Riyad Əliyev atası İlqar Əliyevin xanımı Solmaz Əliyevanın əmlakına həbs qoyulmasına da nail olub. Bu qərarı Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərli çıxarıb. Riyad Əliyev, hətta cavabdeh kimi göstərdiyi Solmaz Əliyevanın və digərlərinin ölkədən çıxışının qadağan edilməsini istəyib. Məhkəmə bu hissəsədə iddianı təmin etməyib.
Solmaz Əliyeva vəkilləri vasitəsilə bu qərardaddan şikayət verib. Şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Elnur Həsənovun sədrliyi ilə baxılıb.
Bu məhkəmə prosesində hakim jurnalistlərin iştirakına icazə verməyib. Hakim köməkçisi vasitəsilə jurnalistlərə belə bir mesaj çatdırıb: “Məhkəmə prosesi audio-video çəkilişlə aparıldığı üçün jurnalistlərin iştirakına gərək yoxdur”.
Əminliklə deyə bilərik ki, bu günə qədər müxtəlif əsassız səbəblərlə məhkəmə zallarının qapısını jurnalistlərin üzünə bağlayan hakimlər olub. Amma indiyədək belə bir absurd bəhanə gətirən hakim olmayıb. Verilən izahdan belə çıxır ki, hakim lentə alınan audio-video yazını mətbuata təqdim edəcəyi üçün jurnalistlərin iştirakına, onların əziyyət çəkməsinə razılıq verməyib. Ya da ki, qısa bir müddətdə ağlına başqa bəhanə gəlməyib.
Aydın məsələdir ki, uzun illərdir məhkəmə proseslərində qeyri-rəsmi qadağa ilə jurnalistlərin videoçəkiliş aparmasına qadağa qoyulub. Amma jurnalistlərin məhkəmə proseslərində iştirakına qadağa qoymaq hakimlərin fərdi qaydada qəbul etdiyi özbaşına və qanunsuz qərardır.
Bu arada onu da qeyd edək ki, hakim Elnur Həsənov bağlı qapılar arxasında keçirilən məhəkəmə iclasında Yasamal Rayon Məhkəməsinin qərarını dəyişməyib.
Xatırladaq ki, bundan başqa, Yasamal Rayon Məhkəməsinə müraciət edən Riyad Əliyev ona və atasının keçmiş şəriki olmuş İlham Məmmədova İlqar Əliyev tərəfindən verilmiş etibarnamələrin ləğv edilməsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edib. Həmçinin İlqar Əliyevin digər şəxslərə verdiyi etibarnamələr və onlar üzrə aparılmış bütün hərəkətlərin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini istəyib.
Məhkəmə prosesi hakim Günel Əkbərlinin sədrliyi ilə baş tutur. Yuxarıda qeyd etdiyimiz iddia ilə bağlı qərar çıxaran Günel Əkbərli məhkəmə prosesinin jurnalistlərin iştirakı olmadan keçirilməsi barədə qərar qəbul edilməsini istəyib. Bu məhkəmə işi davam edir.
Qeyd edək ki, prezidentin əmisi oğlu İlqar Əliyevin İlham Məmmədov və Şahbaz Şahbazov adlı iki şəriki olub. Mətbuatda Şahbaz Şahbazovun müraciətləri yer alır ki, İlham Məmmədov ona qarşı qanunsuz hərəkətlər edərək paylarını əlindən alıb. Şahbaz Şahbazov özünə qarşı qanunsuz ittihamların irəli sürüldüyünü deyərək məcburiyyət qarşısında ölkəni tərk etdiyini söyləyir.
İlham Məmmədov isə Şahbaz Şahbazovu ittiham edərək onun İlqar Əliyevin etibarından istifadə edərək əmlakları ələ keçirdiyini bildirir. Son olaraq isə “Nigar Klinikası”nda baş verən qalmaqalla bu məsələ gündəmə gəlmişdi.
İndi isə ortada olan iddialardan məlum olur ki, İlham Məmmədov həm Şahbaz Şahbazova, həm də İlqar Əliyevə qarşıdır. Riyad Əliyev isə İlham Məmmədovla eyni tərəfdən çıxış edərək İlqar Əliyevin xanımı Solmaz Əliyeva və digərlərinə qarşı iddialar qaldırıb.
Qeyd edək ki, Şahbaz Şahbazov barəsində cinayət işi açılıb. İlham Məmmədov isə ötən ilin sonlarında bilə-bilə yalan məlumat vermə, xəbərçilik ittihamı ilə həbs edilmişdi. Daha sonra azadlığa buraxılıb.