Evdən Nərminə məxsus qan tapıldığını Zakir Qaralov yazıb...” - MƏHKƏMƏ


Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

 

Hurriyyet.az Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə cinayət işindəki sənədlər elan edilib.

 

İş materiallarında olan ekspert rəyində yazılıb ki, müstəntiqin təqdim etdiyi paltarlardan - uşaq cins şalvarından, ayaqqabısından təqsirləndirilən İlkin Süleymanovun gödəkçəsinin lifləri tapılıb.

 

Həmçinin İlkin Süleymanovun yun parçadan olan isti alt paltarından Nərminə aid jaketin lifi aşkarlanıb.

 

Vəkillər ekspertiza rəylərinə etiraz edib və onun saxtalaşdırıldığını bildiriblər.

 

Vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə gətirilməsini istəyib. Vəkil bildirib ki, məsələn, meyitin üstündəki qırmızı köynək başqadır, ekspertizaya təqdim olunan başqa: “Şəkillərdən də fərq görünür. Biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”.

 

Cinayət işinin materiallarına əsasən, İlkin Süleymanovgilin evindən içində neft məhsulu saxlanılan plastik qab götürülüb. İddia olunub ki, meyit həmin qabdakı neft vasitəsilə yandırılıb: “İş materiallarında ərazidə neftin yayılma radiusu var. Baxın, görün ki, o qabdakı miqdarla o radiusda yayıla bilərdimi?”

 

İlkin Süleymanov həbs olunandan iki həftə sonra – onun barəsində həbs qətimkan tədbirilə bağlı apellyasiya şikayətinə baxılarkən hakimlərə üzərindəki xəsarətləri göstərib. O deyib ki, işgəncəyə görə bu işi üzərinə götürməli olub.

 

Bu məsələ məhkəmənin qərarında da əksini tapıb. Bundan sonra prokurorluqda bu işi aparan müstəntiq Nadir Mirzəyev İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova sorğu göndərib. Təcridxanada saxlanılan şəxslər ilk dəfə ora gətiriləndə həkim müayinəsindən keçirilir, üzərində xəsarət olub-olmadığı qeyd olunur. Müstəntiq də təcridxana rəisindən həmin sənədi istəyib ki, İlkin Süleymanov ora daxil olanda üzərində xəsarət olub, yoxsa yox...

 

Rəis Elnur İsmayılov isə ona cavab yazıb ki, İlkin Süleymanov təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini ona göndərsinlər. Həmin rəyi görəndən sonra o da cavab yazacaq.

 

İlkin Sülıeymanovun digər vəkili Zabil Qəhrəmanov bu məsələyə belə münasibət bildirib: “İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu nə deməkdir? Bunun özü İlkinin işgəncəyə məruz qalmasının sübutudur”.

Daha bir sənədə görə, Nərminin meyitdən iki diş, qan nümunəsi götürülüb ki, genetik ekspertiza keçirilsin. Zabil Qəhrəmanov deyib ki, o nümunələrin aqibəti naməlum qalıb: “Bilinmir ki, meyitdən götürülənləri kiminlə müqayisə edib, genetik ekspertiza keçirəcəkdilər. Bu məsələ cinayət işində açıq qalıb”.

 

Bundan başqa, hələ heç ekspertizanın rəyi məlum olmamış o vaxtkı Baş Prokuror Zakir Qaralov Ombudsmana və başqa aidiyyəti orqanlara məktubunda yazıb ki, Süleymanovların evindən Nərminə məxsus qan tapılıb.

 

Bununla bağlı məsələyə vəkil belə münasibət bildirib: “Birincisi, hələ ekspertizanın nəticəsi məlum deyildi, Qaralov niyə öncəgörəınlik edirdi? İkincisi, ekspertiza rəy verdi ki, daşın üstündən tapılan qan ləkəsi Nərminə aid deyil. Yalnız darvazanın yanında divardakı xırda ləkənin Nərminin qan qrupu ilə eynilik təşkil etdiyi yazılıb. Yəni ikinci qrupdur. Halbuki o evdəki nəvələr və gəlinlərdən 6 nəfərin qan qrupu ikinci qrupdur”.

 

Süleymanovların evindən götürülən 5 saç tükü ilə bağlı da rəy var. Onların Nərminə aid olmadığı aydınlaşıb.

 

Növbəti proses sentyabrın 21-də davam edəcək.

 

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.

 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

 

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

 

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}