Səlim Müslümov ifşa olundu: “Otkat” əməliyyatlarının xəritəsi...


Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahidlər dindirilib. 

Dindirilən ilk şahid Ülviyyə Məmmədova ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini deyib.  O, 2012-2019-cu illərdə Nazirliyin iqtisadiyyat şöbəsində baş mühasib işlədiyini deyib. Bildirib ki, işə götürüldüyü gündən şöbənin müdiri Şəlalə Cəfərovanın tapşırıqlarını yerinə yetirib: 

“İlk gündən dedi ki, mənim tapşırıqlarımı yerinə yetirəcəksən. Şirkətlər Nazirliyin müəssisələriylə müqavilələr bağlayırdı, bu işlərə nəzarət edirdim. Müəssisələrdən yığılan pulları Şəlalə Cəfərovaya çatdırırdım. Pulları ona iş otağında verirdim”.

Növbəti şahid Nəzakət Kərimova bildirib ki, o  Əlillərin Bərpa Mərkəzinin keçmiş baş mühasibi olaraq fəaliyyət göstərir. Onun sözlərinə görə, o 2007-2019-cu illərdə baş mühasib işləyib. N. Kərimova Bərpa Mərkəzinə avadanlıqların alınması zamanı “otkat” əməliyyatlarından danışıb. Bildirib ki, şirkətlərə ödənilən pulların 30-40 faizi geri alınır və toplanaraq mərkəzin müdriyyətinə verilirmiş. 

Növbəti şahid Könül Xudiyeva deyib ki, o, bir öncəki şahid Nəzakət Kərimovanın qızıdır. Əlillərin Bərpa Mərkəzinin avadanlıqların alınması üçün müqavilə bağladığı “Röya 2014”, “Buğday 2014”, “İnci” MMC-lərin onun adına təsis olunduğunu deyən şahid bildirib ki, onun heç bir prosesdən xəbəri olmayıb: 

“Gözəllik Mərkəzində işləyirəm. Şirkətləri yaşayışımızı düzəltmək üçün yaratmışdım. Öz istəyimlə yaratmışdım, anam dedi ki, yaratmaq lazımdır”

Sonra şahid kimi Ənvər Məhərrəmov dindirilib. Məlum olub ki, Əlillərin Bərpa Mərkəzi üçün avadanlıqların alınmasına görə saxta şirkətlərdən bir neçəsi onun adına təsis edilib. Həmin şirkətlərin hesabına köçürülmüş pul vəsaitlərinin 30-40 faizi “otkat” şəklində Əlillərin Bərpa Mərkəzinə qayıdıb və toplanaraq baş mühasib tərəfindən müdriyyətə çatdırılıb. Bütün bunlardan xəbəri olmayan şirkətlərin təsisçisi Ənvər Məhərrəmov bildirib ki, onu bu məsələlərə bir dostu qoşub. Sonralar nə baş verməsindən, onun adından həyata keçirilmiş əməliyyatlardan xəbəri olmayıb.

Məhkəmənin növbəti iclası sentyabrın 26-na təyin olunub. 

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021-ci ilin  fevral ayında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılmışdı. S.Müslümov Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvətalma), 313 (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

Yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti