8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qaynını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.
Sozcu.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Abdulla Abıyev dindirilib.
Təqsirləndirilən şəxsin atası olduğunu deyəm A.Abıyev qətl hadisəsi barədə məlumatının olmadığını bildirib. O, söyləyib ki, sadəcə mərhumun telefonunun tapılmasından xəbəri olub: "Oğlum bizimlə yaşamırdı. Eşitdim ki, Seymur dəniz kənarından mərhum Amin Bayramovun telefonunu tapıb. Oğlumun onu öldürməsi barədə məlumatı sonradan öyrəndim. Cinayətin üstü açılandan sonra bildim".
Daha sonra qətlə yetirilən Amin Bayramovun atası da şahid qismində dindirilib. O, qeyd edib ki, hadisədən sonra təqsirləndirilən şəxs oğlunun telefonunu dəniz kənarından tapdığını söyləyib. Şahid mərhum oğlunun təqsirləndirilən şəxslə arasında borc məsələsi olmasından xəbərsiz olduğunu söyləyib. Bildirək ki, S.Abıyev özünü elan edilən ittihamla təqsirli bilir. Onun qətlə yetirdiyi şəxs həm qaynı, həm də xalası oğludur.
Hakim bildirib ki, təqsirləndirilən S.Abıyev A.Bayramovu qətlə yetirəndən sonra onun telefonunu dəniz kənarından tapdığını deyib. Təqsirləndirilən şəxs yalan danışmasını belə izah edib: "İlk ağlıma gələn bu oldu. Əvvəl hadisəni gizlətmək istədim, sonra gedib könüllü təslim oldum".
Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.
Hadisənin təfərrüatını danışan S.Abıyev iddia edir ki, mərhum Amin Bayramovun ona borcu olub. S.Abıyev iddia edir ki, A.Bayramov borc qarşılığında öz arvadını ona təklif edib. Buna görə də onu öldürüb.
Amma cinayət işi mareriallarında yazılır ki, S.Abıyev mərhumun arvadı ilə telefonla danışıb. Lakin o, bu faktı təkzib edir.
Qeyd edək ki, rəsmi məlumata görə, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini - bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.
Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.
A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib.
S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinir./musavat.com/