8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tovuzda itkin düşən 13 yaşlı qız Xaçmazda tapılıb.
Məlum olub ki, məktəbli qızı qaçırmaqda şübhəli bilinən Xudat şəhər sakini Səfər Kavazovun 40-dan çox yaşı var və ailəlidir. Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.
Yeniyetməni qaçırmaqda şübhəli bilinən şəxs barəsində cinayət işi başlanılıb.
Bəs onu hansı cəza gözləyir?
Məsələ ilə bağlı Yenisabah.az-a Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev danışıb. Hüquqşünas bildirib ki, azyaşlı ilə həmin şəxs arasında intim münasibət olmayıbsa, onu məsuliyyətə cəlb etmək mümkün olmayacaq:
“Hələ ki, bilinmir onlar ər-arvad kimi yaşayıblar, ya yox. Cəza bundan asılı olacaq. Əgər qız qaçıbsa və onların arasında intim münasibət olmayıbsa, həmin şəxsi məsuliyyətə cəlb etmək mümkün olmayacaq. Əgər kişi gəlib o qızı aparsaydı, bunu adam oğurluğu kimi qiymətləndirib onu məsuliyyətə cəlb etmək olardı, amma belə olmayıb, qız özü qaçıb. Hər halda, bunu istintaq qiymətləndirəcək və mən indidən istintaqı qabaqlamaq istəmirəm”.
Onun sözlərinə görə, istintaq bu məsələdə insan oğurluğunun olub-olmadığını da müəyyənləşdirməli və məsələyə hüquqi qiymət verilməlidir:
“Ola bilsin ki, kişi gəlib onu evindən aparmasa da, qıza telefonla yazıb, onu dilə tutmaqla, şirnikləndirməklə, müxtəlif vasitələrlə evdən qaçmağa cəlb edib. Ola bilər ki, bütün bunlar aşkarlansın və istintaq bunu adam oğurluğu kimi qiymətləndirsin. Çünki 13 yaşındakı qız ona edilən təkliflərin mənasını, məzmununu başa düşə bilmir, o, məhdud fəaliyyət və hüquq qabiliyyətlidir. Hazırda öz hərəkətlərinin mənasını görüb, onun nəticəsini qiymətləndirə bilmir. Həmin şəxs azyaşlının bu köməksiz vəziyyətindən istifadə edərək qızın yanına gəlməsinə nail olubsa, bu insan oğurluğu kimi qiymətləndirilə bilər. Bu, bir az şübhəli məqamdır, amma ola bilər. İstintaq bunu dəqiq müəyyənləşdirəcək.
Ancaq yenə deyirəm, əgər aralarında seksual münasibət olmayıbsa, o kişini məsuliyyətə cəlb etmək olmayacaq. Əgər olubsa, azyaşlı ilə cinsi əlaqəyə girməyə, ona qarşı seksual hərəkətlər etməyə görə həmin şəxs məsuliyyətə cəlb olunacaq.
Cinsi münasibət olmayıbsa, geriyə bu məsələdə insan oğurluğunun olub-olmamasının müəyyənləşdirilməsi qalır”.