XUDAT SAKİNİ POLİSƏ ŞİKAYƏT ETDİ, BAŞINA GƏLMƏYƏN QALMADI – Bakıdan göndərilən müstəntiq onu ölümlə, dəlixanaya saldırmaqla təhdid edir


Aslan Kavazov: "Hazırda qorxu içində yaşayıram, özümü öldürmək istəyirəm"

2022-ci il aprelin 15-də “Hürriyyət”in redaksiyasına müraciət edən Xaçmaz rayonu, Xudat şəhəri, Rəşid Behbudov küçəsi, ev 19-da qeydiyyatda olan Aslan Dursun oğlu Kavazov Xudat Şəhər Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən hüquqlarının tapdandığını, zərərçəkmiş olduğu halda ona qarşı cinayət işinin açıldığını bildirmişdi.

O qeyd etmişdi ki, Xudat sakinləri Fərid və Amil adlı şəxslər tərəfindən hücuma məruz qalıb, bıçaqla hədələnib: "Xudat sakini Fərid adlı şəxs içkili halda avtomobil idarə edir, hətta qanından analiz alsalar, məlum olar ki, narkotik maddələr qəbul edir. Beləliklə, bir neçə gün əvvəl övladlarımı bərbərxanaya aparmışdım. Həmin vaxt Fəridlə Amil maşınla gəldi. Onlar dayım oğlunu çağırdılar, dayımoğlu isə övladlarımın saçını qırxırdı. Fərid dayım oğlunu çağırdı və maşına mindirib aparan yerdə mən "Onu hara aparırsan?", deyə etiraz etdim. Dedim ki, uşaqlarımın başını qırxırdı, iş yarımçıq qalıb. Bundan sonra Fərid dayım oğluna bir neçə dəfə yumruq zərbəsi endirdi. Həmin vaxt maşında ekologiya işçisi, inspektor olan Amil də vardı. Qeyd edim ki, hər ikisi içkili, nəşəli halda idi. Etiraz etdiyimə görə, Fərid də məni vurdu və üstümə bıçaq çəkdi, qovmağa başladı. Bu zaman qardaşım qabağa keçdi və bıçağı almağa çalışdı. Lakin Amil bıçağı alıb tez gizlətdi".

Fərid adlı şəxsin qardaşını da vurduğunu iddia edən Aslan Kavazovun sözlərinə görə, o, bununla bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat versə də, hadisə yerinə gələn polislər Fəridlə Amili aparmayıblar: "Amilin dəniz kənarında obyekti var və o, polislərə yemək-içmək verir, onlara hörmət edir. Buna görə də polislər ona və Fəridə dəymədilər. Mənsə kasıb, xəstə adamam, ikinci qrup əliləm. Beləcə, polislər qardaşımı, dayım oğlunu polis şöbəsinə apardılar, onlardan izahat alındı. Dedilər ki

xəstəxanadan polis şöbəsinə Fərid və Amilin içkili halda olub-olmadığını müəyyən edən sənəd gəlməlidir. Lakin belə bir sənəd də gəlmədi və onların içkili olması qeyd olunmadı. Bundan sonra polislər günahı bizim üstümüzə atmağa başladılar. Mən şikayətçi olsam da, müstəntiq 15 gündən artıqdır ki, izahatımı almır. İşi də Xudatdan Xaşmaza verdilər. Xaçmazda Mətləb adlı müstəntiq isə Fərid və Amilə yox, mənə cinayət işi açır. Deyir ki, guya mən, qardaşım və dayım oğlu onlara hücum etmişik. Həm də bildirib ki, 1500 manat verin, işi bağlayaq. Axı, bu necə olan işdir?! Zərərçəkən mən, vurulan mən, üzərinə bıçaq çəkilən yenə mən, amma polis mənə cinayət işi açır, 1500 manat istəyir. Onu da qeyd edim ki, bu hadisədən sonra dayım oğlunun bərbərxanasını yandırıblar. Sizin vasitənizlə cənab prezidentdən və daxili işlər nazirindən artıq dərəcədə xahiş edirəm ki, üzləşdiyim problemin həllində yardımçı olsunlar".

DİN: “Yayılan məlumatlar həqiqətdən uzaqdır"

Hurriyyet.az saytından dərc olunan məlum yazıdan dərhal sonra Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov redaksiyamıza göndərdiyi yazılı açıqlamada deyilənləri təkzib etdi.

"Xaçmaz Rayon Polis Şöbəsi ilə bağlı yayılan məlumatlar həqiqətdən uzaqdır, böhtan və şantaj xarakterlidir", - deyən DİN rəsmisinin sözlərinə görə, Aslan Kavazov qardaşı, eləcə də qohumları ilə birlikdə Fərid Hüseynovu döyərək ona xəsarətlər yetiriblər və hadisə yertindən fotoşəkillər çəkərək şantaj xarakterli istifadə ediblər: “Bununla bağlı foto və audio  faktlar var. Hazırda həmin şikayət üzrə Xaçmaz RPŞ-nin istintaq bölməsində hazırda araşdırma aparılır”.

Zərərçəkən ölümlə təhdid olunur

Maraqlıdır ki, Xaçmaz RPŞ-nin istintaq bölməsində aparılan “araşdırma” ikinci qrup əlil olan Xudat sakininin həyatını alt-üst edib. Belə ki, yenidən “Hürriyyət”ə müraciət edən Aslan Kavazovun iddiasına görə, onun şikayətinin araşdırılması ilə bağlı DİN-dən Xudata Abdulla adlı (soyadını dəqiqləşdirə bilmədik – red.) təhqiqatçı göndərilib. Onun sözlərindən belə anlaşılır ki, müstəntiq açıq şəkildə qarşı tərəfin mövqeyini müdafiə edir: “Abdulla müəllim məni sahə rəisi Zaur müəllimlər birlikdə zorla maşına mindirib, dayımgilə apardılar. Mən dedim ki, bizim evə gedək, mən oxuya, yaza bilmirəm, yoldaşım kömək edər. Lakin razı olmadılar. Getdik dayımgilə, o da evdə yox idi. Dedim, onda gözləyin bacımı çağırım, dedilər ki, lazım deyil. Beləliklə, mən oxuya, yaza bilməsəm də, təzyiq altında özlərinin yazdığı izahata imza atdırdılar. Həmin vaxt dayım evə gəldi və izahatla tanış olmaq istədi. Lakin onlar dayımı izahatda yazılanlarla tanış etmədən, dərhal evdən çıxıb getdilər.

İndi Abdulla müəllim məni və qardaşımı Bakıya çağırır. Deyir gəlməsən, səni polislərin vasitəsilə məcburi qaydada gətizdirəcəm. Daha sonra məni təhdid edir ki, Bakıya gəl, iynə vurub səni öldürəcəm, dəlixanaya saldıracam. Hazırda qorxu içində yaşayıram, özümü öldürmək istəyirəm. Xahiş edirəm, mənim işimi Abdulla müəllimdən alıb, Prokurorluğa təqdim etsinlər. Əks halda intihar etməkdən başqa yolum qalmayacaq”.

Hurriyyet.az

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti