8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qaçaqmalçılıq yolu ilə gizli şəkildə ölkəyə külli miqdarda psixotrop maddə olan MDMA həbləri (ekstazi) gətirməkdə təqsirləndirilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.
Musavat.com xəbər verir ki, saxlanılan 3 nəfərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutub. Məhkəmədə təqsirləndirilənlərdən Şəmistan Mustafayevin istintaqa ifadəsi elan edilib. Onun məhkəmədəki ifadəsində ziddiyyətlər olub.
O, həmin ifadəsində Ələkbər Məmmədovla tanış olduğunu, birlikdə avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olduqlarını bildirib. Bu məqsədlə bir dəfə Türkiyəyə gedərkən orada ekstazi istifadə ediblər. Daha sonra isə onlar ekstazini Bakıya gətirməyi və satmağı planlaşdırıblar.
Şəmistan Mustafayev istintaqdakı ifadəsində göstərib ki, Ələkbər Məmmədovla müxtəlif şəxslərə ekstazi satıblar. O, ekstazini 15 manata Ələkbərdən alaraq 20 manata ayrı-ayrı şəxslərə satdığını etiraf edib. Ş.Mustafayev söyləyib ki, ekstazini satarkən adətən müştəri ilə üzbəüz görüşməyib. Belə ki, ekstazini əvvəlcədən planlaşdırdığı yerə qoyub və müştəriyə məlumat verib. Müştəri də pulu ödəmə terminalları vasitəsi ilə ödəmə etdikdən sonra ekstazini qoyulan yerdən götürürmüş.
Ş.Mustafayev həmin ifadəsində narkotik vasitə istifadəçisi olduğunu da etiraf edib. Amma Ş.Mustafayev məhkəmədə həmin ifadəsini təsdiqləmədiyini, təzyiqlə ifadə verdiyini söyləyib.
Hakim elan edib ki, cinayət işi materiallarında Şəmistan Mustafayevdən ekstazi alan xeyli sayda şəxsin ifadəsi var. Onlar ekstazi istifadəçisi olduqlarını və malı Şəmistandan aldıqlarını deyiblər. Amma Şəmistan Mustafayev bununla razılaşmayıb və deyib ki, heç kimə ekstazi satmayıb. Hakim isə bildirib ki, digər istifadəçilərin də dindirilməsi üçün ayrıca cinayət işi açılıb.
Prosesin davamında digər təqsirləndirilən Cəlal Qasımovun istintaqa ifadəsi elan edilib. O, Ələkbər adlı şəxsi tanıdığını və satmaq üçün bir neçə dəfə ondan ekstazi aldığını deyib.
Cəlal Qasımov da bu ifadənin yalan olduğunu söyləyib. Qeyd edib ki, müstəntiqə istifadə məqsədi ilə ekstazi aldığını deyib. Məlum olub ki, Cəlal ifadəsində Ələkbərlə telefonda danışarkən ekstazi həbinə "eki" deyirmişlər.
Cəlal da ifadəsində göstərib ki, ekstazini yaşayış binalarının bloklarımda girişlərə yerləşdirirmişlər. Pulu ödəmə terminalı vasitəsi ilə ələ keçirəndən sonra müştəriyə ünvanı deyirmişlər.
İttihamda yazılır ki, adı çəkilən şəxslər dəfələrlə eyni yolla ölkəyə psixotrop maddələr gətiriblər. Bu məqsədlə ilk dəfə Türkiyəyə gedərək orada müxtəlif şəxslərlə görüşüblər. Qeyd edilən həblərin Türkiyədən alınmasında, Azərbaycana göndərilməsində əsas iştirakçılar arasında bir neçə nəfər Türkiyə vətəndaşı da var.
Dövlət Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, psixotrop maddələri qaçaq yolla ölkəyə gətirib qanunsuz olaraq gənclərin toplaşdıqları müxtəlif məkanlarda müntəzəm yayılmasını təşkil etməkdə şübhəli bilinən Məmmədov Ələkbər Zakir oğlu, Mustafayev Şəmistan Əli oğlu və Qasımov Cəlal Sübhan oğlu 2017-ci il martın 15-də saxlanılıblar.
Məlumata görə, araşdırma zamanı külli miqdarda psixotrop maddə olan MDMA həbləri, habelə külli miqdarda güclü təsiredici "Preqabalin” maddələri aşkar edilərək götürülüb.
Qeyd edək ki, Ə.Məmmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama, satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), Ş.Mustafayev 29, 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd, külli miqdarda törədildikdə) və C.Qasımov 29, 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlamaya və satmaya cəhd) maddələri ilə ittiham olunur.
İ.Muradov,