“Odlar Yurdu”ndan oğurlanan pul müəllimlərin maaşı imiş

Bakıda "Odlar Yurdu” universitetindən oğurlanan 500 min manat pulun kimin otağından aparıldığı məlum olub.

Virtualaz.org saytı Nərimanov rayon Polis İdarəsinin məlumatına əsasən xəbər verir ki, içərisində 500 min manat olan seyf universitetin prorektoru Munir Vəliyevin otağından oğurlanıb.

Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Vəliyev "Odlar Yurdu” Universitetinin rektoru, deputat Əhməd Vəliyevin oğludur.

Ə.Vəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. Onun sözlərinə görə, oğurlanan pullar universitetin kollektivinin maaşının verilməsi üçün bankdan götürülən vəsait olub.

*   *   *11:13

Virtualaz.org saytına Nərimanov rayon Polis İdarəsindən verilən məlumata əsasən, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl "Odlar Yurdu” Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb.

Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Xatırladaq ki, hadisə yanvarın 9-da qeydə alınmışdı. "Odlar Yurdu” Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanmışdı.



Oxşar Xəbərlər

Xəbər lenti