Rusiya bazarının ən məşhur turizm agentlikləri şəbəkələrindən birinin nümayəndələri ölkənin turizm imkanları ilə tanış olmaq və onların Rusiya bazarında gələcək təşviqi məqsədilə Azərbaycanda səfərdədir. Səfər Rusiyanın məşhur tur operatoru "Summer Tour Russia” tərəfindən Azərbaycan Dövlət Turizm Agentliyi, Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları” (AZAL), həmçinin, ölkəmizin aparıcı tur operatorları "Silk Way Travel” və "Pasha Travel”ın dəstəyi ilə təşkil olunub. Proqramın birinci mərhələsi çərçivəsində "Сеть Магазинов Горящих Путевок” aparıcı turizm şirkətinin baş direktoru Serqey Aqafonovun başçılıq etdiyi, şirkətin 40-dan çox əməkdaşından ibarət nümayəndə heyəti Bakıdadır. Qonaqlar Azərbaycanın turistik və logistik imkanlarının təqdim olunduğu konfransda iştirak edib, həmçinin, ölkənin tarixi və memarlıq yerləri ilə tanış olaraq Azərbaycanın turizm potensialını yerində görmək və qiymətləndirmək imkanı əldə ediblər. Qeyd edək ki, "Сеть Магазинов Горящих Путевок” Rusiyanın iri turizm agentlikləri şəbəkəsidir və ölkənin müxtəlif bölgələrində 400-dən çox ofisə malikdir. "Сеть Магазинов Горящих Путевок” şirkəti Rusiyanın turizm bazarında Azərbaycanı aktiv şəkildə təbliğ etməkdə maraqlı olduğunu bildirib. Ümumi proqram çərçivəsində mart və aprel aylarında bütün Rusiyanın aparıcı turizm agentliklərinin daha bir neçə qrupunun ölkəmizə səfəri planlaşdırır.